“Darbə” baş tutmadı, suallar isə qalır

Türkiyədəki çevrilişlə bağlı xeyli qaranlıq məqamlar var
“Ordu və əsgərlə bağlı belə halların baş verməsi cəmiyyətdə ikrah doğurur. Türkiyənin dünyəviliyi təhlükə altındadır. Belə hallar Türkiyədə qarşıdurmanı gücləndirə bilər”


Hazırda Türkiyədə olan "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə qardaş ölkədəki hərbi çevrilişə cəhdin gizlinlərindən danışıb. Türkiyəyə hadisə baş verən andan bir saat öncə çatdığını deyən ekspert qeyd edib ki, həmin məqamda insanlar təşviş içərisində idilər:

"Hər kəs ciddi narahatlıq keçirirdi. Təbii ki, gözlənilməz proses idi. Düzdü, bunu Ərdoğanın ssenarisi adlandıranlar da var. Amma düşünmürəm ki, Ərdoğan özünə qarşı çevriliş planı hazırlasın. Bu, çox pis oyun olardı. Qiyamçılar uğur qazansa idilər, Türkiyənin suverenliyinə təhlükələr yaranardı. Bununla yanaşı, bəzi məsələlər məndə suallar doğurur. Hətta Türkiyədə ünsiyyətdə olduğum sakinlərdə də müəyyən suallar yaranıb. Yəni, necə olur ki, bu qədər hərbiçi çevriliş planı hazırlayır, aylardır ordunun içərisində plan hazırlanır, bu işdə yüzlərlə adam iştirak edir, amma Milli İstiqbaratın bundan xəbəri olmur? Bu birinci sual. İkinci sual odur ki, çevrilişə cəhdlər aradan qaldırılandan dərhal sonra həbslərə başlanıldı. Qısa müddət ərzində nədən bildilər ki, həmin prokuror və hakimlər "barmaq izi” olub? Bu da müəyyən şübhələrə yol açır. Görünür, saxlanılan şəxslərlə bağlı siyahı öncədən hazır olub. Bax, bu suallar Türkiyə cəmiyyətində də müzakirə olunur”.

Ekspert bildirib ki, qiyamçıların bütün kanalları deyil, yalnız TRT-ni ələ keçirməsi də suallar doğurur: "Axı, yalnız TRT-ni ələ keçirməklə iş bitmir. Digər kanallar yenə də işlərini davam etdirirdilər. Bundan başqa, Ərdoğanın dərhal xəbər tutması və oteli tərk etməsi də müzakirə mövzusudur”.

Mərkəz sədrinin fikrincə, çevrilişin uğursuz olması Ərdoğanın "əli”ni gücləndirəcək: "8 minə yaxın adam həbs olunub. Bu, balaca rəqəm deyil. Onların ailələri də var. Gör, nə qədər polis işçisi, hərbiçi və prokurorun həyatı, ailəsi puç oldu. Bu hadisəyə qədər Ərdoğan konstitusiyaya dəyişiklik edib, Prezidentin səlahiyyətlərini artırmaq istəyirdi. Gülənçilərlə mübarizə aparırdı. Amma niyyətini gerçəkləşdirə bilmirdi. İndi olaylardan istifadə edib, qısa müddət ərzində konstitusiyanı dəyişdirib, səlahiyyətlərini artıra bilər”.

"Bu işin arxasında Gülənin barmaq izi varmı” sualına gəlincə, ekspert qeyd edib ki, F.Gülənin Amerikada oturub, türk ordusuna təsir göstərməsi inandırıcı görünmür: "Türkiyə vətəndaşları bunu da müzakirə edirlər. Çevriliş cəhdinə Türkiyədə birmənalı qiymət yoxdur”.

E.Şahinoğlu türk əsgərlərinin döyülməsinə də diqqət çəkib: "Necə olur ki, çıxıb yolun ortasına əsgəri şallaqlayırlar? Şəkillər yayırlar. Ola bilsin, bəzi fotolar montaj olunub. Amma fakt odur ki, mehmetcik alçaldıldı. Əsgər hardan bilsin ki, onun komandiri hərbi çevriliş edir. Biz də əsgərlikdə olsaydıq, bizə də vur əmri verilsəydi, vurardıq. Türk ordusundakı həbslər gələcəkdə orduya mənfi təsir göstərəcək. Ergenekon əməliyyatı keçirildi. Çoxsaylı adamlar həbs olundu və sonra buraxıldı. Bu da türk ordusuna mənfi təsir göstərdi. Ərdoğan hər tərəfdən təhlükələrlə üz-üzədir. Türkiyəni təhlükədən qoruyan ordudur. PKK ilə savaşır. Türkiyənin təhlükəsizliyinə ordu cavabdehdir. Düzdü, oyuna düşənlər də var. Ümumilikdə, ordu missiyasını layiqincə yerinə yetirir. Ordu və əsgərlə bağlı belə halların baş verməsi cəmiyyətdə ikrah doğurur. Türkiyənin dünyəviliyi təhlükə altındadır. Hazırda Gülənlə bağlı hər hansı bir şəxsi həbsə almaq da yaxşı heç nə vəd etmir. Belə hallar Türkiyədə qarşıdurmanı gücləndirə bilər”.

Həmsöhbətimiz söyləyib ki, Türkiyə vətəndaşlarının 30-40 faizi indiki hakimiyyətdən narazıdır: "Bəli, sayları azdır. Amma azlığın da fikirlərini nəzərə almaq lazımdır. "Mən səs çoxluğu qazanmışam, istədiyimi edə bilərəm” hikkəsi ilə yaxşı nəticə əldə etmək olmaz. Həbs olunan insanların ailələri var. Hazırda Türkiyədə ailə dramı yaşanır”.

Politoloqun fikrincə, Ərdoğan uğursuz hərbi çevrilişdən sonra daxildəki rəqib qüvvələri neytrallaşdırmaqla məşğuldur: "Bu siyasətin davamı Ərdoğanın aylarını, bəlkə də illərini alacaq. İki gündür davam edən kütləvi həbslər ordunun gücünü zəiflədəcək. Minlərlə hərbçi, yüksək rütbəli zabit həbs olunub. Dövlət bunların hazırlanmasına vaxt və pul xərcləyib. Peşəkar hərbi pilotu hazırlamaq üçün uzun illər lazımdır, indi isə onların bir qismi həyatlarının qalan hissəsini həbsxanada keçirəcəklər. 8 min polis işçisi həbs olunub. Hər ailəni 4-5 nəfərdən götürsək, ancaq polis sistemindəki həbslər təxminən 40 min nəfərin həyatının puç olması deməkdir, bu ailələrdəki uşaqlar da travma alacaqlar”.

Sonda müsahibimiz onu da əlavə edib ki, Ərdoğan bu həbslər və təmizləmələr vasitəsilə əlini gücləndirəcək, ancaq o, xarici siyasətdəki ambisiyalarına göz gəzdirmək məcburiyyətində qalacaq: "Ərdoğan zəifləmiş ordu ilə hansı dövləti qorxu altında saxlada bilər? Ərdoğan hələ bir müddət vaxtının çoxunu daxili problemlərin həllinə yönəldəcək, xarici siyasətdə isə küsdükləri ilə barışmaq məcburiyyətində qalacaq. Ərdoğanın bundan sonra kimsəyə xaricdə barmaq silkəlməsi də problematikdir. Deyərlər ki, get hələ daxilindəki problemlərini həll et, sonra bizimlə mübahisə edərsən. Ərdoğan böyük ehtimalla Rusiya ilə də yaxınlaşacaq. Rusiya Prezidenti Vladimir Putin Qərb liderlərindən fərqli olaraq yeganə lider idi ki, çevriliş sonrası Ərdoğana zəng edərək ona dəstək ifadə etdi. Moskva hətta çevriliş uğurlu olacağı halda Ərdoğana siyasi sığınacaq verəcəyini də açıqladı. Türkiyə hardan hara gəldi. İnşallah, Türkiyə bu çətinlikləri də adlayıb növbəti inkişaf mərhələsinə qədəm qoyar. Bu, Azərbaycana da lazımdır. Ancaq mən dostum Şahin Cəfərli ilə razıyam, biz öz yolumuzla getməli, dünyəviliyimizi qorumalıyıq”.

Vəziyyəti dəyərləndirən digər politoloq Fərhad Mehdiyev qeyd edib ki, Türkiyədə bundan əvvəl 3 dəfə - 1960, 1970 və 1983-cü illərdə hərbi qiyam baş verib. 1960 və 1983-cü illərdəki qiyamın nəticəsi olaraq konstitusiyada dəyişikliklər aparılıb. 1970-ci il çevrilişi isə hakimiyyət dəyişikliyi ilə sonlanıb: "Ergenekon məhkəməsi olmasaydı, bəlkə də bu qiyam "uğurla” başa çatardı. Ergenekon məsələsində orduda xeyli təmizləmə işləri aparıldı. Amma görünür, bu iş yüksək səviyyədə həyata keçirilməyib. Yəni orduda yenə ergenekon şüurlu generallar qalıbmış. Deyim ki, Türkiyə bu cür hərbi qiyamı Osmanlı tarixində və hətta Cümhuriyyət dönəmində də yaşayıb”.

Hərbi çevrilişə cəhddə Fətullah Gülənin "barmaq izi”nin olması məsələsinə nəzər yetirən politoloq bu barədə konkret bir söz deyə bilməyəcəyini bildirib: "Amma düşünürəm ki, bu, bir az real görünmür. Düzdü, polis sistemində gülənçilər vardı. Amma ordu özünü qoruyurdu. Ordu sisteminə işə qəbul zamanı ciddi yoxlamalar aparılırdı. Digər tərəfdən əgər biz desək ki, məlum hadisə gülənçilərin işidir, onda belə çıxır ki, ordudakı generalların 25 faizi gülənçidir. Təbii ki, bu, inandırıcı deyil. Həm də inanmıram ki, gülənçilər belə qısa müddətdə çoxsaylı general yetişdirə bilsinlər. Həm də gülənçilər belə bir qiyam etmək istəsəydilər, bunu "Gəzi olayları” zamanı gerçəkləşdirib, hakimiyyəti devirə bilərdilər. Çünki həmin vaxtlar xalq da Türkiyədəki iqtidarın getməsini istəyirdi. Həmin vaxt ordu da qiyam etsəydi, hakimiyyət devrilərdi. Deməli, burada gülənçilərin barmaq izi görünmür. Yəni doğrudan da gülənçilər orduda yerləşmişdilərsə, hərbi çevriliş edib, hakimiyyəti devirmək istəyirdilərsə, bunu "Gəzi parkı” olayları zamanı reallaşdırıb, istəklərinə nail ola bilərdilər. Amma yenə də heç nəyi dəqiq demək olmaz. Hər şey aparılan istintaq tədbirlərindən sonra məlum olacaq”.

M.Mehdiyev "qiyamın arxasında Amerika dayanır” iddiaları ilə də razılaşmayıb: "Qətiyyən Amerikanın işi deyil. ABŞ Prezidenti hadisənin hansı şəhərdə baş verməsindən belə məlumatsız idi. Ona görə də bu işin arxasında qətiyyən Amerika dayanmır”.

Ayyət Əhməd