Din biznesmenləri hüzr islahatına imkan vermir

Qafqaz Müsəlmanları İdarəsi dini komitəyə zidd gedir



"Qəbir daşları, məzar yerləri, meyitlərin daşınması və yas hazırlıqları əməlli-başlı biznesə çevrilib”

"Məzarlıqlara dair problemlərin həlli üçün normativ hüquqi baza olmalıdır”. Bu barədə "Şərq”ə millət vəkili Zahid Oruc təmtəraqlı məzar daşlarından danışarkən bildirib. Onun sözlərinə görə, bu məsələ dünyanın hər yerində hüquqi baza əsasında tənzimlənir: "Biz isə hələ də məzarlıqlar üzərində qurulmuş biznesin meydanını genişləndirməkdə davam edirik. Fikir verin, Allahın Rusiyası da bu "rituallar”ın aradan qaldırılmasına dair 1995-ci ildən qanun qəbul edib.

Biz də bir çərçivə sənədi hazırlamalıyıq. İnsanlara aşılamalıyıq ki, bir insanın cəsədi üzərində qurulmuş movzaleylər milli, mənəvi, etik və iqtisadi baxımdan uyarlı deyil. Belə olan təqdirdə insanlar bunu qəbul etməli olacaqlar. Təbii ki, bunda maraqlı olmayan çoxsaylı qüvvələr olacaq. Lakin həmin gücləri ram edib, problemi ortadan qaldırmaq lazımdır”.

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, matəm törənləri üzərində qurulmuş biznes maraqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qəbir daşlarına dair standartların formalaşdırılması təşəbbüsü irəli sürməyə imkan vermədi: "İndi ayrı-ayrı bölgələrdə əvvəlki vəziyyətə qayıdıblar. Zənnimcə, hüzr mərasimlərini tənzimləyən qanun olmalıdır”.

Deputatın açıqlamasını dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə söyləyib ki, dini komitə problemdən çıxış yolunu göstərdi. Əfsuslar olsun ki, cəmiyyətimiz bunu düzgün qiymətləndirmədi. Ona görə də komitənin təşəbbüsü baş tutmadı: "Din biznesmenləri bu sahədəki nöqsanların aradan qaldırılmasına imkan vermir. Qəbir daşları, məzar yerləri, meyitlərin daşınması və yas hazırlıqları əməlli-başlı biznesə çevrilib. Dinin adından istifadə edən biznesmenlər çoxdur. Onlar fərqli bir düşüncə formalaşdırmaqla ictimai şüura təsir göstərdilər.

İnsanlarımızın zəif nöqtəsi olan "qonşudan geri qalmamaq” anlayışını aktuallaşdırdılar. Qafqaz Müsəlmanları İdarəsi də faktiki olaraq məsələni dəstəkləmədi. Bu səbəbdən həmin prosesdə geriyə addımın şahidi olduq. Doğrudur, təkliflər dini komitənin nizamnaməsinə aid olmayan məsələ idi. Buna rəğmən komitə gözəl bir başlanğıc etdi. Təqdirəlayiq idi. QMİ-nin dəstək verməməsi, insanların din anlayışını hələ də qəbir və yas məclisləri ilə eyniləşdirməsi acı nəticələrə gətirib çıxarıb”.

E.Miri düşünür ki, boşluqların inzibati yolla doldurulması mümkündür və bu, qarşıdurmaya yol açmayacaq: "Bu mövzu Milli Məclisin növbəti sessiyalarında gündəmə gətiriləcək. Artıq qanun layihəsi hazırlanır. Müəyyən standartlar tətbiq olunacaq və bu, öz həllini tapacaq. Lakin indiki halda problemin üzərindən ötəri keçir. Əldə etdiyim məlumata görə, məsələ qanuni yolla tənzimlənəcək. Düzdür, müəyyən insanlar iddia edir ki, bu, cəmiyyətdə ajiotaja səbəb ola bilər. Lakin bunlar inandırıcı fikirlər deyil. Çünki Naxçıvanda da oxşar addımlar atıldı və bu, heç bir qalmaqala gətirib çıxarmadı. Niyə ziddiyyət yaranmalıdır ki? Əksinə, insanların özlərinə xeyirli olan bir işdir. Sadəcə, cəmiyyətin oyanmasına imkan vermirlər”.

Dəbdəbəli məzar daşlarına görə, yüksək miqdarda verginin tətbiq olunması məsələsinə gəlincə, ilahiyyatçı söyləyib ki, bu, çıxış yolu deyil: "Baxın, imkanlı olanlar yenə də bahalı mərmər daşlar qoyacaqlar. Kasıblar kreditlə də olsa, həmin daşdan alacaqlar. Rəqabət yaranacaq. İnsanlarımız təqlidə, özünü qonşuya oxşatmağa meyillidir. Bu, cəmiyyətimiz üçün böyük bir bəladır. Zənnimcə, vergi məsələsi heç bir effekt verməz. Diqqət edin, siqaretin qiymətini qaldırdılar, guya siqaret çəkənlərin sayı azaldımı? Problemin həlli yolu insanları dini cəhətdən maarifləndirmək və onlara təmtəraqlı abidənin mərhuma heç bir xeyrinin olmadığını aşılamaqdır. Bundan əlavə, örnəklər də olmalıdır. Görkəmli tanınmış ictimai-siyasi xadimlər belə təşəbbüslər göstərməlidirlər. Belə olan təqdirdə nöqsan ortadan qalxmış olar”.

"Bu problem xarici ölkələrdə necə tənzimlənir” sualına cavab olaraq E.Miri vurğulayıb ki, bizdən fərqli olaraq əcnəbi ölkələrdə həmin iş bələdiyyələrə həvalə olunub: "Onlarda müəyyən standartlar mövcuddur və hər kəs də standartın tələbinə əməl edir. Bizdə də bu işlə bələdiyyələr məşğul ola bilərlər. Onlar məsələyə biznes mənbəyi kimi yanaşmayacaqlarsa, problem müsbət həllini tapa bilər. Yox əgər bələdiyyələr gəlir əldə etmək niyyəti güdəcəklərsə, bu, "çevir tatı, vur tatı” olacaq. Yəni sadəcə pulu yığan əllər dəyişəcək”.

Ayyət Əhməd