Bütün vakant yerlər ictimaiyyətə açıq olacaq
Dünən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində iştirak edib.
Tədbirdə çıxış edən M.Abbaszadə qeyd edib ki, bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.
Onun sözlərinə görə, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.
M.Abbaszadə deyib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub: "Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib”.
DİM sədri dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən namizədlərin sayının vakant yerlərin sayından iki dəfə çox olmasının arzuedilən olduğunu deyib: "Belə olduqda rəqabət mühiti yaranar. Amma biz bu rəqabət mühitini müşahidə etmirik”.
Onun sözlərinə görə, dövlət orqanları tərəfindən DİM-ə 1461 yer təqdim olunub.
M.Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək: "Bu, qanunvericilikdə də nəzərdə tutulub. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üçün iki imtahan keçirilib. Gələn ay B qrupu üzrə sertifikatlar imtahandan uğurla keçən namizədlərə təqdim olunacaq”.
DİM rəhbəri deyib ki, bu il dövlət qulluğuna işə qəbul imtahanları keçirilənədək müsahibə ilə 240 nəfər işə qəbul edilib.
O əlavə edib ki, dövlət qulluğunda olan bütün vakant yerlər ictimaiyyətə açıq olacaq:
"Elə şəxslər var ki, onlar dövlət qulluğuna imtahan verdikdən sonra artıq dövlət qulluqçusu olduqlarını fikirləşirlər. Amma bəziləri müqavilə üzrə işlədiklərinə görə, onlar dövlət qulluqçusu hesab olunmurlar. Ona görə də dövlət qulluqçuları ilə bağlı reyestrə daxil olaraq bu barədə məlumatları daha dəqiqliklə əldə edə bilərlər”.
Şəymən