Cekutanın böyük təcrübəsi var

Vaşinqtondan Bakıya gələn səfirlər enerji məsələlərini mütləq bilməlidir




İki gün öncə Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Qeyd edək ki, Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir. Robert Cekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009-cu illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Azərbaycana yeni səfirin təyinatından gözləntilərə gəldikdə isə yerli politoloqlar Cekutanın səfir olaraq, gələcək fəaliyyətini dəyərləndirmək üçün hələ tez olduğu qənaətindədirlər. İlk növbədə Cekutanın enerji məsələləri üzrə mütəxəssis olduğuna toxunan "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Vaşinqtondan Bakıya gələn səfirlər enerji məsələlərini mütləq bilməlidir: "Mən yeni səfirin bioqrafiyası ilə tanışam. Böyük təcrübəsi var. Bir çox ölkələrdə səfir olub, eyni zamanda, Dövlət Departamentində enerji məsələləri üzrə mütəxəssisdir. Onun enerji mütəxəssisi olması Bakıya səfir göndərilməsində əsas rol oynayır. Çünki Azərbaycanın əsas məhsulu enerji, neft və qazdır. Azərbaycan dünya bazarında bu bizneslə məşğuldur. Üstəlik, bu, daxili və xarici siyasətimizə böyük təsir edir. Ona görə də bu seçimi tamamilə uyğun hesab edirəm. Azərbaycana gələn Amerika səfiri enerji məsələlərini bilməlidir”.

Bu kontekstdən yanaşaraq ABŞ-ın Azərbaycanda demokratiyaya deyil, enerjiyə üstünlük verdiyini iddia edənlərə gəlincə, V.Quluzadə deyib ki, nə Amerika, nə də onun səfiri Azərbaycanda demokratiyanı inkişaf etdirə bilməz: "Səfir uzaqbaşı Azərbaycanda demokratiya və digər prosesləri diqqətlə izləyib öz ölkəsini məlumatlandıra bilər. Bu cür iddialar mənasızdır”.

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev də Cekutanın öz sahəsi üzrə kifayət qədər təcrübəyə sahib olduğunu deyib: "Uzun müddət iqtisadiyyat, ticarət sahələrində işləyib, enerji məsələləri ilə məşğul olub. Almaniyada səfir olduğu müddətdə də iqtisadi məsələlərə üstünlük verib. Konqresdəki dinləmələr zamanı isə administrasiya onu Senata kifayət qədər talantlı lider və menecer olaraq təqdim edib. Həmçinin Cekutanın enerji sahəsində dərin təcrübəyə sahib olduğunu və onun demokratik reformalar və bazar iqtisadiyyatına keçid sahələri üzrə əsl mütəxəssis olduğu qeyd olunub və bunun da Azərbaycan üçün vacib məsələlər olduğu diqqətə çatdırılıb”.

F.Mehdiyevin sözlərinə görə, Cekutanın keçmişdə daha çox iqtisadi sahələrdə çalışması onun Azərbaycanda da enerji məsələlərinə üstünlük verəcəyinə zəmin yaradır: "Keçmiş səfir Morninqstar da enerji sahəsi üzrə mütəxəssis idi. Amma Morninqstar enerji üzrə Amerikanın Azərbaycandakı xüsusi səlahiyyətli səfiri olmaqla bərabər siyasi proseslərdə də kifayət qədər aktiv idi. Bu səbəbdən də Cekutanın hansı sahəyə daha çox diqqət ayıracağı ilə bağlı indidən dəqiq proqnoz vermək doğru olmaz. Bunu ancaq zaman göstərəcək”.

Bəzi səfirlərin həddindən artıq həssas bölgələrdə vəzifə aldıqlarını bildirən politoloq vurğulayıb ki, Cekutanın fəaliyyətində belə bir təcrübə olmayıb. O sadəcə olaraq, Kosovodakı xüsusi hərbi birləşmələrin üstündə mülki şəxs olaraq dayanıb. Konkret olaraq, Azərbaycanda Cekutanın səfir kimi öz fəaliyyətini necə quracağına gəldikdə isə F.Mehdiyev bu barədə danışmağın çox tez olduğunu deyib.

Şəymən