Doğulan ikinci qız uşaqlarına görə 10 min manat verilməyəcək

Musa Quliyev: “Bu, mənim subyektiv fikrim olub. Amma hökumətin bununla bağlı heç bir planı yoxdur”




Qız uşağı arzulamayan valideynlər ana bətnindəki körpənin cinsini hamiləliyin ilkin mərhələsində müəyyənləşdirdikdən sonra onu məhv edirlər. Qız uşaqlarına qarşı "soyqırım” əməliyyatının nəticəsində isə yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balansın tamamilə pozularaq genefondumuza ciddi zərər dəyəcəyi artıq narahatlıqlara səbəb olub.

Bu səbəbdən də artıq qız uşağı dünyaya gətirən valideynlər dövlət tərəfindən mükafatlandırılacaq. Yəni ki, "qız qızıla dönüb” deyimi yavaş-yavaş özünü doğruldur. Bu günə qədər bu deyim oğlanlara xitabən deyilsə də, indən belə valideynlər üçün deyiləcək.
İrəli sürülən təkliflər Dövlət proqramına salınacağı təqdirdə daha atalar qız uşaqları dünyaya gələcək deyə utanmayacaq.
Çünki Azərbaycanda hər ailədə doğulan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşı 5 ilədək azaldıla bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” hazırlandığını deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramovun sözlərinə görə, proqramda olan fəaliyyətlər müxtəlif qurumlar tərəfindən

razılaşdırılıb. Bu istiqamətdəki fəaliyyətlərdən biri də Azərbaycan ailələrində qız uşaqlarının sayının artımına nail olmaqla bağlıdır. Məqsəd ailədə qız uşaqlarının sayını çoxaltmaqdır. Azərbaycanda hər 100 qız uşağına 116 oğlan uşağının düşdüyünü deyən ekspertin sözlərinə görə, bizdə bir çox hallarda ikinci qız uşaqları ana bətnində tələf olunur: "Biz təklif edirik ki, ailədə olan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşı azaldılsın. Əgər iki qız uşağı varsa, bu zaman valideynlər qanunvericilikdə müəyyənləşdirildiyindən 3 il əvvəl pensiyaya çıxsınlar. Üç qız uşağı varsa, 5 il tez pensiyaya çıxmaq hüququ əldə etsinlər. Bu da valideynlərədə stimul yaratsın ki, qız uşaqlarının sayını artırmaqda maraqlı olsunlar. Bununla bağlı məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında müzakirə aparılacaq”.

V.Bayramovun sözlərinə görə, digər bir məsələ isə ailədə doğulan hər ikinci qız uşağına görə banka 10 min manata depozitin yerləşdirilməsilə bağlıdır: "Həmin təşəbbüsə əsasən, ikinci qız uşağı doğularkən onun üçün hesab açılacaq və oraya 10 min manat vəsait köçürüləcək. Bu o deməkdir ki, hər doğulan qız uşağı dövlət büdcəsindən 10 min manat depozit alacaq. Həmin pulu uşaq orta məktəbdə oxuduğu müddətdə təxminən 12-13 yaşına kimi hissə-hissə xərcləmək imkanına malik olacaq. Bu məbləğ hər birinci qızdan sonra doğulan hər qız uşağı üçün köçürüləcək. Vəsaitin ailənin sosial vəziyyətindən asılı olmayaraq bütün ailələrə verilməsi nəzərdə tutulub”.

Artıq bu təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilib və proqrama daxil edilib. Ekspertin sözlərinə görə, layihə qəbul olunandan sonra əvvəlki illərdə doğulan və məktəb yaşı çatmayan uşaqlar da nəzərə alınacaq. Çünki əsas məqsəd ailədə qız uşaqlarının sayının artımına nail olmaqdır. V.Bayramovun sözlərinə görə, bu həm selektiv abortların qarşısını alacaq, həm də məşğulluğun təmin edilməsi baxımından müəyyən problemləri aradan qaldıracaq.

Digər bir təklif isə qız uşaqlarının sayına görə gəlir vergisinə güzəştin tətbiqiylə bağlıdır. V.Bayramovun sözlərinə görə, əgər ailədə 2 və daha artıq qız uşağı varsa, həmin valideynlərin gəlir vergisi azaldıla bilər. Lakin bu təklif hələ qəbul edilməyib və proqrama daxil olunmayıb.

Sadalanan məsələlərlə bağlı mövqe bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ailədə olan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşının azalmasına ehtiyac yoxdur: "3 il bundan öncə demoqrafik vəziyyət elə idi ki, oğlan uşaqlarının xeyrinə meyillənmə var idi. Məsələn, o vaxt hər 100 qız uşağına 110/112 oğlan uşağı doğulurdu. Amma 100/105 nisbəti normal sayılır. Bizdə də bu 100/107-108-ə nisbəti səviyyəsindədir. Əgər bu nisbət 100/112-115-ə olarsa və bunu keçərsə, təhlükəli ola bilər”.

Ailədə doğulan ikinci qız uşağına görə 10 min manat vəsaitə gəlincə, millət vəkili bildirib ki, bu məsələ Milli Məclis və ya hökumət səviyyəsində müzakirə olunmayıb: "O fikri mən ortaya atmışam. Bu onunla bağlı olub ki, əgər biz demoqrafik prosesləri tənzimləmək istəyiriksə, uşaqların cinsinə görə abortunun qarşısını almaqdan ötrü qız uşaqlarının doğulmasını stimullaşdıran addım kimi bu təcrübədən istifadə edə bilərik. Bu, mənim subyektiv fikrim olub. Amma hökumətin bununla bağlı heç bir planı yoxdur”.

M.Quliyev həmçinin bildirib ki, məsələnin gələcəkdə layihəyə salınması da real deyil: "Azərbaycanda demoqrafik səviyyə təhlükəli həddə gəlib çatsaydı, onu etmək olardı. Amma indi doğulan qız uşaqlarıyla oğlan uşaqlarının nisbəti 5 faizi keçmir. Selektiv abortların qarşısını başqa yollarla da almaq olar”.

Bu təcrübənin Rusiyada həyata keçirildiyini vurğulayan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanın da nə vaxtsa bu praktikadan yararlanacağını bildirib. Onun sözlərinə görə, proqrama salınıb həyata keçiriləcəyi halda təqdirəlayiq təklifdir. Bu elə bir təklifdir ki, qız uşaqları ilə bağlı mövcud olan problemlərin hər birinin həllinə nail olmaq olar. Ailədə doğulan ikinci qız uşağına görə 10 min manat vəsait ödənilməsinin selektiv abortların qarşısının alınması istiqamətində effekt verəcəyinə gəldikdə isə M.Zeynalova hər şeyin zamandan asılı olduğunu deyib: "Abortlarla bağlı məsələ kifayət qədər dərin problem olduğu üçün onun həll olunmasına da zaman lazımdır. Bu məsələ birdən-birə həll olunacaq bir şey deyil”.

Ailədə olan qız uşaqlarının sayına görə valideynlərin pensiya yaşının azaldılması təklifinə gəldikdə isə ekspert bunun məqsədəuyğun olmadığını deyib: "Bu təklif Azərbaycanda gender balansının pozulması ilə nəticələnə bilər. Doğrudur, hər qız uşağına görə, depozitlərin verilməsi məsələsi də müəyyən mənada gender bərabərsizliyinə ziddir. Amma hazırkı mərhələdə qız uşaqlarının artımı ilə bağlı problem olduğu üçün buna ehtiyac var”.

Ekspertin sözlərinə görə, selektiv abortların və qız uşaqlarının azalmasının qarşısını almaq üçün ümumi qərarlar qəbul edilməlidir”.

Şəymən