Bunu heç müzakirə etməyə dəyməz

Sosial şəbəkələrin bağlanması Azərbaycan üçün mənfi nəticələr verə bilər
Fazil Mustafa və Osman Gündüz başqa çıxış yolları göstərdi



Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir. Onun bu təklifi Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2017-ci il üzrə illik məruzəsində də öz əksini tapıb.

Məruzədə qeyd olunub ki, cəmiyyətdə xüsusi narahatlıq yaradan həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, habelə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. 

Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, o cümlədən sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin müəyyən edilməsinə, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.

Qeyd edək ki, bir müddət əvvəl deputat Siyavuş Novruzovun adından da ölkəmizdə sosial şəbəkələrin qəti şəkildə bağlanması ilə bağlı fikirlər səsləndirilmişdi. Sonradan fikirlərinin təhrif olunduğunu iddia etsə də, millət vəkili Hadi Rəcəbli eyni cür çıxış etmişdi. "İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, sosial şəbəkələrin hamısının bağlanması haqqında qərar versin”- bu sözləri isə əməkdar artist Aybəniz Haşımova deyib.

Doğrudanmı sosial şəbəkələri bağlamaq lazımdır?

Həmkarları ilə eyni fikirdə olmadığını deyən millət vəkili Fazil Mustafa ölkəmizdə sosial şəbəkələrin bağlanılmasının yolverilməz olduğunu deyib.

F.Mustafanın fikrincə, sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması dünyada ölkənin imici üçün müsbət qiymətləndirilmir. Bu fikir qeyri-realdır. Çünki insanlar informasiya əldə etmək üçün lazımi məkanları tapacaqlar. İnternet məkanından ayrı qalmaq mümkün deyil: "Sosial şəbəkələrin fəaliyyətinin dayandırılması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Hansısa bir sosial şəbəkənin bağlanması dünyadan təcridolunma yoludurmu?!”

F.Mustafa vurğulayıb ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif Fondlar bu istiqamətdə öz işləri ilə məşğul olmaq əvəzinə, daha passiv fəaliyyət göstərərlərsə, ölkəmizə qarşı bu cür neqativ halların olması baş verə bilər: "Müəyyən dərəcədə dövlət büdcəsindən maliyyələşən təşkilatlar öz funksional fəaliyyətlərini normal qaydada yerinə yetirməlidirlər ki, bu cür təhdid kampaniyasının qarşısını almaq mümkün olsun. Vaxtında profilaktik tədbirlər aparılmadığına görə, ölkədə təxribatyönümlü problemlərin baş verməsi yaşanır. Bu məsələdə sosial şəbəkənin bağlanması çıxış yolu deyil. Müasir dövrdə internet xətti hava ilə çəkilir, dünya artıq qloballaşıb. Sosial şəbəkələrin bağlanması yolverilməzdir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də sosial şəbəkələrin bağlanması və ya istifadəsinə məhdudiyyət qoyulması kimi təkliflərin irəli sürülməsinin düzgün yanaşma olmadığını deyib: "Doğrudur, sosial şəbəkə vasitəsilə təhqir yağdıranları dəstəkləyən bir adama rast gəlməmişəm. Amma buna baxmayaraq, sui-istifadə halları real dünyada da, virtual dünyada da yolverilməzdir. Mən sosial medianın Azərbaycan üçün ciddi və çox vacib əhəmiyyətini qeyd edirəm. İndi bir qrup şəxs gedib başqa sosial şəbəkələrdə təhqir yağdırırsa, biz həmin soail şəbəkələri də bağlamağa məcbur deyilik ki. Bu, düzgün bir məsələ deyil. Həmin qrupların da elə istədikləri odur ki, sosial şəbəkələr bağlansın və virtual dünyaya inteqrasiyamız olmasın”.

"Facebook”, "tvitter”, "youtube” və digər sosial şəbəkələrin normal mübarizə aparmaq üçün uyğun bir məkan olduğunu vurğulayan O.Gündüz hesab edir ki, kimsə bundan sui-istifadə edirsə, həmin o kimsələrə görə sosial şəbəkələri kökündən bağlamaq da yolverilməzdir: "Bunu heç müzakirə etməyə dəyməz. Sosial medianın da Azərbaycan üçün faydaları hədsizdir. Həm dövlət qurumları, həm də cəmiyyət özü də sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya olunub. Bu, bir ictimai platformadır, informasiya mənbəyidir. Mən düşünürəm ki, sosial media resurslarının sahibləri üçün əhəmiyyətsiz olsa da, bizim sosial mediaya ehtiyacımız var”.

O.Gündüz sosial şəbəkələrin bağlanması əvəzinə maarifləndirmə işlərini həyata keçirməyi məqsədəuyğun hesab edib: "Azərbaycanın qarşısına qoyduqları məqsədlər var, strateji maraqları var. Azərbaycan bu maraqlarından çıxış edərək sosial media vasitəsilə səsini dünyaya çatdırır. Biz ermənilərlə informasiya müharibəsi aparmalıyıq. Biz qlobal dünyaya sosial media vasitəsilə inteqrasiya etməliyik. Azərbaycan əleyhinə düşünülmüş şəkildə qlobal dünyada atılan addımların cavabları da sosial media vasitəsilə verilir. Bunu hansı məsuliyyətsiz adam deyə bilər ki, sosial şəbəkələri bağlayaq? Hesab edirəm ki, bu, yolverilməzdir və düzgün bir şey deyil. Sadəcə, sosial mediada dərc olunan təhqirlərin, söyüşlərin qarşısını almaq üçün ictimai təpki göstərmək lazımdır. 

Düşünürəm ki, bunun üçün maarifləndirmə işləri aparmaq, cəmiyyətin bu təhqirlərə qarşı formalaşması lazımdır. Eyni zamanda, Azərbaycan hökuməti özünün imkanlarından istifadə edərək bunların qarşısını ala bilər”.

O.Gündüz Azərbaycan hökumətinə sosial media resursları ilə əməkdaşlıq etməyi təklif edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə təhqir və böhtanların, dövlətimizə qarşı kampaniyaların qarşısının alınması üçün ictimai qınaq, sosial media resursları ilə əməkdaşlıq etmək və həmin resursların nümayəndələrini Azərbaycana dəvət edərək onlar üçün ölkəmizdə nümayəndəlik açmaq lazımdır”.

Şəymən