Cinayət deyil, xəstəlikdir...

Həbs olunanların yarıdan çoxu narkotikaya görə yatır




Narkomaniya həm sosial-iqtisadi, həm də tibbi cəhətdən ən təhlükəli bəla hesab edilir. Ekspertlər belə qənaətə gəliblər ki, narkomaniya cəmiyyətin gələcəyi üçün iki böyük qorxunun daşıyıcısıdır. Əvvəla narkomaniya ilə xəstələnmiş şəxs özünün, ailəsinin, nəhayət, cəmiyyətin həyatında arzuolunmaz mənfi dəyişikliklərə gətirib çıxarır. İkincisi, cinayətkarlığın, zorakılığın, o cümlədən işsizliyin, təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

Milli Məclisin ötən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda narkomaniya probleminin gənc qızların hesabına genişləndiyini deyib. Onun sözlərinə görə, elə buna görə həbs olunanların əksəriyyəti istehlakçılardır.

Bu gün Azərbaycan həbsxanalarında yatan məhbusların 30 faizinin narkomanlar olduğunu vurğulayan millət vəkili deyib ki, qanuna görə kiminsə üstündə 0,5 qram marixuana, 0,5 qram tiryək tapılarsa, bu adamın narkoman olduğu, şəxsi istifadə üçün aldığı qəbul edilir. Amma narkomanlar bunu alanda tərəzi aparmırlar ki, dəqiq çəksinlər, artıq olan kimi onları həbs edirlər. Ona görə də həbs olunanların mütləq əksəriyyəti narkomanlar olur. Narkoman isə cinayətkar deyil, xəstədir. Cəzaçəkmə müəssisələri isə xəstələr üçün müalicə yeri deyil. Xəstələrin həbsxanalara doldurulmasının mənası yoxdur.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da bildirib ki, müvəqqəti saxlanma yerlərində elə qadınlar var ki, İrandan külli miqdarda narkotik vasitələrin gətirilməsi ilə bağlı həbs olunublar: "Hazırda Azərbaycanda həbs olunan şəxslərin yarıdan çoxu narkotik vasitələrin satışına və istifadəsinə görə saxlanılıblar. Mətbuatda özünüz də rast gəlirsiz ki, valideynlər cəzaçəkmə müəssisələrində olan övladlarına narkotik keçirən zaman saxlanılır. Bu fakt sübut edir ki, məhkumlar valideynlərini məcbur edirlər ki, onlara narkotik gətirsin, narkotiksiz qala bilmirlər”. Mütəmadi olaraq Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma yerlərində olduğunu vurğulayan Elçin Behbudovun sözlərinə görə, orada narkotik istifadəçisi kimi saxlanılan qadınlar da var:
"Baxırsan, nənəmiz yaşda qadınlar İrandan ölkəmizə narkotik keçirməyə görə həbs olunub. Ümumiyyətlə isə narkomanların sayında artım var. Elə qruplar var ki, gəncləri narkomaniyaya cəlb edirlər. Daxili işlər naziri Ramil Usubovla görüşlərimizdə də narkomaniya ilə bağlı fikir mübadiləsi aparmışıq. Cənab nazir də bildirib ki, əsas göstəriş verilir ki, narkotiki yayan şəxslər həbs olunsun”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da təsdiq edir ki, əksər məhbuslar CM-nin 234.1 (narkotik maddə saxlama və istifadə) maddəsi ilə həbsdə yatır: "Cəmiyyətdə və hüquq-mühafizə orqanlarında narkotik istifadəçilərinə münasibətin dəyişməsinə, onların daha çox xəstə kimi qəbul edilməsinə ehtiyac var. Ən çox yatanlar narkotikdən istifadə edənlərdir. Orda müalicə yerləri var, amma axıra qədər müalicə olunmurlar və üstəlik, istifadə imkanları genişlənir”.

Psixoloq Arzu Cavadova deyir ki, qonşu Rusiyada narkotikdən istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək anlayışı yoxdur: "Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda könüllü müalicəyə razılaşmaq. Narkoman bu yollardan birini mütləq seçməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək mümkün deyil. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və müvafiq proqramlar yoxdur. Azərbaycanda reabilitasiya proqramları olmadıqca, narkomaniya ilə mübarizə də effektiv olmayacaq”.

Psixoloqun sözlərinə görə, narkotik aludəçilərinə kömək etmək lazımdır, nəinki onlara cüzamlı, vəbalı xəstə kimi baxmaq. Onlara cəza tətbiq etməklə cəmiyyətdən təcrid etmək olmaz: "Narkoman cinayətkar deyil, xəstədir. Cinayətkar onu öz qurbanına çevirən narkotik alverçisidir. Narkomanlar dispanser, müalicə mərkəzinə o zaman müraciət edirlər ki, onların ailəsi və yaxın adamları buna məcbur edir. Bu zaman o sağalmayacaq, çünki məcburi gəlib. Vacib odur ki, o özü müalicə olunmağı istəsin”.

Şəymən