Cümhuriyyət liderlərinin abidə kompleksi yaradılacaq

Rəis Rəsulzadə: “Əgər bu addım atılacaqsa, yaxşı məsələdir və alqışlanmalıdır”
Fazil Mustafa: “AXC qurucularının hər birinə abidə qurulmasına ehtiyac yoxdur”


Nəsiman Yaqublu: "Sahil bağı”nda qoyulsa, daha yaxşı olar”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucularının abidə kompleksinin yaradılacağını deyib. Abidə kompleksinin yaradılması ilə bağlı prezident sərəncamını xatırladan Novruzovun sözlərinə görə, bu sərəncamın icrası Nazirlər Kabinetinə həvalə olunub. Bununla bağlı müsabiqə də keçirilir. Layihələr təqdim olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir park və ya xiyabanın olacağı nəzərdə tutulub.

Abidə kompleksinin yaradılmasının rəsmi dövlət sərəncamı ilə həyata keçirilən bir məsələ olduğunu söyləyən millət vəkili deyib ki, yeni yaradılacaq abidə kompleksinə Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və digər tarixi şəxslərin adları daxildir.

Sözügedən layihəyə münasibətini bildirən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib ki, Cümhuriyyət liderlərinin xatirəsinin əbədiləşdirilməsinin vaxtı çoxdan yetişib: "Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun abidə kompleksinin yaradılması gözlənilən bir işdir. Prezident bu haqda 5 il öncə deyib. Yəqin bu niyyətlər indi gündəmə gəlir. Əgər bu addım atılacaqsa, yaxşı məsələdir və alqışlanmalıdır”.

Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin yaradılması ilə bağlı prezident sərəncamının təqdirəlayiq olduğunu vurğulayan millət vəkili Fazil Mustafa da öz növbəsində qeyd edib ki, bu layihənin reallaşdırılması onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılacaq mühüm addımlardan olar: "Ayrı-ayrılıqda AXC qurucularının hər birinə abidə qurulmasına ehtiyac yoxdur. Əsas odur ki, onların xatirəsinə dəyər verilsin və insanların ziyarət edə biləcəyi bir məkan olsun”.

"Məhəmməd Əmin Rəsulzadə” Mərkəzinin rəhbəri, tarixçi-alim Nəsiman Yaqublu da hesab edir ki, Cümhuriyyət qurucularının abidə kompleksinin yaradılması istiqamətində atılacaq hər bir addım uğurlu və alqışalayiqdir.

Layihənin reallaşdırılması prosesinə gəldikdə isə N.Yaqublu hesab edir ki, bu sahəyə dövrün tədqiqatçıları cəlb edilməlidir: "Cümhuriyyət tədqiqatçıları həmin dövrün başlıca xüsusiyyətlərini yaxşı bilirlər. Bizdə adətən hansısa bir dövrü özündə əks elətdirən abidənin qoyuluşu zamanı bunlar nəzərə alınmır. Yaradılan abidə kompleksinə mütəxəssislər cəlb olunmasa, istənilən effekti verməyəcək. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu özündə əks etdirən elementlərdən istifadə olunmalıdır. Görülən işin effektiv olması üçün dövlət mütləq bizim məsləhətlərimizdən faydalanmalıdır”. Rəsulzadə və digər Cümhuriyyət qurucularının abidə kompleksinin yaradılmasına ehtiyac olduğunu deyən N.Yaqublunun sözlərinə görə, bu kompleksdən əlavə Məhəmməd Əmin Rəsulzadəyə Bakı şəhərində ayrıca abidə mütləq qoyulmalıdır. Çünki Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi və bu dövlətin əsasını qoyan liderlərdən biridir. Onun dövlətimiz, millətimiz üçün atdığı addımlar, etdiyi fədakarlıqlar müqabilində ən azı ölkəmizdə onun ev muzeyi yaradılmalı və ona aid bütün eksponatlar burada öz əksini tapmalıdır. Yaxud da yaradıcısı olduğu Bakı Dövlət Universitetinin qarşısında onun büstü qoyulacaq xatirə lövhəsi var. Ya həmin lövhəni götürsünlər, ya da büstünü qoysunlar. 20 ilə yaxındır ki, həmin lövhə ordadır, amma heykəlinin qoyulması istiqamətində heç bir hərəkətlənmə yoxdur.

Rəsulzadə ilə bağlı həllini gözləyən problemlərin çox olduğunu vurğulayan tədqiqatçının sözlərinə görə, görülən ümumi işlər hər nə qədər sevindirici olsa da, onların xatirəsinin əziz tutulması üçün ilk növbədə Cümhuriyyət qurucularının qərib ölkələrdəki məzarları doğma yurda gətirilməlidir: "Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov üçün abidə qoysunlar, amma bu işlərin davamı olaraq da onların məzarının Azərbaycana gətirilməsi istiqamətində də müvafiq addımlar atılsın”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin şəhərin hansı istiqamətdə yaradılmasının məqsədəuyğun olduğuna gəldikdə isə N.Yaqublu deyib ki, sözügedən layihə reallaşacağı təqdirdə şəhərin ən yüksək yerində yaradılmalıdır ki, Bakının hər yerindən görünsün. Abidə "Sahil bağı”nda qoyulsa, daha yaxşı olar. Çünki həmin ərazi həm şəhərin mərkəzidir, həm də insanların sıx toplaşdığı və müntəzəm istifadə etdiyi parklardan biridir.

Şəymən