Dollar bahalaşır

Natiq Cəfərli: “Ancaq bu bahalaşma ilin sonuna qədər 1.65 manatı keçməyəcək”



Azərbaycan Mərkəzi Bankı (AMB) 22 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb. Qurumdan bildirilib ki, ABŞ dollarının rəsmi məzənnəsi 0,20 faiz artaraq 1,5724 manat təşkil edir. Qeyd edək ki, 21 iyulda dollar 1,5693 manata bərabər olub. Manata nəzərən avronun məzənnəsi isə 1,7345 manat təşkil edir. 1 türk lirəsi 0,5124 manat, 1 rus rublu 0,0245 manatdır.

Bahalaşmanı şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, dollar bahalaşmağa davam edəcək. Ancaq bu bahalaşma ilin sonuna qədər 1.65 manatı keçməyəcək. Ekspert məlum bahalaşmanı bir neçə amillə izah edib: "Azərbaycan manatının taleyi təkcə daxildə baş verən proseslərdən asılı deyil. Dünyada baş verən iqtisadi proseslərin təsiri ABŞ valyutasında da birbaşa özünü göstərir. Manatın əsas taleyi Federal Ehtiyat Sisteminin faiz artımı qərarını iyulda, yaxud da bu il ərzində verməsindən sonra dollar indeksinin qalxmasından asılıdır. Belə bir qərar verilsə, ətraf ölkələrdə də dollar bahalaşacaq. Azərbaycanın iqtisadi əlaqələri olan ölkələrdə baş verən bu proses istər-istəməz bizim ölkəyə də təsir edəcək”.
İqtisadçı hesab edir ki, dolları bahalaşdıracaq digər bir amil neftin qiymətləri ilə əlaqədardır: "Doğrudur, hələlik neftin qiyməti kifayət qədər normal səviyyədə müəyyənləşib. Lakin bu, dayanıqlı olmaya da bilər. Dollar bahalaşandan bir müddət sonra neftin qiyməti düşə bilər. Bunu nəzərə alaraq Azərbaycanda ola bilər ki, manata təzyiqlər artsın. Ancaq hökümətin və Mərkəzi Bankın kəskin addımlar atacağını düşünmürəm. Çünki bundan əvvəlki iki kəskin devalvasiya ölkə iqtisadiyyatını çox kəskin hala saldı. İqtisadiyyat hələ də bu iki devalvasiyanı həzm edə bilməyib. Dolların manatın ucuzlaşmasından sonra indiyə qədər olan tarixi minimumu 1.6485 manat olub. Hesab edirəm ki, ilin sonuna qədər ABŞ valyutası bu tarixi maksimuma qədər yüksələ bilər. Ancaq bütün bunlar yavaş-yavaş baş verəcək”.
"Dollar 1.80 manata qədər bahalaşa bilərmi” sualına gəlincə, ekspert söyləyib ki, bunun üçün heç bir iqtisadi əsas yoxdur: "Bu, ancaq o halda ola bilər ki, FED rezerv faizi iki dəfə artırsın. Yaxud da, neftin qiyməti yenidən 30 dollara qədər aşağı düşsün. Bu hallarda belə bir şey baş verə bilər. Ancaq dediyimiz halların baş verməsi də real görünmür. Ən optimal variant 1.65 manatdır”.