Elçin Behbudov: “Cəzaçəkmə müəssisələri ilə bağlı mənə şikayətlər daxil olanda çox təəccüblənirəm ki, İctimai Nəzarət Komitəsi nə işə yarayır?”
Son aylar ərzində ölkənin müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar arasında etiraz faktları artıb. Təbii ki, bu da birmənalı olaraq, cəzaçəkmə müəssisələrində məhbuslarla rəftarla bağlıdır. Əks halda, təzyiqlərə və qeyri-insani rəftara məruz qalan Elşən Paşayev 1 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək müddətsiz aclığa başlamazdı.
Təbii ki, məhbusun cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məruz qaldığı təzyiqlərə etiraz etməsi birinci dəfə deyil və qarşısını almaq üçün heç bir tədbir görülmədikcə də son olmayacaq. Cəzaçəkmə müəssisələrinin qapılarının ictimai təşkilatların üzünə bağlı olması hər hansı bir hadisə ilə bağlı şübhələrin yaranmasına səbəb olur. Bu hadisələrin əksəriyyəti işgəncə faktı kimi qeydə alınır. Cinayət törədən insan onsuz da cəzasını çəkir, onunla qeyri-insani rəftar etməyə nə ehtiyac var?
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun sözlərinə görə, Elşən Paşayev artıq ikinci dəfədir ki, ona qarşı təzyiqlərə etiraz əlaməti olaraq ağzını iynə ilə tikərək aclıq aksiyası keçirir:
"Təxminən 5-6 il bundan əvvəl də Elşənin anası oğluna verilən işgəncə faktı ilə bağlı mənə müraciət eləmişdi. Həmin vaxt Elşən 7 saylı cəzaçəkmə müəssisəsində idi və ona edilən təzyiqlərə etiraz əlaməti olaraq ağzını tikmişdi. Həmin vaxtı cəzaçəkmə müəssisələrinə gedə bilirdim deyə məhbusla danışıb, Məsələni yoluna qoydum və Elşən tikişlərini sökdü. Amma sizin də məlumunuzdur ki, haqlı tənqidimə görə, Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub. Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Mən sadəcə Milli Təhlükəsizlik, Müdafiə və Daxili İşlər Nazirlikləri ilə işləyirəm. Penitensiar xidmətin nəzarətində olan heç bir cəzaçəkmə müəssisəsinə baş çəkə bilmirəm”.
İndi Elşənə kömək etmək imkanının olmadığını vurğulayan hüquq müdafiəçisi deyib ki, uzağı, həmin müəssisədə baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edə bilər.
Son zamanlar cəzaçəkmə müəssisələrində qeydə alınan işgəncələr, təzyiqlərin artmasına toxunan Komitə sədri deyib ki, Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə öz funksiyasını lazımınca yerinə yetirmir: "Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə var. Hansı ki, vaxtı ilə 3 üzvündən biri də mən olmuşam. Mənə çox maraqlıdır ki, həmin Komitə üzvləri nə iş görür? Sözün açığı, cəzaçəkmə müəssisələri ilə bağlı mənə şikayətlər daxil olanda çox təəccüblənirəm ki, İctimai Nəzarət Komitəsi nə işə yarayır? Komitənin sədri Çingiz Qənizadə hara baxır? Yaxşı olar ki, bu gün cəzaçəkmə müəssisələrində baş verən xoşagəlməz hadisələrə İctimai Nəzarət Şurasının üzvləri aydınlıq gətirsin. Nə qədər vaxtdır mətbuat yazır, amma heç biri cəzaçəkmə müəssisələrinə baş çəkib məsələni aydınlaşdırmır”. İşgəncələrin qarşısını almaq yoluna gəldikdə isə E.Behbudov bildirib ki, işgəncə ilə məşğul olan, işgəncəni verən güc strukturlarının əməkdaşları qanun qarşısında cavab verməlidir: "Onlar cəzalandırılsınlar. Əlbəttə, onlar cəzalandırılmayanda görürlər ki, cinayət xarakterli əməllərinə, rəhbərlərinə rəsmi qiymət verilmir. Onda da bu hadisələr əlbəttə baş verir”.
Şəymən