“Bu qədər israfçılıq savab yox, əksinə günahdır”
Nizami Cəfərov: “Zəngin ehsan süfrələri özünü göstərməkdən başqa bir şey deyil”
Yas və toy mərasimləri zamanı həddindən artıq ifrata və israfçılığa yol verilməsi son günlərin əsas müzakirə mövzusuna çevrilib. Xususi ilə yas mərasimlərində hüzr sahibi tərəfindən verilən ehsanların rəngarəngliyi və çeşid müxtəlifliyi ilə toy süfrəsini arxada qoyması dövlət qurumlarını və ilahiyyatçıları ciddi narahat etməyə başlayıb. Məsələni həll etmək üçün konkret addımlar atılıb və müxtəlif təkliflər irəli sürülüb. Hətta bəzi yerlərdə sərt inzibati qayda-qanunlara belə əl atılıb.
Əksəriyyət isə hesab edir ki, bu məsələdə müsbət mənada nəyəsə nail olmaq üçün yas və toy mərasimlərinin təşkilində insanların təfəkkürü dəyişməli və camaat dini yöndən mariflənməlidir. Bu məsələdə isə hər birimizin, xususilə din xadimlərinin, el ağsaqqallarının, göz önündə olan ziyalı təbəqənin üzərinə böyük iş düşür. İlk növbədə ictimaiyyət tərəfindən tanınan şəxslər yas və toy mərasimlərini dini dəyərlərə zidd olmadan, israfçılığa yol vermədən keçirərək sadə vətəndaşlara örnək olmalıdır. Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov suallarımıza ətraflı cavablar verib və maraqlı təkliflər irəli sürüb.
- Cəmiyyətimiz yüzillər boyunca formalaşmış və artıq adət-ənənəyə çevrilmiş zəngin ehsan süfrələrindən imtina edə biləcəkmi?
- Bol çeşidli ehsan süfrələrinin ənənə halını alması təəssüf doğuran haldır. Elə bir vəziyyət yaranıb ki, varlı da, kasıb da bu cür ehsan verməyə sanki məcburdur. Ancaq son zamanlar buna qarşı edilən etirazları cəmiyyətin sağlamlığı hesab etmək olar. Görünür, artıq cəmiyyət müasir dövrlə ayaqlaşmaq istəyir. Ya da bezdikləri bu məsələyə bir əncam çəkməyə çalışırlar. Ehsan süfrələrinə narazılıq təsadüfən ortaya çıxmış adi bir kampaniya yox, yerində verilən düzgün reaksiyadır. Mən də tərəfdarıyam ki, yas yerlərində verilən ehsan minimuma, lap bir stəkan çay səviyyəsinə endirilsin. Belə olan təqdirdə hər kəs özünü kompleksiz, borcsuz hiss edəcək. Əgər kimsə rəhmətə gedən yaxınının ruhunu şad eləmək istəyirsə və buna maddi imkanı əl verirsə, bunun daha humanist, daha perspektivli yolları var. Yəni tox adamları boş-boşuna yedirtməkdənsə, xeyriyyəçiliklə məşğul olmaq daha faydalıdır. Məsələn, mərhumun adını əbədiləşdirmək üçün onun şərəfinə hansısa yolsuz kəndə asfalt yol salsınlar, susuz yerə bulaq çəkdirsinlər, məktəb və ya məscid tikdirsinlər və s. Yəni mütləq xərc çəkmək istəyirlərsə, insanların uzun müddətli faydalana biləcəyi şeylərə pul xərcləsinlər. Ehtiyac sahibi olmayan insanların günlərlə yeyib-içməsi ölənin ruhunu şad etmir. Həm də bu vəziyyətdə ortaya xeyli məişət problemləri, maddi çətinliklər, neqativ hallar çıxır. Hər halda cəmiyyətin bu məsələdə narahatlığına çoxlu əsaslar var.
- Bəzi rayonlarda icra nümayəndələrinin yas sahiblərinə ciddi xəbərdarlıq etdiyi, onları cərimələdiyi xəbərləri yayılır. Necə düşünürsüz, inzibati qaydaların tətbiq edilməsi ilə problemin qarşısını almaq mümkün olacaqmı?
- Bununla bağlı xeyli təkliflər var. Hətta Milli Məclisdə qanun qəbul edilməsi də təklif edilir. Eyni zamanda icra orqanları səviyyəsində məsələyə müdaxilələr edilir. Ancaq mənə elə gəlir ki, reallıqla hesablaşmaq lazımdır. Faydası olmayan xüsusi qanun qəbul etməyə ehtiyac yoxdur. Çünki yas söhbəti, insanın yaxınını itirməsi mənəvi məsələdir. Onu qanuniləşdirmək olmaz. Bir şeyi də nəzərə almaq lazımdır ki, cəmiyyətin özündə ehsanın verilməsinə etiraz edənlər, bu təklifi dəstəkləyənlər qat-qat çoxdur. Azlıq üçün inzibati qaydalara əl atmaqdansa, maarifləndirici üsullara üstünlük verilsə yaxşı olar. Bilirsiz, burda söhbət heç kimin öz ölüsünə ehsan verməməsindən getmir. Ehsan olmalıdır, amma bu miqyasda yox. Bu qədər israfçılıq savab yox, əksinə günahdır. Hamımız yasa gedirik. Bir yasa girəndə və süfrədə sadəcə çayla limon görəndə inanın, insan özü də çox rahat olur. Yəni bilirsən ki, həqiqətən də hüzr yerinə gəlmisən. Ancaq səhərdən-axşama kimi gətir-götür olanda adam bilmir bura yasdı, yoxsa toy. Zəngin ehsan süfrələri özünü göstərməkdən başqa bir şey deyil. Düşünürəm ki, müvafiq icra orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin bu məsələ ilə bağlı mülahizələri ilə yanaşı, din xadimlərinin də təbliğatına ciddi ehtiyac var. Təbii ki, problemin 10-15 günə və ya bir aya düzələcəyini gözləmək sadəlövhlük olar. Amma daimi təbliğat yoluyla israfçılığı minimuma endirmək mümkündür. Qoy, dəbdəbəli ehsan verənlər də görsünlər ki, artıq vəziyyət başqa cürdür və onların göstərişli süfrələrinə ehtiyac və maraq yoxdur.
- Vurğuladığınız kimi, insanların çoxu təmtəraqlı ehsan süfrələrinin əleyhinədir. Ancaq "elin qınağı” məsələsi yas sahiblərini əlavə borca girərək göstərişli mərasim düzənləməyə vadar edir. Qınaq amilini aradan qaldırmaq üçün ictimaiyyət tərəfindən tanınan məşhur və varlı adamların ilk addımı ataraq təvazökar ehsan süfrəsi açması müsbət nəticə verərmi?
- Əlbəttə, nəticə verər və bu ilk addımı atanlar artıq var. Son günlər kifayət qədər hörmətli adamlar sadə ehsan süfrələri təşkil ediblər. Şəxsən bunun şahidi olmuşam. Ancaq bu cür örnək davranışları bir aydan sonra unutmaq yox, fasilə vermədən davam etdirmək lazımdır. Əslində elin qınağıdan qorxub dəbdəbəli ehsan vermək daha məntiqsizdir. Çünki bu gün artıq zəngin ehsan süfrəsi təşkil edənlər qınaq obyektinə çevrilməyə başlayıb. Cəmiyyətimizdə kifayət qədər ağıllı adamlar var və artıq praktik təfəkkür şəraiti yaranır.
- Qəbirüstü abidələrin hazırlanmasındakı ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən heç də geri qalmır. Sizcə, ehsan süfrələri ilə bağlı başlayan bu proses məzar daşlarına qədər gedib çıxacaqmı?
- Hesab edirəm ki, maarifləndirici və daşındırıcı proseslər qəbirlərə kimi gedəcək. Ona görə ki, insanın hörməti, şöhrəti, nüfuzu, onun məzarı üzərində qoyulan bahalı mərmər daşları ilə müəyyənləşdirilmir. Hər bir şəxs hörmət-izzətini yaşadığı faydalı həyatı və örnək davranışları ilə qazanır və bu ad-sanla da ruhən yaşayır. Əlbəttə, elə böyük şəxsiyyətlər var ki, onların məzarı üzərində hər cür dəbdəbəli abidələr qoyulur. Buna ehtiyacın olub-olmamasını artıq cəmiyyət özü müəyyənləşdirir. Yəni sevdikləri şəxsin xüsusi obrazının müəyyən edilməsinə, mərhumun ailəsi, yaxınları yox, cəmiyyət özü qərar verir. Zənnimcə, dövlət və xalq üçün böyük işlərə imza atmış şəxsiyyətlərin xalqın razılığı ilə məzarüstü abidəsinin ucaldılması normal qarşılanmalıdır. Tarixdə olan görkəmli adamların itmiş məzarlarının ortaya çıxarılması və abadlaşdırılması da bu məqsədə xidmət edir. Bunlar istisna hallardır. Söhbət ümumi qəbiristanlıqlardan gedir.
- Yaslarla paralel toy mərasimlərindəki israfçılıq da zaman-zaman müzakirə mövzusu olur. Toylardakı ifrat yemək-içməklə bağlı şadlıq saraylarına və menyulara inzibati qanunların tətbiq edilməsinə münasibətiniz necədir?
- Toylarla bağlı bir az fərqli fikirdəyəm. Yas mərasimlərində təvazökarlıq, sadəlik olmalıdır. Bu, yasın mahiyyəti ilə əlaqəlidir. Amma toy şadlıq məclisidir. Burda iştirak edən insanlar demək-gülmək, yemək-içmək və əylənmək istəyirlər. Toylarda kiminsə ruhunu əbədiləşdirməkdən söhbət getmir. İstər-istəməz kasıbın kasıb toyu, varlının da varlı toyu olacaq. Qədimdən gəlmiş bir deyim var, deyirlər, zəngin 40 gün, yoxsul isə 1 gün toy edir. Ona görə də, toylarda xüsusi qayda qoymaq, hamının eyni cür toy çalacağını, eyni yeməyi yeyəcəyini diktə etmək düzgün və mümkün deyil. Şadlıq saraylarında təəssüf doğuran yeganə hal süfrələrdəki yeməklərin, kulinariyanın qənaətbəxş olmamasıdır. Bunun üçün də icra orqanları məsuliyyət daşıyır. Yəni icra orqanları xüsusi olaraq, istənilən iaşə obyektlərində, köhnə ərzaq satılan mağazalardan tutmuş, vaxtı keçmiş dərman satan apteklərə kimi hər yerdə yoxlama aparmalı və günahkarları cəzalandırmalıdır. Bu, şadlıq evlərinə də aiddir. Yeməklərin keyfiyyəti, səviyyəsi vaxtaşırı olaraq nəzarətdən keçirilməlidir. Başqa bir nəzarət də toylardakı musiqi ilə bağlıdır. Müvafiq orqanlar buna da nəzarət etməlidir ki, əylənmək məqsədi daşıyan şadlıq evləri bərbad musiqi sayəsində əziyyət verən bir məkana çevrilməsin.
İsmayıl