Dam örtüyü hələ təmir edilməyib

225 saylı məktəbin şagirdləri 53 saylı məktəbə köçürüləcək



Bir neçə gün öncə ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində Yasamal rayonundakı 225 nömrəli orta məktəbin hələ təmiri başa çatmamış dam örtüyünü külək uçurub. Nəticədə yuxarı mərtəbələrdə olan sinifləri su basıb. Bir sıra siniflərin tavanı uçub.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva "Şərq”ə açıqlamasında bildirib ki, oktyabrın 19-u Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxmış, bununla əlaqədar müvafiq ekspertlər araşdırma aparıb. "Nəticədə şagirdlərin təhlükəsizliyinin təmin olunması şərti ilə məktəbin damının beton örtüyü dəyişdirilib”.

A.Tairquliyeva məktəbin tavanından su sızmasına da aydınlıq gətirib: "Noyabr ayının 2-si və 3-ü havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq 225 nömrəli məktəbin dam örtüyündən 3-cü mərtəbəyə su sızması nəticəsində tavanın suvaq örtüyünə ziyan dəyib. Hazırda məktəbin dam örtüyündə dəmir bərkitmə işləri davam etdirilir.

Şagirdlərin dərslərinin davam etdirilməsinə gəlincə, qurum rəsmisi təmir-bərpa işlərinin sürətlənməsi və tədrisin davamlılığını təmin etmək məqsədilə 225 nömrəli məktəbin şagirdlərinin müvəqqəti olaraq 53 nömrəli məktəbə köçürülməsinin nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, təmir-bərpa işlərinin nə zaman yekunlaşacağı barədə isə məlumat verilməyib.

Vüqar Şahinoğlu