Cəbhədə atəşkəsin pozulmasında Rusiyanın əli var?

Bu işin arxasında ABŞ və Fransa da ola bilər




Bu ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 253 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabr ayının ilk günlərində də erməni silahlı qüvvələri dəfələrlə təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışıblar.

Qurumun mətbuat xidmətindən verilən informasiyada ötən gecə sutka ərzində atəşkəs rejiminin ümumilikdə 17 dəfə pozulduğu qeyd olunub. Bəzi ekspertlər indiki məqamda cəbhədə yaşanan gərginliyi heç də təsadüf saymırlar. Onların fikrincə, son aylar Fransa və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi aktivlik nümayiş etdirməsi Rusiyanı əməlli-başlı təşvişə salıb. Xüsusən, Parisdə prezidentlər səviyyəsində keçirilən görüş və ABŞ-da növbəti görüşün razılaşdırılması Kremli "hərəkətə” keçməyə vadar edib. Analitiklərin qənaətincə, son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulmasının intensiv hal alması Moskvanın özünü "xatırlatmasıdır”. Amma fərqli düşüncədə olan siyasi şərhçilər də var. Onların fikrincə, ermənilərin atəşkəsi mütəmadi pozması Ermənistan daxilində yaşanan siyasi proseslərlə bağlıdır.

Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı da bu cür düşünənlərdəndir. Politoloqun sözlərinə görə, cəbhədəki gərginliyi birbaşa Rusiya ilə bağlamaq doğru olmaz: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesindən kənarda qalması iddiası o qədər də əsaslı deyil. Çünki Rusiyanın sahib olduğu mexanizmlərə diqqət yetirdikdə Kremlin danışıqlar prosesindən çıxarılması mümkünsüzdür. Mən əksini düşünürəm. Fikrimcə, son zamanlar Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik təşəbbüslərini genişləndirməsi, Azərbaycan-Ermənistan prezidentlərinin və xarici işlər nazirlərinin bir araya gətirilməsi istiqamətində ciddi səy göstərməsi ATƏT-in digər həmsədr ölkələrini, yəni Fransa və ABŞ-ı möhkəm qıcıqlandırıb. Bildiyimiz kimi, Fransa prezidenti Olland Azərbaycan-Ermənistan prezidentlərini Parisdə görüşdürdü və "böyük sülh sazişi” planının hazırlanması ideyasını ortaya atdı. Maraqlı burasıdır ki, Paris görüşündən sonra prezidentlərin ABŞ-da yenidən bir araya gəlməsi məsələsi də gündəmə gətirildi. Böyük ehtimal ki, bu görüş 2015-ci ilin ilk aylarında baş tutacaq. Həmsədrlərin fəaliyyətinə nəzər yetirdikdə, ABŞ və Fransanın eyni mövqedən çıxış etdiyini görürük. Təbii ki, burada Rusiya faktorunu unutmaq olmaz. Çünki Moskva hər zaman digər həmsədrlərdən fərqli mövqe nümayiş etdirib”.

H.Cabbarlı vurğulayıb ki, cəbhədə atəşkəsin intensiv pozulması son günlər Ermənistanın daxili siyasi həyatında yaşanan gərginliklərlə bağlıdır: "2015-ci ildə Ermənistanda prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçid haqqında referendum təşkil olunmalıdır. Hazırda bu məsələ ölkə ictimaiyyətində ciddi müzakirə olunur. Ermənistan müxalifəti, başda "Çiçəklənən Ermənistan” partiyası olmaqla, hələlik hökumətlə konstitusiya islahatının keçirilməsi haqqında ortaq məxrəcə gələ bilmir. Bu baxımdan ola bilər ki, daxili siyasətdəki gərginliyi başqa istiqamətə çəkmək, diqqəti yayındırmaq üçün hökumət bilərəkdən cəbhədə atəşkəs rejiminin pozulması təlimatını verib”.

İsmayıl