Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Moderator.az-a son açıqlamasında növbədənkənar prezident seçkiləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Seçkilərin önə çəkilməsinin Qarabağ amili ilə bağlı olduğunu bildirən partiya sədri, siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələrin milli maraqlar məsələsində həmrəy olması gərəkdiyini vurğulayıb.
Lakin B.Quliyevin açıqlamasında ilk baxışdan diqqət çəkməyən sətraldı məqamlar da mövcuddur ki, bu məqamlar Cümhuriyyət Xalq Partiyası sədrinin də prezident seçkilərinə hazırlaşdığını ehtimal etməyə əsas verir.
Belə ki, partiya sədri prezident seçkilərində iştirak edib-etməyəcəyi haqqında konkret fikir bildirməsə də, onun səsləndirdiyi bəzi fikirlər CHP sədrinin də namizədlər sırasına qatılacağını göstərir. Məsələn, növbədənkənar seçkilərin seçki hazırlığı prosesinə mənfi təsir göstərdiyi ilə bağlı ittihamları qəbul etmədiyini bildirən B.Quliyev, normalda seçkilərə ən azından bir il qabaqcadan hazırlıq görüldüyünü bildirib. Başqa sözlə desək, CHP sədri dolayısı ilə bildirib ki, prezidentliyə iddialı olan şəxslər seçki hazırlığını bu günə qədər böyük ölçüdə yekunlaşdırmalı idi. Hamı üçün gözlənilməz olan növbədənkənar seçkiləri sakit bir şəkildə, sıradan bir olay kimi dəyərləndirən B.Quliyevin öz fikirlərində ifadə etdiyi məntiq və rahatlıq, CHP sədrinin çox böyük ehtimalla seçkiyə qatılacağını, bunun üçün gərəkli olan zəruri hazırlığı başa vurduğunu göstərir.
CHP sədrinin qarşıdan gələn prezident seçkilərinə qatılacağı ehtimalını gücləndirən amillərdən biri də B.Quiyevin son aylar siyasi fəallığını nəzərəçarpacaq dərəcədə artırmasıdır. Belə ki, son vaxtlar ölkə mediasında bir-birindən maraqlı ideyalarla çıxış edən CHP sədrinin səsləndirdiyi fikirlər, onun ölkədaxili prosesləri diqqətlə izlədiyini, ictimai-siyasi mühitdəki bütün incəliklərə kifayət qədər bələd olduğunu göstərir. Bu isə onu söyləməyə əsas verir ki, B.Quliyev seçkilərdə iştirak etməkdə qərarlı olduğu üçün siyasi-ictimai prosesləri ikiqat diqqətlə izləməyə üstünlük verir.
B.Quliyevin seçkilərdə iştirak edəcəyini təxmin etməyə əsas verən digər bir amil isə onun ölkə daxili ilə yanaşı, ölkə xaricində də təmas və fəaliyyətini artırmasıdır. Belə ki, B.Quliyevin bir müddət öncə Balkanlara, bir müddət sonra isə Skandinaviya ölkələrinə səfər etməsi, orada bir sıra görüşlər keçirməsi partiya sədrinin siyasi fəaliyyət meydanını sürətlə genişləndirdiyini göstərir. B.Quliyevin qardaş Türkiyə Cümhuriyyətində də mütəmadi görüşlər həyata keçirdiyi, kifayət qədər sanballı siyasətçi kimi tanındığını diqqətə alsaq, CXP sədrinin aprel seçkilərində iştirak üçün əlverişli zəmin formalaşdığı aydın olar.
Bir sözlə, bu və digər amillərin ümumilləşdirilməsi B.Quliyevin növbədənkənar prezident seçkilərinə qatılacağını düşünməyə əsas verir. CHP sədrinin seçkilərdə hansı səviyyədə aktivlik sərgiləyəcəyini isə zaman göstərəcək.