Danışıqların faydası yoxdur

Elmar Məmmədyarov Nalbandyanla görüşdən imtina edib



Xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın Bazel görüşü baş tutmayıb. Bu barədə XİN-in mətbuat rəhbəri Hikmət Hacıyev məlumat verib. Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrədə keçirilən şura iclasında bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı gözlənilirdi.

Lakin nazirlər ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşsələr də, E.Məmmədyarovla E.Nalbandyanın görüşü alınmayıb. İkitərəfli danışığın baş tutmamasının əsas səbəbi kimi E.Məmmədyarovun erməni həmkarı ilə görüşdən imtina etməsi göstərilir. Deyilənə görə, Azərbaycan tərəfi bu cür toplantıları faydasız hesab etdiyi üçün XİN rəhbəri görüşə razılıq verməyib. "Twitter” səhifəsində məsələyə münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşməməsindən təəssüfləndiyini bildirib. Həmsədr bəyan edib ki, dialoq sülh prosesinin vacib hissəsidir. Millət vəkili, politoloq Rasim Musabəyov isə bildirib ki, nazirlərin bir araya gəlməməsi onu göstərir ki, ermənilərlə oturub nəyisə müzakirə etməyə heç bir şey yoxdur: "Ümumiyyətlə, Bazeldəki iclas Azərbaycan üçün uğurlu nəticə ilə yekunlaşmadı. Onsuz da tərəflər hər il mütəmadi olaraq görüşürlər. Axı bu vaxta kimi həmin danışıqların hansı faydası olub ki, bu görüşün də mühüm əhəmiyyəti olsun?”.

Siyasi ekspert Arzu Nağıyev də xarici işlər naziri Elmar Məmmədyarovun görüşdən imtina etməsini doğru seçim adlandırıb: "Prezidentlərin görüşlərində artıq sülhün cücərtiləri hiss olunmaqda idi. Lakin bunlardan dərhal sonra Ermənistanın 27 min nəfərlik hərbi heyətlə təlim keçirməsi, ölkəmizin hava sərhədini pozması bu cücərtiləri məhv etdi. Elmar Məmmədyarovun o görüşdən imtinası isə tam haqlı idi. Çünki boş söhbətlərlə vaxt itirmək heç də məqsədəuyğun deyil”.

Politoloq Qabil Hüseynli isə Azərbaycan xarici işlər nazirinin görüşdən imtina etməsini o qədər də düzgün addım hesab etmir. Politoloqun sözlərinə görə, nəticəsiz olsa da, bu kimi beynəlxalq

görüşlərə razılıq vermək vacibdir: "İndi ermənilər bütün dünyaya car çəkəcək ki, biz görüşmək istədik, öz "xoş münasibətimizi” göstərdik, amma Azərbaycan tərəfi bunu qəbul etmədi. Hesab edirəm ki, onsuz da kövrək olan körpüləri yandırmamalıyıq. Eyni zamanda prezidentlərin danışığında da qərara alınıb ki, növbəti Nyu-York görüşünə qədər xarici işlər nazirləri mütəmadi olaraq bir araya gələrək müzakirə aparsınlar. Fikrimcə, nazir erməni həmkarı ilə görüşüb ən azından girovlarımızın qondarma məhkəməsini dayandırmalı idi”. Kiməsə ağıl vermək fikrində deyiləm, amma prosesi başladıb, oradan yarımçıq çıxmaq məncə, uğurlu gediş olmaya bilər”.

İsmayıl