Dövlət qulluğuna qəbul şəffaf keçirilir

Əliməmməd Nuriyev: “Cəmiyyətdə də hər hansı narazılıq görmürük”



Dövlət qulluğuna iddialı namizədlər çox vaxt birinci mərhələdən keçsələr də, ikinci mərhələ onlar üçün bir düyünə çevrilir. Bir sıra hallarda bilik və savadı, dövlət qulluğuna düzəlmək üçün müəyyən edilən meyarlara tam uyğun, hətta ondan da artıq olan namizədlərin ikinci turdan keçə bilməməsi haqlı iradlara yol açır. Dövlət qulluğuna keçmək istəyənlər az hallarda müsahibə mərhələsindən alnıaçıq, üzüağ çıxırlar.

Həmçinin dövlət qulluğu sahəsində yaşanan problemlərdən biri də müsahibə mərhələsindən keçdikdən sonra belə, namizədlərin ehtiyat məmurlar siyahısına düşməsi halları da məsələnin başqa bir problemli tərəfini təşkil edir. Çünki ikinci mərhələni adlayanların bir çoxu üçün də illərlə gözləmək lazım gəlir ki, onlar dövlət qulluqçusu olsunlar. Ölkədə işsizlik probleminə rəğmən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasını (DQMK) özünün sərt yanaşma və tələblərini ortaya qoymaqda ittiham edən millət vəkili Zahid Orucun sözlərinə görə, Komissiya vətəndaşlarda həmin qurumun nəyə görə mövcud olduğunu düşünməyə vadar edən addımlar atıb. Arqument kimi elə DQMK-nın statistikasına istinad edən millət vəkili deyib ki, birinci mərhələni keçən 45 min şəxsdən, 41 mini ikinci mərhələdə, sadə xalq dili ilə desək, kəsiliblər. Cəmi 4 min insan dövlət qulluqçusu adını qazanıb. Əlbəttə, deyə bilərlər ki, onların, yəni dövlət qulluqçularının ölkə üzrə ümumi sayı 31 mindən yuxarı deyil və dövlət qulluqçularının sayı məsələsinə məhdudiyyətlər qoymaq lazımdır. Ancaq məsələnin əsas önəmli tərəfi burda deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüzlərlə vəzifə yeri boşdur. Deputatın fikrincə, bununla Azərbaycanda ali təhsilli şəxslərin işsizlər cərgəsinə qoşulması problemi yaşanır. Zahid Orucun iddiasına görə, dövlət qulluğuna qəbul üçün keçirilən ikinci mərhələdə əksər hallarda məsul qurumun nümayəndələri namizədlərə aşağı ballar yazırlar. Deputat bir az da sərt danışaraq qeyd edib ki, əslində DQMK-nın özünün nümayəndələrini imtahana çəkmək lazımdır: "Əminliklə deyirəm ki, bu dövlət komissiyasının rəhbəri daxil olmaqla heç biri mövcud şərtlər altında dövlət qulluğuna qəbul oluna bilməz”. DQMK-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) birləşdirilməsi ilə bağlı Milli Məclisdə qaldırdığı təklifini xatırladan Z.Oruc vəziyyətdən çıxış yolunu da göstərib. Onun sözlərinə görə, DQMK-nın TQDK-ya birləşdirilməsindən sonra elə hüquqi-normativ baza hazırlamaq lazımdır ki, bu, insan faktorundan asılı olmasın.

Ümumiyyətlə, dövlət qulluğunda müsahibə mərhələsinin keçirilməsinin lüzumsuz olduğu iddialarının əleyhinə olan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə ikinci mərhələnin vacibliyini vurğulamaqla bunun əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul kifayət qədər şəffaf, təmiz keçirilir:

"İkinci mərhələdə həm də çox sadə suallar verilir. Müsahibə mərhələsi dövlət qulluğunda vəzifəyə iddialı olan şəxsin peşə hazırlığı, dünyagörüşü müəyyənləşdirilir. Vətəndaşın testdən keçməsi əsas şərt deyil. Eyni zamanda onun davranışı, qabiliyyəti, psixoloji hazırlığı da vacib amildir. Ona görə bunu aydınlaşdırmaq üçün müsahibə mərhələsinə ehtiyac duyulur. Burada hər hansı korrupsiya sövdələşməsindən söhbət belə gedə bilməz. Azərbaycan cəmiyyətində də dövlət qulluğuna qəbulla bağlı hər hansı narazılıq da görmürük”. Ekspert bildirib ki, nəticələrdən narazı qalan şəxslərin iddiasını doğrultmaq üçün imkanlar da mövcuddur. "Əgər şəxs ikinci mərhələdən narazıdırsa, apelyasiya şikayəti verə bilər. Bundan sonra şəxsin özünün iştirakı ilə bütün videomateriallara yenidən baxılır. Şəxs yenə də narazı qalarsa, məhkəməyə müraciət edə bilər”. Ə.Nuriyev ikinci mərhələni adlamış şəxslərin rezerv (ehtiyat) işçi qüvvəsi olması məsələsinə də aydınlıq gətirib. Hüquqşünasın sözlərinə görə, müvafiq nazirlik və ya qurum vakant yerlərə daha qabiliyyətli şəxsləri seçir: "Digərləri isə rezervdə qalır. Daha sonra həmin qurumda yeni boş yerlər olursa, dövlət qulluğuna qəbul olmuş şəxslər orda işlə təmin olunurlar. Boş yerlərə digər şəxslər götürülə bilməz. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vakant yerlərə müqavilə əsasında işçi götürməmək haqqında qəti qərar da verib”.

Şəymən