Edam cəzası geri qayıdır

“Əgər Türkiyə Avropa dəyərlərinə can atırsa, ölüm qərarının bərpasından vaz keçməlidir”


Türkiyədə hərbi çevrilişə cəhd edənlərin daha sərt cəzalandırılması üçün edam qərarının bərpası tələb olunur. Həm siyasilər, həm də ictimaiyyət daxilində edamın geri gəlməsini istəyən qruplar var. Meydanlara toplaşan insanlar qiyamçıların cəzalandırılması üçün ölüm hökmünün bərpasını tələb edən şüarlar səsləndirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkədə edam cəzasının bərpası təklifinə münasibət bildirib. Cənazə mərasimində iştirak edən Ərdoğan demokratiyada "xalqın tələbi bir kənara qoyula bilməz” deyib. Türkiyə Prezidenti bildirib ki, biz intiqamçı deyilik. Buna görə də hər addımımızı şüarlara uyğun deyil, ağıl və təcrübəyə əsaslanaraq atmağımız lazımdır. Amma ortada vətənə xəyanət var. Əgər parlament edam hökmünün bərpası ilə bağlı sənəd hazırlayarsa, mən onu təsdiq edərəm”. Türkiyənin Milliyətçi Hərəkat Partiyası da edam cəzasının yenidən tətbiq edilməsi təklifinə dəstəyini ifadə edib. Partiya sədri Dövlət Baxçalı deyib ki, Türkiyədə edam cəzasının yenidən hüquqi qüvvəyə minməsinə dəstək verməyə hazırdır: "Edam tələbi çox tez-tez səsləndirilir. Əgər AKP buna hazırdırsa, biz də bu məsələdə varıq. Bunun reallaşmasını könül istəyi ilə yerinə yetirərik”. Qərb dövlətləri isə Türkiyədə müzakirə olunan edam söhbətinə kəskin münasibət bildirib. Əksər Avropa ölkələri edam qərarının bərpasına qarşı çıxaraq bunu demokratik prinsiplərə zidd addım kimi dəyərləndiriblər. Avstriya Xarici işlər naziri Sebastiyan Kurts söyləyib ki, əgər Türkiyə hərbi çevrilişə cəhd edənləri edam etsə, o, bir daha Avropa Birliyinə üzvlüyə iddia edə bilməyəcək. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev siyasi məsələlərə görə ölüm hökmünün geri qayıtmasının əleyhinə olduğunu söyləyib: "Türkiyədə hər hansı bir qurum kiminsə siyasətindən narazıdırsa, öz fikrini, etirazını müxtəlif formada bildirə bilər. Türkiyədə baş verən hadisə bir qrup hərbiçinin siyasətlə razılaşmamasından doğan məsələ idi. Əgər bütün ordu qiyama qalxsaydı, onun qarşısında heç nə dura bilməzdi. Qiyamın qarşısının alınmasında rol oynayan amillər Türkiyənin demokratik ölkə olması və bir çox siyasi partiyalardan təşkil olunması idi. Meydanlara çıxanlar da sadəcə AKP-çilər yox, eyni zamanda CHP və MHP üzvləri idilər. Ölkənin bütün siyasi qüvvələri məhz demokratiyanı qorumaq üçün bir yerə toplandı. Ancaq ordunun içində yer alan və mövcud siyasətlə barışmayan bir qrup şəxsin edam edilməsi müdafiə olunan demokratik dəyərlərə ziddir. Çünki hər bir şəxsin siyasi fikri, fərdi görüşü ola bilər. Ölüm hökmü isə insana verilə biləcək ən ağır cəza növüdür. Çox hallarda bu cəza yüzlərlə insanı öldürən, kütləvi qırğın silahlarından istifadə edən və böyük cinayətlər törədən şəxslərə tətbiq edilir. Amma Norveç demokratik ölkə olduğuna görə 77 adamın qatili Breyvikə belə ölüm hökmü vermədi. Düzdür, ABŞ-da və başqa ölkələrdə ölüm cəzası tətbiq edilir. Ancaq Türkiyədə məhz belə hadisələrə görə edam hökmünü qaytarmaq qardaş ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq. Əgər Türkiyə Avropa dəyərlərinə can atırsa, ölüm qərarının bərpasından vaz keçməlidir. Düşünmürəm ki, Türkiyə Böyük Millət Məclisi bu qərara dəstək verəcək. Şübhəsiz ki, Qərb dünyası da buna qarşı çıxacaq”.