Ekspertlər super-marketlərin də böyük tıxacların yaranmasına səbəb olduğunu bildirir
Paytaxt yollarının tıxaclardan təmizlənməsi istiqamətində növbəti bir ərazi boşaldılır. Belə ki, gələn ilin ilk aylarında Dərnəgül bazarı şəhər ətrafına köçürüləcək.
Adının çəkilməsini istəməyən mənbə Moderator.az-a bildirib ki, buna səbəb bazarın fəaliyyəti ilə əlaqədar olaraq ətrafda böyük tıxacların və sıxlığın yaranması, nəqliyyatın hərəkətinin iflic olmasıdır. Köçürülmə ilə bağlı hazırlıq işlərinin ən yaxşı halda bu ilin sonlarına qədər yekunlaşacağı və köçürmənin yalnız gələn ilin əvvəlində reallaşacağı gözlənilir.
Qeyd edək ki, bazarın köçürülməsi məsələsi uzun müddət müzakirə olunurdu. Bu köçürülmə hələ ötən il yenidən gündəmə gəlsə də, bəzi səbəblərə görə bu ideya keçirilməyib.
Yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, belə köçürmələrə ehtiyac var: "Dərnəgül bazarı köçürülərsə, Şərifzadə küçəsində hərəkət intensivliyi tıxacsız davam edər. Yəni Şərifzadə küçəsində avomobil yollarında gərginlik azalar. Ancaq yalnız Dərnəgül bazarı yox, digər böyük ticarət obyektləri də yaxınlıqdan keçən yollarda tıxac yaranmasına səbəb olur”.
Ə.Hüseynov ticarət mərkəzlərinin köçürülməsi zamanı iqtisadi amilin və əhali sıxlığının nəzərə alınmağının vacibliyini də qeyd edib: "Ticarət obyektlərini şəhərdən kənar, uzaq ərazilərə köçürtmək də düzgün olmazdı. Ona görə ki, burada ticarət obyektlərinin sahibləri insanların kütləvi şəkildə bu ticarət mərkəzlərinə gəlmələrinə, oradakı məhsulların satılmasına maraqlıdırlar. Bu baxımdan ticarət obyektlərinin seçilmiş əraziyə köçürülməsi zamanı iqtisadi maraqlar nəzərə alınmalıdır”.
O, həmçinin super-marketlərin də böyük tıxacların yaranmasına səbəb olduğunu istisna etməyib: "Alış-veriş etməyə gələnlər avtomobillərini saxlamağa yer tapmayanda dayanma qaydalarını pozaraq ikinci və üçüncü dərəcəli yollarda maşını saxlayaraq həmin marketlərə daxil olur. Sonradan bunun nəticəsində uzun quyruqlu tıxaclar yaranır. Ümumiyyətlə isə insanların kütləvi istifadə etdikləri yerlər tıxac mənbəyidir”.
Ekspert təklif edir ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən ticarət obyektləri tikilən zaman öncə avtoparklar salınmalıdır. Aidiyyəti qurumlar belə obyektlərin tikinti sənədlərini nəzərdən keçirərkən öncə avtoparkların olub-olmamasına diqqət verməlidirlər”.
Həmsöhbətimiz Azərbaycanda yol mədəniyyətinin olmamasından da gileylənib: "Məsələn, valideynlər övladlarını ali və orta məktəblərdən gəlib götürərkən istəyirlər birbaşa universitet həyətinin giriş qapısında maşınlarını saxlasınlar. Daha fikirləşmirlər ki, 500 metr aralıda saxlayıb, piyada gəlsin. Və ya bir az kənarda saxlamaq istəmir. Yəni özümüzdən sonrakını düşünmürük”.
Vüqar Şahinoğlu