"Bu, sadə insanların ümidləridir" - Nəticə olmayacaq









"Türkiyənin addımları Rusiyaya, Rusiyanınkı isə Türkiyəyə xeyir gətirir”.

Bu barədə "Sherg.az”a Rusiya və Türkiyə arasında baş tutan "S-400” zenit-raket sistemlərinin alınması üçün Türkiyə tərəfinə kreditin ayrılmasına dair saziş haqqında danışarkən politoloq Zərdüşt Əlizadə bildirib. 

O vurğulayıb ki, iki dövlətin mənafeyi uzlaşdığına görə, bir-birlərinə maddi cəhətdən də kömək edirlər:

"Türkiyə və Rusiya arasında bu cür hərbi sazişin bağlanması müsbət hadisədir. Bu göstərir ki, adıçəkilən ölkələr arasında iqtisadi, hərbi, siyasi sahələrdə əməkdaşlıq genişlənəcək”.

Rusiya-Türkiyə yaxınlaşmasının ABş və digər Avropa ölkələrində yaratdığı qıcığa gəlincə, Z. Əlizadə vurğulayıb ki, onların da dövlət maraqları üstün gəldikdə müttəfiqlərin üzərindən adlayıb keçirlər:

"Türkiyənin dövlət maraqları Rusiya ilə əməkdaşlığa cavab verir. Qərb bunu çox yaxşı bilir. Onlar NATO-nun üzvüdürlər, siyasi, iqtisadi məqsədləri var, bunlara çatmağa çalışırlar”.

Z.Əlizadə Rusiya-Türkiyə yaxşılaşmasının Dağlıq Qarabağ münaqişəsinə təsirlərinə də toxunub:

"Münasibətlərin münaqişənin həllinə müsbət təsir edəcəyi fikirləri sadə insanların ümidləridir. Düşmən xalqın ağıllıları Dağlıq Qarabağın erməni torpağı olmadığını anlayır. Amma o ağıllıların sayı bir faizdən çox deyil”.

Qeyd edək ki, imzalanan saziş Rusiya və Türkiyə arasında kredit müqaviləsinin imzalanmasının ilk rəsmi təsdiqidir.

Xatırladaq ki, Türkiyə bir müddət əvvəl Rusiyadan ümumi dəyəri 2,5 mlrd. dollar olan 4 divizion S-400” zenit-raket sistemləri alıb.

Ayyət Əhməd