Dünya neft bazarına yeni oyunçular qoşulub

Səudiyyə Ərəbistanın qiymət manevrləri dünya bazarında öz mövqeyini qorumağa hesablanıb
Əgər gələcəkdə ABŞ və İran dünya bazarına daha çox neft çıxararsa, Səudiyyə Ərəbistanı öz dominantlığını itirə bilər




Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanı mart ayı üçün neftin satış qiymətini endirib. Səudiyyə Ərəbistanı mart ayında Avropa, Asiya və ABŞ üçün neftin qiymətinə dair müxtəlif endirimlər edib. Bu ölkənin milli neft şirkəti "Saudi Aramco” bütün xam neft məhsullarının Avropaya satış qiymətini 0,20-1,70 dollar/barel ucuzlaşıdırıb.

Sözügedən dövrdə "Saudi Aramco” orta və ağır xam neftin satış qiymətini ABŞ-a 10 sent və Asiya üzrə satış qiymətini isə 25-30 sent endirib. Xatırladaq ki, yanvarın 20-26-sı tarixlərində ABŞ-ın gündəlik xam neft istehsalı Səudiyyə Ərəbistanının hasilatına, yəni 9,92 milyon barelə çatıb. Səudiyyə Ərəbistanın bu qərarı dünya neft bazarında müsbət və ya mənfi hansısa dəyişikliyə səbəb olacaqmı, ümumiyyətlə, indiki dövrdə bu qərar nə üçün verilib?

Məsələni "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, bir neçə ildir ölkələr arasında neftlə bağlı ciddi rəqabət gedir. Bunun da bir sıra səbəbləri var. Ekspertin sözlərinə görə, dünya neft bazarına yeni oyunçular qoşulub: 

"ABŞ-da neft hasilatının inkişafı, Obama dövründə İrana qarşı qoyulan sanksiyaların götürülməsi və İranın dünya bazarına daxil olması, o cümlədən Liviyada baş verən məlum hadisələr neft bazarına təsir edən əsas amillərdir. Bu amillər dünya bazarında neftin hasilatı uğrunda gedən rəqabəti daha da kəskinləşdirib. Son illər ərzində qlobal iqtisadiyyatda baş verən geriləmə ilə əlaqədar Çin iqtisadiyyatı bir qədər tənəzzül etdi. 

Həmçinin, Avropa Birliyi ölkələri 2017-ci ilə qədər durğunluq dövrü yaşadı. Yaranmış vəziyyət dünya neft bazarında tələbin dəyişməsinə səbəb oldu”. İqtisadçı bildirib ki, 2016-cı ilin payızından etibarən neft ixrac edən ölkələr, əsasən neft hasilatçısı olan ölkələr arasında yekdil qərarın verilməsi bazarda vəziyyəti müəyyən qədər stabilləşdirdi: "OPEK və ondan kənar neft hasil edən ölkələrin hasilatı azaltması neft bazarında qiymətin sabit qalmasına kömək etdi. Neftin qiyməti 50 dollar ətrafında təşəkkül taparaq sabitləşdi. 

Məsələ ondadır ki, neftin qiymətinin yüksək olması ABŞ-ın dünya bazarına daha çox neft çıxarmasına səbəb oldu. Qiymətin bazarda yüksək olması əsas neft hasil edən ölkələr üçün sərfəli olsa da, uzun müddətli məqsədə nail olmaq üçün heç də əlverişli olmadı. Yəni neftin qiymətinin 50 dollardan yuxarı olması, hətta indiki kimi 70 dollara çatması Amerikada yeni-yeni neft quyularının meydana gəlməsi üçün əlverişli şərait yaratdı. 

Təbii ki, ABŞ-ın dünya bazarına daha çox neft çıxartması əsas söz sahibi olan ölkələri, xüsusən dominant rolda çıxış edən Səudiyyə Ərəbistanı narahat etməyə bilməz. Nəzərə alaq ki, Ərəbistanda ölkə iqtisadiyyatı birbaşa neft hasilatından asılıdır. Yəni ABŞ-la müqayisədə Ərəbistanın dünyaya ixrac edə biləcəyi heç nə yoxdur. Digər tərəfdən dünyada ən ucuz neft hasilatı Səudiyyə Ərəbistana məxsusdur. Əgər gələcəkdə ABŞ və İran dünya bazarına daha çox neft çıxararsa, Səudiyyə Ərəbistan öz dominantlığını itirə bilər. 

Hazırda Səudiyyə Ərəbistanın qiymət manevrləri dünya bazarında öz mövqeyini qorumağa hesablanıb”. Ekspert onu da vurğulayıb ki, kiçik qiymət manevrləri bazara təsir göstərmir: "Neft bazarı dünyada yeganə bazardır ki, burada qiymətləri tələb və təkliflər müəyyən etmir. Ancaq kiçik bir siyasi çaxnaşma, ya da neft ixrac edən ölkənin hansısa nazirinin açıqlaması neft bazarında qiymətlərə təsir edə bilər”.

İsmayıl