"Bu, müharibədir" - Polkovnikdən doğru iddia

Şair Ramaldanov: "Cəbhə bölgəsində bütün hərbi hissələr döyüşə hazırdır"



"Müdafiə naziri başda olmaqla rəhbər heyət il ərzində cəbhə bölgəsinə tez-tez yollanır”.

Bu barədə "Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. 

O qeyd edib ki, bu səfərlərdə nazirin məqsədi yoxlanışlar aparmaq, yeni döyüş texnikasının imkanları ilə yaxından tanış olmaqdır:

"Bir sıra yerində həll olunmalı məsələlər müdafiə nazirinin cəbhə bölgəsinə gedişi zamanı həll olunur. Bundan başqa, nazir xüsusi günlərdə, bayramqabağı çalışır ki, hərbi hissələri ziyarət edib, əsgər və zabitlərlə görüşlərində təbriklərini çatdırsın. Yeni il qabağı nazir Zakir Həsənov planında olan tədbirləri həyata keçirmək və hərbi hissələrdə şəxsi heyətlə görüşlər təşkil etməyə səy göstərir. Səfər çərçivəsində nazirlik və digər qurumlar tərəfindən hərbçilərə mükafatlar təqdim edilir.

Müdafiə nazirinin hər dəfə cəbhə xəttinə getməsi müharibə hazırlığı ilə əlaqədar deyil. Öncə buna ehtiyac yoxdur. Çünki indiki texniki imkanlar o qədər inkişaf edib ki, nazir iqamətgahından hadisələri vizual şəkildə izləyə bilir. Cəbhə bölgəsində bütün hərbi hissələr döyüşə hazırdır. Düşmənin istənilən təxribatının qarşısını alınacaqdır”.

Müharibə ehtimalına gəlincə isə Ş.Ramaldanov deyib ki, müharibə onsuz da aparılır və hazırda o şəraitdə yaşayırıq:

"Sadəcə müharibənin atəşkəs rejimi mövcuddur. Lakin buna riayət olunmur. Ortada işğalçı var, əsgərlərimiz silahla döyüş vəziyyətində dayanıb, hər an düşmənin təxribatının qarşısını almağa, onun atəşini susdurmağa çalışır. Bu, müharibədir. Sadəcə tərəfimizdən torpaqların azad edilməsi üçün aktiv hücum əməliyyatı həyata keçirilmir”.

Qeyd edək ki, Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar. Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Aysel Aslan