100 il sonra da qəlbimizi qürur hissi ilə doldurdular
"Şərq” qəzeti unikal bir layihəyə start verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 2018-ci ili "Cümhuriyyət ili” elan etməsini rəhbər tutaraq fevral ayından etibarən "Cümhuriyyətçi jurnalistlər” layihəsinə başlayırıq. "Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı layihənin məqsədini kollektivə Fəxri Xiyabanda açıqladı.
"Bu gündən etibarən "Cumhuriyyətçi jurnalistlər” layihəsinə başlayırıq. Fəxri Xiyabanı ziyarətimiz də bununla bağlıdır. Bu məkanda Azərbaycanın dəyərli övladları uyurur. Onlar Azərbaycanın istiqlalı, xalqımızın səadəti, maariflənməsi üçün ömürlərini məşələ çevirmiş şəxslərdir. Çox təəssüflə bunu da xatırlatmalıyıq ki, Cümhuriyyətin yaranmasında, Azərbaycanımızın adının Şərqdə ilk demokratik dövlət olaraq tarixə yazılmasında misilsiz xidmətlər göstərmiş şəxsiyyətlərin əksəriyyətinin məzarı ya qonşu ölkələrdə, ya da uzaq torpaqlardadır. Azərbaycan Xalq Cümhuriyyətini bizlərə miras qoymuş, bu yolda qələmləri ilə xalqa xidmət göstərmiş şəxslərdən yalnız bir neçəsinin məzarı burda - Vətəndir. Onları yad etmək, məzarları başında anmaq və minnətdarlıq bildirmək hamımızın mənəvi borcudur. Bu məqsədlə də "Şərq” qəzeti "Cümhuriyyətçi jurnalistlər” layihəsinə başlayır. Layihə il ərzində davam edəcək. Fikrim var ki, layihə çərçivəsində məhz "Cümhuriyyətçi jurnalistlər” adı altında kitab nəşr olunsun və İstiqlal Günümüz - 28 mayadək kitabın təqdimatını keçirək”.
Həsən bəydən başlanan milli mücadilə"Cümhuriyyətçi jurnalistlər” dedik, amma milli mətbuatımızın beşiyi başında dayanmış xalqımızın mütəfəkkir oğlu Həsən bəy Zərdabidən başladıq. Zərdabi milli fikir, milli dirçəlişin cığır açanıdır. Həsən bəy Zərdabi, "Əkinçi” olmasaydı, bəlkə milli mücadilə alovları da şölələnməyəcəkdi. Hər işin bir başlanğıcı, mənbəyi olduğu kimi Azərbaycanı istiqlala aparan yolun başında da Həsən bəy Zərdabi və onun qəzetçilik məktəbi dayanır. Zərdabinin məzarını ziyarət etdik. Ustadı dərin hörmətlə anıb, "ruhu şad olsun” dedik. Məzarına qərənfillər düzdük...

Üzeyir bəyin məzarına yaxınlaşdıq. Orada keçirdiyimiz hisslər sözlə ifadə olunası deyil. Üzeyir bəyin sükut içində bir nöqtəyə tuşlanmış qranit baxışlarının təsirinə düşmək mümkün deyil. Nələr yaratmayıb bu dahi?! Üzeyir Hacıbəyli Azərbaycanın özüdür. Bəli, dünyaya sığmayan bu fitri istedad sahibi məhz Azərbaycan boydadır! Azərbaycanın vizit kartıdır Üzeyir bəy! Baş redaktorumuz danışır; Üzeyir bəy təkcə Şərqdə ilk operanın banisi deyil. Üzeyir bəyin bütün ömrü yazıb-yaratmaqla keçib. Bu dahi insan çox gənc yaşlarında qəzetçilik edib. Jurnalistlik fəaliyyəti ilə məşqğul olub. Çox gözəl və kəskin qələmi ilə seçilib. Cümhuriyyyət qurulduqdan sonra ilk rəsmi mətbu orqan "Azərbaycan” qəzetinin baş redaktoru olub və özü də parlament müxbiri kimi fəaliyyət göstərib. Üzeyir bəyin məqalələri o dövrün mənzərəsini dəqiqliyi ilə əks etdirir. Onun bir neçə məqaləsini oxumaq kifayətdir ki, 1918-20-ci illərdə hansı hadisələrin cərəyan etdiyi haqqında məlumatlı olasan. Ruhun şad olsun, böyük insan, dahi insan!..”
Üzeyir bəyin məzarı yanında dəfn edilmiş həyat yoldaşı Məleykə xanım Hacıbəyli-Terequlovanın da məzarını ziyarət etdik. A.Aşırlı dedi ki, Məleykə xanım Üzeyir bəyin məsləkdaşı, köməkçisi olub. O da mütləq ehtiramla yad edilməlidir...

Üzeyir bəyin məzarının yanında başqa bir dahi - Zülfüqar Hacıbəyli uyuyur. A.Aşırlı Zülfüqar bəyin məzarını gördükdə sevindi və təsirləndi: "Nə yaxşı, Zülfüqar bəy də "burdadı”. Bizə müraciətlə "uşaqlar, bilirsiniz də, Zülfüqar bəy Hacıbəyli Azərbaycanda ilk mədəniyyət dərgisi "Övraqi-nəfisə”ni nəşr etdirib (Baş redaktorumuzun kollektivə bu sayaq müraciəti səbəbsiz deyildi. "Şərq” qəzetinin redaksiyasında fəaliyyət göstərən Mətbuat Tarixi Muzeyində Zülfüqar Hacıbəylinin nəşr etdirdiyi və baş redaktoru olduğu "Övraqi-nəfisə” jurnalının fotosurəti var, Zülfüqar Hacıbəylinin rəsmi ilə yanaşı. Baş redaktorumuz sanki bizim yaddaşımızı "test” edirdi; "Övraqi-nəfisə”ni unutmamısınız ki?!”).
Keçid aldıq başqa bir dahinin məzarına. Azərbaycanın Şekspiri, dramaturgiyamızın, bu sözün tam mənasında tuncdan yonulmuş abidəsi - Cəfər Cabbarlı!.. Bu dahinin adı önündə daha hansı isimlər yoxdur ki?! Dramaturq, yazıçı, nasir, jurnalist, tərcüməçi, aktyor, rejissor... Baş redaktorumuz Cəfər Cabbarlı haqqında maraqlı faktlar danışdı. C.Cabbarlının cümhuriyyətçi olmasını, ozamankı dövri mətbuatda müntəzəm məqalələrlə çıxış etməsini, Cümhuriyyətimizi öz möhtəşəm şeirləri ilə tərənnüm etməsini, "Bakı müharibəsi” əsərində 1918-ci illər hadisələrini qələmə almasını, Qafqaz-İslam Ordusuna və məxsusi Nura Paşaya əsər ithaf etməsini yada saldı. Dedi ki, sovet hakimiyyəti qurulduqdan sonra Cəfər Cabbarlıya da təzyiqlər başlayıb. Məhz "Ədinnə fəthi” və "Trablus müharibəsi” əsərlərinə görə onu tez-tez "NKVD”-yə çağırırlarmış, əziyyət edirlərmiş. Nəhayətdə, dahinin ürəyi dözməyib, infarkt keçirib.

Növbəti "dayanacağımız” Abdulla Şaiqin məzarı oldu. A.Aşırlı Abdulla Şaiqin cümhuriyyət dönəmində qəzetçilik etməsindən, məqalələr yazmasından, Cümhuriyyətə "Hürriyyət pərisi” şeirini ithaf etməsindən, Qafqaz-İslam Ordusuna xitabən "Niyə belə gecikdin” məzmunlu şeir yazmasından söz açdı. Abdulla Şaiq Cümhuriyyət illərində məktəblər, milliləşmə məsələlərinə tez-tez müraciət edib, tədris proqramları, dərsliklərin hazırlanmasında komissiya üzvü kimi iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Abdulla Şaiqin də sanki alovu "sönüb”. Bu böyük insan kənara çəkilərək qalan ömrünü yalnız uşaq şeirləri, hekayələr yazmağa sərf edib.
Gəldik, Əbdürrəhim bəy Haqverdiyevin məzarı başına. Baş redaktorumuz məlumat verdi ki, Azərbaycan ədəbiyyatının bel sütunlarından sayılan Əbdürrəhim bəy Haqverdiyev eyni zamanda "Molla Nəsrəddin” məktəbinin nümayəndəsi olaraq jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif imzalarla çıxış edib. Başqa bir xüsus isə budur ki, Ə.Haqverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanda ilk səfiri olub. Və ermənilər tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində törədilən vandalizm aktlarına rəsmi şəxs kimi etirazını bildirib.
"Molla Nəsrəddin” məktəbinin əvəzsiz nümayəndəsi, ilk azərbaycanlı karikaturaçı rəssam Əzim Əzimzadənin və "molla nəsrəddinçi” satirik şairimiz, həm də jurnalistlik fəaliyyəti göstərmiş Əli Nəzminin məzarını da ziyarət etdik, məzarları üzərinə qərənfillər qoyduq.
Bu dahiləri ziyarət etdikcə, qəlbimiz qürur hissi ilə dolurdu. Kimlər bəxş etməyib xalqımıza Azərbaycan torpağı. Ziyarət etdiyimiz və ziyarət edilməsi mümkünsüz olan "cümhuriyyətçilər”in hər biri Azərbaycanın istiqlalı naminə canını fəda etmiş, öz amallarından bir an belə dönməmiş şəxsiyyətlərdir.
Qələmindən istiqlal daman RəsulzadəŞübhəsiz, ömrümün sonunadək baş redaktorumuzun Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi bu ifadəni unutmayacağam; Rəsulzadənin qələmindən istiqlal damırdı...
Fəxri Xiyabandan çıxıb Novxanı kəndinə yol aldıq. Və budur! Bizə hürriyyət, istiqlal, müstəqillik şərbəti içirmiş İnsan - Məhəmməd Əmin Rəsulzadənin doğulduğu müqəddəs məkan - Novxanı kəndi. Novxanıda Məhəmməd Əmin Rəsulzadənin dünyaya göz açdığı ev. Uşaq bağçasıdır o ev. Gül balalar orada dincəlir, istirahət edir, yatır, oynayır - böyüyürlər. Məncə, bu evin uşaq bağçası olmasının özündə də hardasa, Allah rizası var. Rəsulzadə kimi şəxsiyyətin doğulub boya-başa çatdığı evdə bu gün balalarımızın böyüməsi Azərbaycanın istiqlalının məntiqi davamıdır məncə. Balalar orda böyüyürsə, nəsillər davam edir demək, deməli, tarix də davam edir, müstəqilliyimiz həqiqətən əbədidir.
M.Ə.Rəsulzadənin doğulduğu evi ziyarət etdik. Onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin manifestini yazmış, dövlətçiliyin əsaslarını tərtib etmiş və Milli Şuranıni sədri olan Rəsulzadə haqqında evin çöl tərəfində, darvazaya yaxın bir yerdə divara vurulmuş lövhədə Rəsulzadənin tanıtımı çox kasaddır, qramatik cəhətdən də düzgün tərtib edilməyib. İçəri keçdik.

Azərbaycana istiqlal bəxş edəcək bir insanın bir vaxtlar bu otaqlarda yaşaması, var-gəl etməsi, yəqin ki, uşaq oyunları oynamasını düşünmək insanda qəribə hisslər yaradır. Kim bilərdi ki, bu otaqlarda uyuyub-qalxan uşaq vaxt gələcək dövlət quracaq, Azərbaycanın adını tarixə qızıl hərflərlə yazacaq. Azərbaycan uğrunda mücadilə aparacaq, canıyla-qanıyla TARİX yaradacaq. M.Ə.Rəsulzadəyə aid heç nə yoxdu o evdə. Amma o evi ev-muzeyi halına gətirmək, xatirə evi kimi formalaşdırmaq çətin olmasın gərək. Xüsusilə də Cümhuriyyətimizin 100 illik yubileyi münasibətilə bizcə, bu işi başlamağın uyğun zamanıdır. Cümhuriyyətimizin digər qurucularının heç birinin onsuz da Azərbaycanda nə bir evi, nə məzarı var. Çox kasıbıq, bu baxımdan. Bir halda ki, M.Ə.Rəsulzadənin doğulduğu ev salamatdır, onu xatirə yurduna, ev-muzeyinə çevirmək, Cümhuriyyət bayramına və Cümhuriyyət ilinə ən gözəl hədiyyələrdən biri olardı. O evə, həyətə rəğbətlə, sevgiylə nəzər salıb tərk etdik. M.Ə.Rəsulzadənin abidəsi önünə gəldik. Bu dahi insanın abidəsi önünə çiçəklər qoyduq. A.Aşırlı Rəsulzadənin titanik fəaliyyətindən danışdı. Gənc yaşlarından jurnalist, mühərrir fəaliyyəti göstərməsindən, Təbrizdə Avropa meyarlı "İrani-Nou” qəzeti nəşr etməsindən, "Açıq söz”ü hansı şərtlər altında ərsəyə gətirməsindən və bu qəzetin baş mühərriri olmasından, qəzetin hər sayında baş məqalə ilə çıxış etməsindən, ömrünün sonunadək də jurnalistlik edib Azərbaycanın haqq davasını dünyaya çatdırmasından, mühacirlik həyatı boyunca dincəlmədən müxtəlif mətbu orqanlar nəşr etdirməsindən danışdı və bunu dedi: "Rəsulzadənin qələmindən istiqlal damırdı. Bu dahi insan bütün ömrünü Azərbaycanın istiqlalına, Azərbaycanın səadətinə həsr etdi. Ruhun şad olsun, böyük insan”. Biz də bu sözləri təkrarladıq və Rəsulzadənin xatirəsini ehtiramla yad etdik.
Qeyd edək ki, "cümhuriyyətçilər”in xatirəsini yad etmək üçün növbəti səfərlər də təşkil olunacaq.
Məlahət Rzayeva