Tramp irqçi, avtoritarizmə meyilli lider obrazını möhkəmləndirir
ABŞ Prezidenti Donald Tramp miqrantlarla bağlı növbəti təhqiramiz açıqlama verib. Bir qrup senator Ağ Evi ziyarət etməklə prezidentə Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında uzlaşma razılaşması təklifini irəli sürüblər.
Təklifə cavab verən Amerika prezidenti "çirkli çuxurlardan çıxan insanların onlara lazım olmadığını” deyib. ABŞ lideri bildirib ki, Amerikaya inkişaf etmiş xristian ölkələrindən gələn miqrantlar lazımdır: "Çirkli məkanlardan gələnləri neyləyirik? Biz Norveç kimi ölkələrdən gələn miqrantları istəyirik”. Ağ Ev Trampın bu cür bəyanat verdiyini təkzib etməyib. Qeyd olunub ki, bəzi Vaşinqton siyasətçiləri başqa ölkələrin maraqlarını müdafiə etsələr də, Tramp Amerika xalqının "maraqlarını” hər şeydən üstün tutur”. Ekspertlərə görə, Trampın açıq şəkildə irqi ayrıseçkilik etməsi ABŞ-ın miqrasiya siyasəti ilə yanaşı, uzun müddətdir təbliğ etdiyi "demokratiya və insan haqları prinsipi”nə ziddir.
Trampın açıqlaması ilə bağlı "Şərq”ə danışan siyasi ekspert, hüquqşünas Zaur İbrahimli deyib ki, ABŞ-da ənənəvi olaraq Respublikaçılar Partiyası miqrantlara qarşı daha sərt mövqeyi ilə seçilib. Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsi ilə Ağ Ev bu məsələdə daha da irəli getmək planlarını gizlətmir:
"ABŞ-a miqrant köçünün məhdudlaşdırılması, daha geniş deportasiya tədbirlərinin həyata keçirilməsi, müvəqqəti yaşayış icazələrinin sərtləşdirilməsi Trampın seçkiqabağı kampaniyasının əsas vədlərindən idi. Tramp dəfələrlə bəyan edib ki, miqrantların sayının çoxalması ABŞ üçün təhlükə mənbəyidir. Açıq söyləməsələr də, Tramp komandası və ardıcılları hesab edirlər ki, miqrantların sayının artması Amerika dəyərlərini təhlükə altında qoyur. Orta sinifin əsasını təşkil edən ağ amerikalılar üçün problemlər yaradır”.
Analitik bildirib ki, ABŞ Miqrasiya Tədqiqatları Mərkəzinin məlumatına görə, 2017-ci ilin statistikasına əsasən ölkədə miqrantların sayı rekord həddə çatıb. Yəni 43,7 milyon nəfəri keçib:
"Bu baxımdan ABŞ-da miqrasiya ilə bağlı problemlərin müzakirəsi və yeni yanaşmaların tətbiq olunması planları başadüşüləndir. Amma bunun Prezident Trampın üslubunda edilməsi Amerika dəyərlərinə ziddir. Trampın yanaşması və onun tərəfindən irəli sürülən forma və məzmunda miqrantlara qarşı aparılan ayrıseçkilik siyasəti ABŞ tarixinə, Amerika ideallarına qarşı çıxmaqdır. Nəzərə almaq lazımdır ki, ABŞ məhz miqrantlar ölkəsidir. Amerikanın yaranması və inkişafı üçün miqrantlar çox böyük töhfə veriblər”.
Z.İbrahimli bildirib ki, miqrantlara bağlı beynəlxalq hüquq normaları və qəbul olunmuş praktikalar var:
"Tramp administrasiyası bütün bunlara, miqrantlarla bağlı insan hüquqlarının və ləyaqətinin qorunması prinsiplərinə laqeyd yanaşır. Ümumiyyətlə, bütün bunlar Trampın irqçi, avtoritarizmə meyilli lider obrazını möhkəmləndirir. Xüsusən, nəzərə alsaq ki, son 10 illiklərdə ABŞ bütün dünyada insan haqlarının qorunmasının əsas "təəssübkeşi” missiyasını üzərinə götürüb, o halda prezidentin bu addımları daha neqativ təsir bağışlayır”.
İsmayıl