DİN Tərtər hadisəsinə reaksiya verdi

“Səbuhi müvəqqəti saxlanma yerində mələfə ilə dəmir barmaqlıqdan özünü asaraq intihar edib”



Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib. Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb.

Qeyd edək ki, Dünyamalıyevin təcridxanada məruz qaldığı işgəncələrdən öldüyünü iddia edən qohumları hadisədən dərhal sonra Tərtər Rayon Polis Şöbəsinə gəliblər, insident yaranıb. Yaranmış qarşıdurmada polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. Daha sonra polis S.Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb. Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov da mətbuata açıqlamasında bildirib ki, Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir. Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisinin sözlərinə görə, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: "Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib”.
R.Məcidov rayonda "iğtişaş baş verməsi” barədə bəzi saytlarda yazılanların həqiqəti əks etdirmədiyini də qeyd edib.
Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxsin haqqında mətbuatda yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. DİN sözçüsü "Şərq”ə açıqlamasında bir müddət öncə narkotik vasitə ilə saxlanılan Dünyamalıyevin Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində mələfə ilə dəmir barmaqlıqdan özünü asaraq intihar etdiyini deyib: "Hadisədən sonra şəxsin intiharına etiraz olaraq qohumları şöbənin qarşısına toplaşıb. Onlara hər şey izah olunandan sonra dağılışıblar. Hazırda məsələ ilə bağlı rayon prokurorluğunda və rayon polis şöbəsində araşdırmalar aparılır. Meyit məhkəmə tibbi ekspertiza və həkim ekspertizasından keçirilib. Nəticələr barədə mərhumun qohumlarına və ictimaiyyətə daha geniş və ətraflı məlumat veriləcək. Həmin şəxsə işgəncə verilməsi, döyülməsi haqda deyilənlər isə yalan və uydurmalardan ibarətdir”.

Şəymən