"Həmsədr ölkələrin dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli barədə açıqlamalarında həmişə tərəflərin özünün razılığa gəlməli olduğunu deyirlər”.
Bu barədə "Sherg.az”a ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərindən danışarkən politoloq Tofiq Abbasov bildirib.
O vurğulayıb ki, xarici diplomatlar, vasitəçi ölkələr qəsbkar ölkəyə təsir göstərməlidirlər:

"Azərbaycanın haqlı iradı da məhz bu məsələdədir. Bunun mümkünsüzlüyü ondan ibarətdir ki, nə ATƏT-in, nə də BMT-nin işlək mexanizmləri var. Əslində böyük dövlətlərə - ABŞ, Avropa dövlətlərinə və s. lazım olanda belə mexanizmlər işə salınır. Dağlıq Qarabağ problemi çərçivəsində belə işlər aparıldığı görünmür. Əslində münaqişə barəsində məsələləri beynəlxalq təşkilatlar bilir, amma ciddi təsir göstərə bilmirlər. Azərbaycanın iradı odur ki, hansısa ölkə dünya qanunvericiliyi pozursa, səlahiyyətli təşkilatlar buna göz yumursa, deməli, o separatçıya dəstək vermiş olurlar.
Ermənistan qoşunları münaqişə bölgəsində olacağı təqdirdə hər hansı bir müqavilənin bağlanması baş verə bilməz. Bu, Azərbaycanın özünü aşağılayar. Düşmən qoşunu bölgəni tərk etsə, məlum olacaq ki, Ermənistan prezidenti artıq sağlam mövqe tutur. Ancaq bundan sonra hər iki tərəf irəli sürülən müddəalara münasibət ortaya qoya bilər.
Həmsədrlərin planları tərəflərlə danışmaq, təmaslarda dəyişikliyin baş verdiyini qeydə almaq, öz rəhbərliklərini məlumatlandırmaq və sonra yeni taktika üzərində işləməyə hesablanıb".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Aysel Aslan