Musa Quliyev: “Qanun axı niyə işləməsin? İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək”
Bu siqaret hələ çox vaxt aparacaq
Tütünlə mübarizədə deputatların fikirləri haçalanır, zamanı
Musa Quliyev: “Qanun axı niyə işləməsin? İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək”
Musa Quliyev: “Qanun axı niyə işləməsin? İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək”
Əhliman Əmiraslanov: "Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən
istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik”
Zahid Oruc: "Qadınlar arasında da siqaretin yayılma arealı genişlənib. Bu mənada layihənin əhəmiyyəti bir daha ortaya çıxır”
Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda "dəyirmi masa” keçirilib.
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bəzi həmkarlarının qəbul ediləcək qanun sərt şəkildə olarsa, işləməyəcəyi ilə bağlı narahatlıqlarına toxunub və axı niyə işləməsin?!- deyə sual edib.
Deputat bildirib ki, qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaq: "Bu da büdcəyə öz müsbət təsirini göstərmiş olacaq. İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək. Restoranlarda açıq və ya yarıqapalı yerlər təşkil edilə bilər. Sahibkarların buna gücü çatar. Kənd yerində qapalı yer necə yaradılsın?! Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmazmı?! Durduq yerə özümüzə problem yaradırıq. Bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərlə bağlı bir daha fikirləşmək lazımdır”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə əvvəla qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədən bir tütündən istifadə edənlərdən biri dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda, ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görərik ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur.
Komitə sədri bildirib ki, Azərbaycanda siqaret çəkənlərin sayı MDB ölkələrində olan rəqəmə yaxın göstəricidir: "Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər harada ki, siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir”.
Ə.Əmiraslanovun sözlərinə görə, bəzi layt siqaretlərinin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır:
"Həm layt, həm də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində qeyd edilib ki, hər kəsin tütün məmulatları, onların inqrediyentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ var. Belə ki, tütün məmulatlarının tərkibində olan inqrediyentlərin siyahısı, dövriyyəyə buraxılmış tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.
Qeyd edək ki, bundan öncəki müzakirələrdə, o cümlədən də ictimaiyyət üzvləri arasında keçirilən sorğularda da siqaretin məhdudlaşdırılmasına qadağa ilə bağlı fikirlər haçalanıb. Bu cür narazılıqlar və fikir ayrılıqları fonunda siqaretə qadağa ilə bağlı qanunun özünü doğruldub-doğrultmayacağı isə hələ ki sual altındadır.
Ancaq millət vəkili Zahid Oruc daha ümidli görünür. Azərbaycanda belə bir qanunun qəbul olunmasına uzun müddətdir ehtiyac olduğunu vurğulayan millət vəkili uzun müddətdir ki, bu qanun layihəsinin parlamentdə qaldırıldığını xatırladıb:
"Açıqlanan son statistik məlumatlara görə, qadınlar arasında da siqaretin yayılma arealı genişlənib. Bu mənada layihənin əhəmiyyəti bir daha ortaya çıxır. Hər nə qədər tütün Azərbaycanda əkib-becərilən, iqtisadi baxımdan müəyyən gəlir gətirən sahələrdən biri olsa da, bunu dünya bazarına ixrac etmək daha məqsədəuyğun olar. Çünki istənilən halda dünyada tütün istehlakçısı hər zaman olacaq”.
Azərbaycanda siqaret çəkənlər və o tüstü ilə başqalarını zəhərləyənlərin sayının həddindən artıq çox olduğunu qeyd edən Z.Orucun sözlərinə görə, ictimai yerlərdə siqaretin qadağan olunması ilə bağlı qanunun müzakirəsi başlanan kimi, dərhal ortaya belə məsələlər çıxırdı ki, həmin obyektlərdə siqaret çəkənlər üçün kiçik qapalı yerlər yaradılsın:
"Məlum oldu ki, dünya praktikasında bu, daha çox soyuq ölkələrdə yayılıb, isti iqlimə malik ölkələrdə, ümumiyyətlə, qapalı yerdə siqaret çəkilməsi anlayışını ortadan çıxarmaq lazımdır. İnsanların olduğu qapalı yerlərdə siqaret çəkmək birmənalı olaraq qadağan olunmalıdır və onlar açıq havaya çıxaraq orada çəkə bilərlər. Hesab edirəm ki, bu qanun siqaret çəkənlərin sayına da təsir göstərəcək. Bu, birinci növbədə sağlamlıq məsələsidir. Digər tərəfdən, başqalarının sağlamlığı ilə bağlı önəmlidir. Qanun layihəsində həmçinin sulu qəlyan məsələsi də ciddi vurğulanıb. Bu da çox önəmlidir. Xüsusilə də məktəblilərin böyük bir hissəsinin qəlyandan istifadəsi önə çəkilir. Burada ən önəmli məqam sulu qəlyandan istifadə zamanı müxtəlif xəstəliklərin yayılması ehtimalıdır.
Yaxın zamanlarda bu qanun layihəsi bir daha müzakirə olunacaq və əminəm ki, qəbul olunacaq. Bundan əvvəlki dövrdə ehtimal var idi ki, tütün şirkətləri bu prosesə, hətta qanunvericilik aktının qəbuluna mane olarlar. Ancaq artıq bu ehtimal bir o qədər də real deyil”.
Şəymən