Danışıqlar müsbət nəticələnib

Zəlimxan Məmmədli mart ayında Gürcüstana gedəcək




Bu günlərdə "Borçalı” Cəmiyyətinin Gürcüstandan səfərdən qayıdan nümayəndəsi Giya Pasxataşvili təşkilat sədri Zəlimxan Məmmədli ilə görüşüb. Bu barədə "Şərq”ə cəmiyyət rəhbərinin özü məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində özünün və cəmiyyətin digər üzvlərinin adıçəkilən ölkəyə buraxılmamasına dair bir sıra görüşlər keçirilib:

"Hələlik görüşlərin detallarını mətbuata açıqlamaq istəmirəm. Çünki ermənilər və bizim ermənixislətlilər bundan bizə qarşı bumeranq kimi istifadə edirlər. Üstəgəl, bəyanatlarımız Gürcüstanın prezident aparatı, Milli Təhlükəsizlik və Daxili işlər orqanlarında əlavə qıcıq yaradır. Bir onu deyə bilərəm ki, təmsilçimizin danışıqları müsbət nəticələrlə yekunlaşıb. Çox güman ki, yaxın zamanlarda, mart ayının birinci yarısına qədər Gürcüstana səfər edəcəyik. Həmin ölkənin bütün qurumları qarşısında cavab verməyə hazıram. Hansısa bir formada rəsmi Tiflisin milli maraqlarını təhlükə altına alan addımımız olmayıb. İnşallah, ən yaxın zamanda həm Azərbaycanı, həm də Gürcüstanı sevindirən xəbərlər eşidərik. Bir daha söyləyim ki, Gürcüstan siyasi elitası ilə təmaslar getdikcə yüksəlir”.

Yada salaq ki, bir müddətdir ki, "Borçalı” Cəmiyyətinin sədri Z.Məmmədli və təşkilatın digər üzvlərinin Gürcüstana buraxılması yasaqlanıb. Məsələ barədə Azərbaycan və Gürcüstanın yüksək rəsmi dairələri məlumatlandırılsa da, problem həllini tapmır.

Ayyət Əhməd