"Avropa Parlamentində bir neçə deputat, kiminsə təzyiqi altına düşüb, Azərbaycan və Türkiyəyə qarşı qərəzli bəyanatlar səsləndirir. Onların da başında ermənilər dayanır”.
Bunu Sherg.az-a İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, senator, Avropa Parlamentinin deputatı Fiorella Proveranın "Həm Avropa, həm də digər dövlətlərin parlamentlərində Azərbaycana qarşı açıq qısqanclıq və paxıllıq mövcuddur” –açıqlamasına münasibət bildirərkən millət vəkili Rauf Əliyev deyib.
O bildirib ki, Avropa İttifaqının Azərbaycana qarşı münasibəti həmişəki kimi ikili standart xarakteri daşıyır:
"Dağlıq Qarabağ üzrə mövcud olan 4 qətnamə var ki, indiyə qədər yerinə yetirilməyib. Bu həll olunmalıdır. Azərbaycan və Türkiyəyə qarşı müxtəlif qərarlar çıxarırlar. Bu gün Azərbaycanın əleyhinə bir şey yazıb, yapışdıra bilmirlər. Əsas bir məsələdən yapışıblar ki, Azərbaycanda guya insan hüquqları tapdanır. Bu, əslində onların prizmasında elə ola bilər, amma bizim baxış bucağımızda belə deyil. Qəbul edirik ki, kim cinayət edib, cinayətkardır. Bu, sübut olunur. Kimsə cinayət edir, adı qoyulur ki, siyasi məhbusdur. Niyə? Harada olub, o siyasi məhbus? Məlumatları istifadə edirlər ki, guya insan haqları pozulur. Əgər belədirsə, Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünləri var. Onların haqqı, hüququ necə olacaq? Haradadır, Avropa Şurası və Avropa parlamentinin humanizmi ? Sual edirəm:Niyə qərar çıxartmırlar, öz yurd yuvalarından qovulan insanların haqqını niyə müdafiə etmirlər? Niyə Ermənistana bunlar deyilmir? O ölkədə seçkilər keçirilir, insanlar küçəyə axışır, qarşıdurma baş verir. Nəticədə çoxsaylı ölüm faktları qeydə alınır. Avropa Şurasından hansı qərar çıxarıldı? Bunların hamısı ikili standartların nəticəsidir. Azərbaycana qarşı qərarlar qəbul edilir. Biz bu qərarlara baxıb, dayanmamalıyıq. Öz işimizdə olmalıyıq. Getməliyik, danışmalıyıq, nümayəndə heyətimiz də həmişə beynəlxalq tribunada çıxış etməlidir. Həmçinin Türkiyə rəsmiləri də zamanla Avropa İttifaqının tədbirlərində iştirak edirlər. Onlar Azərbaycanın balaca bir regionda həm iqtisadiyyatı, həm də tranzit layihələrlə lider ölkə kimi tanınmasını qəbul edə bilmirlər”.
Deputat xatırladıb ki, Suriyada baş verən proseslərdə 1 milyondan çox qaçqın Avropaya axışdı. Avropa "partladı” və indi də "partlayır”:
"Çünki o qaçqınları təmin edə bilmədilər. Görün onda, Azərbaycan 25 ildir qaçqınları necə saxlayır. Bəs bunları Avropa görmürmü? Xeyr, kor deyillər, onlar sadəcə görmək istəmirlər. Bu səbəbdən biz nəinki daxildə, həmçinin beynəlxalq aləmdə təbliğat aparmalıyıq. Qarabağ həqiqətlərini, işğal reallığını mütəmadi olaraq, bütün il boyu ictimaiyyətə çatdırmalıyıq. Vaxt var idi, Ermənistanın diasporası daha böyük idi, indi elə deyil. Tək Fransada böyük diaspora təşkilatı fəaliyyət göstərir.
Fransada keçiriləcək prezident seçkilərindəki əsas iki namizəd erməniləri dəstəkləyir və onlara Qarabağla bağlı vədlər verir. Onlar hər ikisi eyni sosial bazadandırlar. Özlərinə səs yığmaq üçün belə popurist çıxışlar edirlər. Obama və Tramp da ermənilərə bu cür vədlər verirdi, amma əməl etmədilər.
Ona görə biz ölkəmizi inkişaf etdirmək üçün ölkə başçısının strateji xəttinin yanında olmalıyıq. Gənclərimizi vətənpərvər ruhda böyütməliyik. Mədəniyyət abidələrimizi qorumalıyıq. Bütün məsələlər vaxtla öz həllini tapacaq. Nə Avropa Şurasından, nə BMT-dən, digər təşkilatlardan qorxmaq lazım deyil. İrəli gedib, sözümüzü deməliyik. Haqq-ədalət bizim tərəfimizdədir və öz yerini tapacaq”.
Qeyd edək ki, İtaliyalı deputat bir sıra avropalı deputatların Azərbaycanda demokratik təkamülü görmək istəmədiyini söyləyib.
Ayyət Əhməd