Ayrı-ayrı rayonlarda dəfn mərasimləri ilə bağlı durum əvvəlki vəziyyətinə qayıdıb
"Biz hələ də məzarlıqlar üzərində qurulmuş biznesin meydanını genişləndirməkdə davam edirik”
Ötən günlərdə "Lider TV”-nin efirində Aynur Vəliqızının təqdimatı ilə təmtəraqlı məzar daşlarına dair "Seçim” tok-şousu baş tutub. Verilişdə millət vəkili Fazil Mustafa ilə debata çıxan mədəniyyətşünas Aydınxan Əbilov maraqlı təkliflə çıxış edib. Kulturoloq bildirib ki, qəbiristanlıqlardakı dəbdəbənin qarşısını almaq mümkündür.
Onun sözlərinə görə, qanuna dəyişiklik edərək qoyulan hər bir qeyri-standart məzar daşına görə, mərhumun yaxınından daşın qiymətindən 200 faiz çox vergi tələb etmək olar: "Belə olan halda heç kim rəhmətə gedən yaxını və əzizinin məzarı üstündə sərdabə ucaldan deyil”.
Təklifi dəyərləndirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında bunun nəticə verməyəcəyini söyləyib. Deputatın qənaətincə, həmin problemlərin tənzimlənməsi üçün normativ hüquqi baza olmalıdır: "Dünyanın hər yerində belədir. Biz isə hələ də məzarlıqlar üzərində qurulmuş biznesin meydanını genişləndirməkdə davam edirik. Fikir verin, Allahın Rusiyası da bu "rituallar”ın aradan qaldırılmasına dair 1995-ci ildən qanun qəbul edib. Biz də bir çərçivə sənədi hazırlamalıyıq. İnsanlara aşılamalıyıq ki, bir insanın cəsədi üzərində qurulmuş movzaleylər milli, mənəvi, etik və iqtisadi baxımdan uyarlı deyil. Belə olan təqdirdə insanlar bunu qəbul etməli olacaqlar. Təbii ki, bunda maraqlı olmayan çoxsaylı qüvvələr olacaq. Lakin həmin gücləri ram edib, problemi ortadan qaldırmaq lazımdır”.
Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, matəm törənləri üzərində qurulmuş biznes maraqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsünün reallaşmasına imkan vermədi: "İndi ayrı-ayrı bölgələrdə əvvəlki vəziyyətə qayıdıblar. Nöqsanı təkcə yüksək vergilərlə aradan qaldıra bilməyəcəyik. Kimlərsə həmin vergini ödəyib, yenə də məzarlıqları muzeylərə çevirəcəklər. Zənnimcə, hüzr mərasimlərini tənzimləyən qanun olmalıdır”.
Ayyət Əhməd