Dərd təkcə Moskva deyil

Rusiyaya getməyən məhsulların da qiymətində bahalaşma var



Payızı məhsul bolluğu mövsümü adlandırırlar. Lakin bazarlarımızda müşahidə olunan qiymət artımı fəslin bu müsbət tərəfini görməyə imkan vermir. Hələ rayonlarda məhsul yığımı başa
çatmayıb, amma sözün əsl mənasında bazarlar "od tutub yanır”. Bir çox ərzaq məhsullarının qiymətində 2 dəfədən artıq artım müşahidə olunur.

Bahalaşmaya səbəb kimi, Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etdikdən sonra kənd təsərrüfatı məhsullarını daha çox Azərbaycandan idxal etməsi göstərilir. Yaranmış fürsətdən maksimum faydalanan yerli fermerlər məhsullarını daha tez və baha satmaq üçün kütləvi şəkildə Rusiya bazarına üz tutur. Nəticədə, yerli bazarda məhsul azalır və qiymətlər bir çox hallarda süni şəkildə qaldırılır. Satıcılar son zamanlar bazara gətirilən məhsulların keyfiyyətinin də aşağı olduğundan narazıdırlar. Bu durum fermerləri nə qədər razı salsa da, satıcıların və alıcıların etirazına yol açıb. Bazarlardakı bahalığa və qıtlığa münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi (KTN) bunu Rusiyaya daşınma ilə deyil, quraqlıq və mövsümlə izah edib. Nazirlikdən deyilib ki, rayonlarda mövsüm yığımı xeyli müddətdir başa çatdığı üçün bazarlarda meyvə-tərəvəz defisiti yaşanır. Bir sözlə, əlaqədar orqan Rusiya faktorunu təkzib edib. Amma bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov KTN-in yalanını ifşa edib. Belə ki, Rusiya XİN rəhbəri İTAR-TASS-a açıqlamasında Azərbaycan məhsullarını tərifləyib. "Hər şey həll olunandır. Belə məqamda tələsmək lazım deyil. Bir ölkədən idxal dayanırsa, onu digər ixracatçı, yaxud Rusiya istehsalçısı ilə əvəzləmək lazımdır. Hesab edirəm ki, heç kim Azərbaycan və Orta Asiya respublikalarından gətirilən meyvə-tərəvəzin Avropadan gətirilən məhsullardan daha keyfiyyətli, daha dadlı olduğuna şübhə etməz. Ən azından onlar mənim xoşuma daha çox gəlir”.

Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarında bahalaşmanın səbəbləri barədə "Şərq”ə danışan iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, qiymət artımı daha çox tərəvəz məhsullarının satışında müşahidə edilir: "Son iki həftədə bu özünü ciddi şəkildə göstərir. Praktiki olaraq, tərəvəz məhsullarının qiyməti 3 dəfə artıb. Qiymətlərin qalxmasının səbəblərindən biri Avropa İttifaqının embarqosundan sonra Rusiya bazarının Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının artması ilə bağlıdır”.

Ekspert hesab edir ki, Azərbaycan üçün Rusiya bazarı daha sərfəlidir. Çünki yerli fermerlər istehsal etdikləri məhsulları Rusiya bazarına daha baha qiymətə çıxara bilirlər: "Embarqodan sonra fermerlərin Rusiya bazarlarına maraqları daha da artıb. Bu da ölkə daxilində qıtlığın yaranmasına səbəb olur. Qiymət artımı ilə müşahidə edilir”.

V.Bayramov qiymət artımının mövsümi xarakterli olmasını da istisna etməyib: "Bəzi kənd təsərrüfatı məhsulları üçün mövsüm başa çatıb. Meyvələr üçün də bu tendensiya müşahidə edilir. Xüsusilə havaların isti keçməsi, quraqlıq meyvə və tərəvəz məhsullarının istehsalında müəyyən problemlər yaradıb”.

Həmsöhbətimiz bəyan edib ki, iş adamlarının süni qiymət artımı da bahalaşmaya səbəb ola bilər: "Apardığımız monitorinqlər zamanı bununla bağlı kifayət qədər faktlara rast gəlmişik. Elə məhsullar var ki, onlar faktiki olaraq Rusiya bazarına çıxarılmır. Buna baxmayaraq həmin məhsulların qiymətlərində də bahalaşma var. İqtisadiyyat və Sənaye Nazirliyi məsələni diqqətdə saxlamalıdır”.

Ekspert vurğulayıb ki, hər şeydən öncə, mövcud durumdan istifadə edib qiymətləri süni şəkildə artıranlara nəzarəti gücləndirmək lazımdır: "Bəzi dəllallar bahalaşma faktından psixoloji olaraq istifadə edirlər. Bu səbəbdən İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına qarşı mübarizəni gücləndirməlidir. İstehlak bazarında müşahidə edilən bütün süni qiymət artımlarının qarşısı alınmalıdır. Məhsula çəkilən xərc, maya dəyəri dəyişməyibsə, həmin məhsulun qiyməti artırsa, bu, süni qiymət artımı sayılır. Azərbaycan qanunvericiliyi bu cür qiymət artımına icazə vermir. Digər tərəfdən yarmarkaların sayının və dövriliyinin artırılmasına ehtiyac var. İxracın artdığı bir dövrdə bu yolla qiymətləri nəzarətdə saxlamaq mümkündür”.

Müsahibimiz problemin daha uzunmüddətli həlli yolu kimi fermerlərə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsini və daha çox istehsalın stimullaşdırılmasını göstərir: "Fermerlərin öz məhsullarını xarici bazara çıxarmağa can atması bir növ hökumətə mesajdır. Bu mesaj ondan ibarətdir ki, hökumət kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı kompleks işlər görməlidir. Bu işlər sırasında fermerlərə verilən subsidiyaların mexanizminin dəyişdirilməsi çox vacibdir. Hazırda Azərbaycanda kənd təsərrüfatına subsidiyalar hər hektara

görə verilir. Bu isə fermerlərdə daha çox məhsul istehsal etmək üçün stimul yaratmır. ABŞ da daxil olmaqla inkişaf etmiş ölkələrdə fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alırlar. Lakin Azərbaycanda strateji məhsullara görə hər hektara 80 manat, strateji olmayan məhsula görə hər hektara 40 manat subsidiya ayrılır. Bu mexanizm fermeri daha çox istehsala sövq etmir. Çünki bir hektardan 1 ton məhsul götürən fermerlə, bir neçə kiloqram məhsul yığan fermer arasında fərq qoyulmur. Bu mexanizmin dəyişdirilməsinə və beynəlxalq təcrübədə olduğu kimi tənzimlənməsinə ehtiyac var”.

Ayyət Əhməd