Dövlətə xeyir gəlir, vətəndaş da sakit olur

Mənzilləri kirayə verərkən müqavilənin bağlanması mülk sahibinə sərfəlidir



Bundan sonra vətəndaşlar mənzillərini özəlləşdirmək istədikdə kirayə müqaviləsini də təqdim etməli olacaqlar. Bu, Azərbaycan Respublikasında "Mənzil Fondunun özəlləşdirilməsi haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır. Dəyişikliyə görə, mənzilin özəlləşdirilməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud da onun verilməsinə dair sərəncam tələb olunacaq.

Qəbul edilmiş dəyişikliyin vətəndaşlara nə kimi üstünlüyü olacaq? Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, burada qeyri-adi heç nə yoxdur, bu, prosedur qaydadır:

- Mənzil kirayəsi müqaviləsi, əsasən Dövlət Mənzil Fonduna daxil olan mənzillərə aiddir. Çünki digərləri, onsuz da özəldir. MTK-ların, MMC-lərin inşa etdiyi binalarda mənzillər özəl olur. Dövlət Mənzil Fonduna aid olan mənzillərlə bağlı isə vəziyyət bir qədər fərqlidir. Burada əsasən söhbət sovet dövründə tikilmiş binalardan və bu binalarda mənzil verilmiş vətəndaşlardan gedir. O zaman vətəndaş mənzil alanda ona order təqdim olunurdu, bununla yanaşı, vətəndaş dövlət orqanı ilə mənzil kirayə müqaviləsi imzalamış olurdu. Mənzil kirayə müqaviləsi əsasında vətəndaş ev pulu, digər kommunal xərcləri ödəyirdi. Orderin verilməsi ilə mənzil kirayə müqaviləsi də avtomatik bağlanmış olurdu. Bunun əsasında "JEK”lər vətəndaşa 2 saylı forma təqdim edirdilər. Forma 2 vətəndaşın həmin mənzildə yaşadığını müvafiq orqan tərəfindən təsdiqlənməsidir. Məlum dəyişiklik qüvvəyə mindikdən sonra hər hansı vətəndaş mənzilini özəlləşdirmək istəyəcəksə, orderlə yanaşı, mənzil kirayə müqaviləsini də təqdim edəcək. Burada çətin bir iş yoxdur. Bu sənədi Texniki İnventarlaşdırma İdarəsi verə bilər. Bu, sadə prosedur qaydadır. Və əslində, vətəndaşın özəlləşdirmək istədiyi mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir. Çünki vətəndaş o mənzildə illərlə yaşayıb və kommunal xidmət haqqı ödəyib.

Ə.Nuriyev mənzillərin kirayə verilərkən notariat qaydasında müqavilə bağlanmasını isə vacib sayır:

- Bu, ilk növbədə vətəndaşın özü üçün sərfəlidir. Düzdür, biz bəzən düşünürük ki, dövlətə 5-6 manat ödəməyək, pul cibimizdə qalsın. Amma dərindən baxanda, xərcləmək istəmədiyimiz 5-6 manatın bizim üçün böyük başağrısı ola biləcəyini görərik. Ən xırda və böyük problemlərdən bir-ikisini deyim. Xırda hesab edilən problem budur ki, kirayənişin mənzili pis günə qoyur, təmirdən əsər-əlamət qalmır. Kirayənişin mənzili tərk edəndə, ev sahibi əldə etdiyi puldan daha artıq xərc çəkib yenidən mənzili təmir etdirmək məcburiyyətində qalır. Və ya təhlükəsizlik məsələləri baxımından yanaşsaq, sabah həmin mənzildə hər hansı qəza baş verəcəksə, bunun məsuliyyəti kirayənişinin üzərində qalacaq, əgər kirayə müqaviləsi imzalanıbsa. Kirayə müqaviləsində tərəflərin öhdəliyi açıq göstərilir. Mənzilə cavabdehlik kirayənişinin üzərinə qoyulur. Kirayənişin mənzildəki əşyalara, mətbəx texnikasına, hər şeyə cavabdehlik daşıyır. Mənzili təhvil alanda da ev sahibi bunlara diqqət edir. Kirayənişin məsuliyyətdən qaçmaq istəyəcəksə, qanunla onu məsuliyyətə cəlb etmək asan olacaq. Lap betəri də budur ki, bəzən kirayə götürülən evdə əxlaqsızlıq yuvası aşkarlanır. Əgər kirayə müqaviləsi yoxdursa, evin sahibi də məsuliyyətə cəlb ediləcək. Daha burda, "mən evimi kirayəyə vermişdim, bunu edən kirayənişindir” kimi sözlər əhəmiyyət daşımayacaq. Gərək əlində sənəd olsun ki, sən bu mənzili kirayə vermisən. Sonradan başağrısı olmasın deyə, mənzillər kirayə verilərkən icarə müqaviləsinin imzalanmasının üstünlükləri böyükdür. Dövlətə də xeyir gəlir, vətəndaş da sakit olur. Ofislərdə yerləşən idarə və təşkilatların hamısı icarə müqaviləsi imzalayır və hər ay dövlətə vergi ödəyirlər. Mümkün problemlərdən qaçmaq üçün bu, ən doğru yoldur.

Məlahət Rzayeva