“Bu qanun mütərəqqi və əhəmiyyətlidir”

Ən azından, gənclərin elmə gəlməsini stimullaşdıracaq bir sıra məqamlar orda əks olunub




Nəhayət ki, uzun-uzadı fasilədən sonra parlamentarilər "Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarmağa müvəffəq olublar. Milli Məclisin ötən iclasında ilk dəfə müzakirəyə çıxarılan qanun layihəsi 1-ci oxunuşdan keçib. Layihə haqqında millət vəkillərini məlumatlandıran Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, elm sahəsinin inkişafı hər zaman müstəqil Azərbaycanın prioritet istiqamətlərindən olub.

Son 10 ildə ölkədə elmin inkişafı sahəsində bir sıra vacib addımların atıldığını vurğulayan Komitə sədri bəyan edib ki, bu sahədə öz həllini gözləyən problemlər də az deyil. Problemlərin yaranma səbəbləri sırasında isə mükəmməl qanunvericiliyin olmaması əsas amildir. Ona görə də, "Elm haqqında” qanun layihəsinin qəbulu vacibdir. Burada elm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi məsələləri yer alıb. Azərbaycan elmində qocalma tendensiyalarının artdığını deyən millət vəkili vurğulayıb ki, istedadlı və elmə marağı olan gənclərin bu sahəyə gəlməsi üçün müvafiq qanunvericilik bazası gücləndirilməlidir. Bu səbəbdən də gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi sözügedən qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, müzakirə zamanı qanun layihəsi ilə bağlı bir sıra millət vəkillərimiz də öz fikirlərini bildiriblər.

Bəs, görəsən, alimlərimiz sözügedən sənədi nə dərəcədə əhəmiyyətli hesab edir? "Elm haqqında” qanun layihəsi qəbul olunduğu təqdirdə Azərbaycan elmini "ölü” nöqtədən çıxara biləcəkmi?

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin beynəlxalq Jurnalistika kafedrasının dosenti, gənc alim Vüqar Zifəroğlunun fikrincə, "Elm haqqında” qanun kifayət qədər mütərəqqi və əhəmiyyətli bir sənəddir. Ən azından, gənclərin elmə gəlməsini stimullaşdıracaq bir sıra məqamlar orda əks olunub: "Hesab edirəm ki, bu qanun layihəsi qəbul olunacağı təqdirdə özünü doğruldacaq. Odur ki, Milli Məclisdə ilk oxunuşdan keçən "Elm haqqında” qanun layihəsinin tezliklə qəbul ediləcəyinə ümid edirəm”.

Elmin inkişafına töhfə verə biləcək bütün müddəaların sözügedən layihədə öz əksini tapdığını vurğulayan gənc alimin qənaətincə, xüsusən də hazırkı dönəm üçün elmin inkişafına töhfə verəcək müddəalar qeyd olunub: "Amma bu o demək deyil ki, gələcəkdə bu qanunun müddəalarına təkrar baxılmamalıdır. Təbii ki, zamanla bir çox qanunlarda olduğu kimi, bu qanunda da dəyişikliklər ediləcək”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də hesab edir ki, "Elm haqqında” qanunun qəbul olunması həm elmin, həm də təhsilin inkişafını sürətləndirəcək: "Elmi nailiyyətlər, ideyalar, yanaşmalar təhsilin sürətli inkişafına əsas yaradır. Buna görə də elm haqqında sənədin qəbulu gələcəkdə elmlərin uğuruna səbəb olacaq və onun nəticələri təhsilin yüksək səviyyəyə qalxmasına şərait yaradacaq”.

"Elm haqqında” qanun layihəsinə gənc alimlərlə bağlı təkliflərin verilməsindən xəbərdar olduğunu deyən professorun sözlərinə görə, bu təkliflər gənc alimlərin iş fəaliyyətinə müsbət təsir göstərəcək: "Bu gün əksər savadlı gənclər elm sahəsi ilə məşğul olmaq istəmir. Əslində onları da başa düşmək lazımdır. Alimlərin məvacibi zəif olduğu üçün onlar sosial problemlərini həll etməkdə çətinlik çəkir. Bu səbəbdən də düşünürəm ki, Milli Məclisdə 1-ci oxunuşdan keçən "Elm haqqında” qanun layihəsində gənc alimlərin sosial durumunun yüksəlməsi istiqamətində öz əksini tapan müddəalar gəncləri ruhlandıracaq. Bu gün çoxlu sayda savadlı gənc var. Qanun parlamentdə qəbul olunarsa, Azərbaycan elmi daha da inkişaf edəcək. Onlarla savadlı gəncin biliyindən hazırda əcnəbi ölkələr yararlanır. Öz ölkəmizdə sosial durum inkişaf edərsə, gənclərimiz heç bir yana getməz”.

Ə.Ağayevin sözlərinə görə, "Elm haqqında” qanun layihəsində öz əksini tapan elmi fəaliyyətlərin təşkili məsələsi də çox təqdirəlayiqdir: "Bəzən olurdu ki, alimlər elmi fəaliyyətini həyata keçirmək üçün çoxlu zaman və vəsait sərf edirdilər. Onların işini yüngülləşdirmək və asanlaşdırmaq lazımdır.

Elmdəki pərakəndəliyin aradan qaldırılmasında qanunun rolu çox böyükdür. Hər şey qanunla tənzimlənəndə nəticələr məqsədəuyğun olur”.

Magistr və doktorantlara hərbi möhlətin verilməsinə gəlincə isə ekspert bunun tərəfdarı olduğunu bildirib: "Çünki magistr və doktorant hərbi xidmətə yollanır. Bu müddət ərzində elmdən uzaq düşür. Xidmətlə bağlı problemlər işə düşəndə öyrəndiklərini unudur. Zəifləmə halı meydana gəlir. Qayıdandan sonra təkrara ehtiyac yaranır. Əksəriyyəti bunu etmir və elmdən uzaqlaşır. Hərbi möhlətin tətbiqi təhsildə fasiləsizliyi həyata keçirməyə xidmət göstərəcək ki, bu da çox yaxşı haldır”.

Ə.Ağayevin fikrincə, elm adamlarının attestasiyadan keçirilməsi də zəruri məsələlərdəndir: "5 il ərzində görülən işlərin hesabatının tələb edilməsi faydalıdır. Attestasiyaların ziyanı deyil, yalnız xeyri var. Həmin təklifi dəstəkləyirəm. Attestasiya elmdə durğunluğu və təsadüflikləri aradan qaldıracaq. Kadrların məsuliyyətini artıracaq”.

Elmin istehsalata tətbiqinin mühüm məsələ olduğunu vurğulayan professorun sözlərinə görə, alimin kəşfi yoxdursa, o, alim deyil. Alim kəşf etməlidir. İstehsalatda artım olmalıdır: "Hansısa mexanizmdə kiçik bir detalın dəyişməsi milyonlarla qazanc gətirə bilər. Tədqiqatlarımızın nəticələri istehsalata keçməyəcəksə, zəhmət çəkməyə dəyməz. Universitet bazamız var. Bu bazalardan istehsalata kömək edən elmi nəticələr əldə etmək olar. Universitet təhsilinə və elmi kadrların hazırlanmasına diqqət ayrılmalıdır”.

Ə.Ağayev də artıq ilk oxunuşdan keçən qanun layihəsinin tezliklə reallaşacağı arzusundadır. Qəbul olunduğu təqdirdə qanunun icrasına güclü nəzarət olunmasını vacib sayan professor deyib ki, hər kəs üzərinə düşən məsuliyyəti qanuni şəkildə yerinə yetirməlidir: "Qanunun aliliyi qorunsun. Vəzifəli və imkanlı adamlar təhsilimizə qanunsuz müdaxilələrini dayandırsınlar. Tək istəyim budur”.