Elçin Mirzəbəyli: “Ədəbiyyat” qəzetini ayda iki dəfə yüksək keyfiyyət və tirajla, dünyada qəbul olunmuş standartlara uyğun, rəngli formada ortaya qoymaq olar”
Ədəbi medianın problemləri çoxdur
Rəşad Məcid: “Əlbəttə, ədəbi orqanda ədəbiyyatdan kənar adamın işləməsi o qədər də effekt vermir”
Elçin Mirzəbəyli: “Ədəbiyyat” qəzetini ayda iki dəfə yüksək keyfiyyət və tirajla, dünyada qəbul olunmuş standartlara uyğun, rəngli formada ortaya qoymaq olar”
Elçin Mirzəbəyli: “Ədəbiyyat” qəzetini ayda iki dəfə yüksək keyfiyyət və tirajla, dünyada qəbul olunmuş standartlara uyğun, rəngli formada ortaya qoymaq olar”
(Əvvəli ötən sayımızda...)
Azərbaycan mətbuatının inkişafına dair atılan çoxsaylı addımlar ədəbi qəzet, jurnal və saytların da tərəqqisinə təkan verib. Məhz bu uğurlu tədbirlərin nəticəsidir ki, son illər ölkəmizdə ədəbi orqanların sayı çoxalmaqdadır və həmin sahədə kəmiyyət baxımından çox ciddi irəliləyişlər müşahidə olunur.
Buna rəğmən sözügedən media quruluşlarında heç bir keyfiyyət dəyişikliyi nəzərə çarpmır. Geniş oxucu auditoriyası yığa bilmir və oxucuları həddindən artıq azdır. Problemin kökü isə müxtəlif səbəblərlə izah olunur. Kimi bunu ölkəmizdə bədii əsərlərə və ya ədəbiyyata marağın azalması, kimi isə ədəbi mətbuatın reytinq, İP arxasınca qaçması, ciddi ədəbi məqalələrə deyil, şou xarakterli yazılara üstünlük verməsi, ədəbi proseslərə təsir göstərə bilməməsi və ictimaiyyətdə aparıcı rol oynamaması ilə əlaqələndirir. Bu baxımdan ədəbi mətbuatın hazırkı durumunu aydınlaşdırmaq məqsədilə çağdaş Azərbaycan ədəbi mühitinin nümayəndələrinin münasibətini öyrəndik.
Tanınmış şair, publisist, "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid "Şərq”ə açıqlamasında qeyd edib ki, ədəbi orqanların ədəbiyyatın təbliğində rolu böyükdür. Onlar çalışırlar ki, yeni metodlarla, insanları cəlb edəcək hansısa formalarla ədəbiyyata maraq yaratsınlar: "Bunu təqdir edirəm. Hesab edirəm ki, 10 il əvvələ nisbətən hazırda bu mənada təbliğat imkanları var. Doğrudur, çoxluğun içində bəsit və səviyyəsiz yazılar da yer alır. Bunun da qarşısını almaq mümkün deyil. Bütün hallarda ədəbi qurumların vəzifəsi o olmalıdır ki, ciddi ədəbiyyatla qramafonları ayırd etsinlər”.
Yazar diqqətə çatdırıb ki, keçmişdə ədəbi jurnal və qəzetlər böyük tirajlarla çıxırdılar: "Yadımdadır ki, "Azərbaycan” və "Ulduz” jurnalları 60-90 min tirajla çap olunurdular. Əlbəttə, indi o dövr deyil. Başqa şəraitdə yaşayırıq. Ədəbiyyata maraq xeyli dərəcədə azalıb. Onun yerini TV-lər, internet saytları, şoular, insanların həyatından bəhs edən verilişlər tutub. Düşünürəm ki, müəyyən dövr keçəndən sonra ədəbiyyata maraq yüksələcək”.
R.Məcidin qənaətincə, bəzi ədəbi qurumlarda şou elementləri müşahidə olunsa da, onları qınamaq olmur: "Çünki oxucu cəlb etmək istəyirlər. Hansısa kənar oxucunu müəyyən yollarla ədəbiyyata maraqlandırmağa çalışırlar. Oxucu yoxdursa, neyləmək olar? Oxucunu maraqlandıran yazılar vermək lazımdır. Bu baxımdan ədəbi qurumların şou axtarışı məqbuldur”.
Ədibin sözlərinə görə, hazırda maraqlı ədəbi nümunələr mövcuddur və ədəbi orqanlar mövcud olan ədəbi materialları işıqlandırırlar: "Amma dövr həminki deyil. Quruluşun dəyişməsi, insanların məişət qayğıları ədəbiyyatı arxa plana keçirib. Ədəbiyyat insanların həyati tələbatında özünə yer etməyib. Ondan öncə başqa tələbatlar var. Buna rəğmən düşünürəm ki, Azərbaycan xalqı kitaba, mütaliəyə meyilli xalqdır. Bu vərdişi mütləq qaytarmalıyıq. Bu məsələyə xidmət göstərən istənilən təşəbbüs alqışlanmalıdır”.
Ədəbi media quruluşlarında çalışanların peşəkar jurnalistlər, yoxsa ədəbiyyatçılar olmasına gəlincə, müsahibimiz söylədi ki, hazırda jurnalist və yazar anlayışı birləşib: "Bəzi köşə yazarları var ki, onların yazdıqları bədii ədəbiyyata yaxındır. Jurnalistikanın publisistika qolu var ki, o, bədii ədəbiyyata yaxındır. Bu baxımdan müxtəlif yazarlarımız sayt, qəzet və jurnallarda həm jurnalist, həm də yazar kimi çalışırlar. Əlbəttə, ədəbi orqanda ədəbiyyatdan kənar adamın işləməsi o qədər də effekt vermir. Faktiki olaraq saytlarda çalışanların çoxu ədəbiyyatla maraqlananlardır”.
Digər qələm ustadı, şair, publisist "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, ölkənin ədəbi jurnallarından olan "Ulduz” hazırkı baş redaktor Qulu Ağsəsin sayəsində orijinal və cazibədar çıxmağa başlayıb. Ora yeni insanlar cəlb olunub: "Gənclərin təbliği yönündə ciddi addımlar atılıb. Ədəbi cərəyanın müxtəlif istiqamətləri barədə məlumatlar verilir. Eyni zamanda tənqidçilərə imkan yaradılıb ki, hər nömrə tənqid olunsun və bu, açıq şəkildə ictimaiyyətə çatdırılsın. Belə təşəbbüslər jurnalda demokratik mühitin olmasından xəbər verir. Hesab edirəm ki, "Ulduz”un ənənəsi digərlərindən fərqlidir və dəstəklənməlidir”.
Ədəbi qəzetə gəlincə, şair vurğulayıb ki, bu istiqamətdə məhz "Ədəbiyyat” qəzeti ixtisaslaşıb: "Bu qəzet ədəbi sahədə fəaliyyət göstərmək üçün saflaşıb. Uzun illərdir fəaliyyət göstərir. Dövlət büdcəsindən ona vəsait ayrılır. Bundan başqa, digər mətbuat orqanlarında ədəbiyyat əlavələri var. Bura "Şərq”də vaxtilə çap olunan "Söz odası” əlavəsi, "525-ci qəzet” və "Kaspi” qəzetinin əlavələrini aid etmək olar. Onlar da həmin sahədəki missiyalarını kifayət qədər yaxşı həyata keçirirlər. Adını çəkdiyim qəzetlərin üzərinə belə bir təyinat qoyulmayıb ki, onlar ədəbiyyat əlavəsi buraxsınlar. Və buna görə onlara nə maliyyə vəsaiti ayrılır, nə də dəstək verilir. Sözügedən missiyanı təmənnasız olaraq üzərinə götürüblər. O insanlara yalnız təşəkkür etmək gərəkdir”.
Ədəbi saytların fəaliyyətinə toxunan E.Mirzəbəyli düşünür ki, internet media bu sahədə önə keçib: "Uğurlu layihələr var. Onların içərisində "Kulis.az.”, "Kult.az.” layihələrini dəyərləndirərdim. Onlar daha aktiv fəaliyyət göstərən ədəbi portallardır. Düzdü, ayrı-ayrı dövrlərdə onlarda passivlik müşahidə olunurdu. Xüsusilə də "Kulis az.” müəyyən dövr üçün gerilədi. Amma sonra yenidən özünü doğruldub, potensialını bərpa etdi. Sağlam rəqabətin olduğunu görürəm. Bu da ədəbiyyatın inkişafına təkan verən amildir. Çünki ədəbiyyatın populyarlığı ölkəmizdə elə də yüksək deyil. Belə bir dönəmdə adıçəkilən sayt rəhbərləri ədəbiyyatın təbliğatı missiyasını üzərlərinə götürürlərsə, onlara da minnətdarlıq etmək lazımdır”.
"Ədəbi qurumları necə görmək istəyirsiniz” sualına gəlincə, şair bəyan edib ki, həmin sahədə ixtisaslaşmış mətbuat orqanları var: "Məsələn, "Ədəbiyyat” qəzetini ayda iki dəfə yüksək keyfiyyət və tirajla, dünyada qəbul olunmuş standartlara uyğun, rəngli formada ortaya qoymaq olar. Ədəbiyyata marağı artırmaq məqsədilə ədəbi diskussiyaların açılması, ziddiyyətli fikirlərin ortaya qoyulması və ədəbiyyatımızın tarixi kimi çoxsaylı layihələri həyata keçirmək mümkündür”.
Şair ədəbi orqan oxucularının sayının azlığını, yaşadığımız mühit və ölkəmizdə kitaba marağın azlığı ilə izah edib: "Amma son zamanlar insanlar yavaş-yavaş ədəbiyyata qayıdırlar. Ədəbiyyata meyli yüksəltmək üçün ədəbi dərslərdə estetikanı artırmaq və ədəbiyyat dərslərini müxtəlif səhnəciklər qurmaqla təşkil etmək olar. Konkret olaraq müəllim hər hansı poeziya nümunəsini şagirdlərin fikirlərini öyrənərək müzakirə edə bilər, nəinki əzbərlətdirib lövhəyə çıxartmaq. Modern üsullardan istifadə etməklə ədəbiyyatı ayağa qaldırmaq mümkündür. Baxın, hansısa uşaq vaxtında Kukla Teatrına getməyibsə, onu kimsə Azərbaycan Dövlət Akademik Dram Teatrının tamaşalarına apara bilməz. Ədəbiyyat bir tərbiyədir. Yeni nəslin formalaşmasında tərbiyə metodlarından biridir. Uşaq körpəliyindən şifahi xalq ədəbiyyatından məlumatsızdırsa, klassiklərimizin əsərlərindən yararlanmırsa, ədəbiyyat onun gündəlik həyatının tərkib hissəsinə çevrilməyəcək. Onu gələcəkdə kitab oxumağa heç kim məcbur edə bilməz. Bu, kompleks sistemli bir məsələdir. Bu problemi 2-3 jurnal tənzimləyə bilməz”.
Ədəbi saytların şou və İP axtarışına toxunan yazar vurğulayıb ki, yuxarıda sadaladığı saytlarda belə hallara az rast gəlinir: "Amma paralel olaraq həm ədəbiyyat, həm də mədəniyyət xəbərləri yayan saytlar mövcuddur. Orda belə hallar müşahidə olunur. Şübhəsiz ki, hansısa mətbu orqan fəaliyyət göstərirsə, insanlar çalışırlarsa, onlar pul qazanmalıdırlar. Qazanmaq üçün onların dərc etdiyi materiallar çoxçeşidli olmalıdır. Bizdə əksəriyyətin şou-biznesə maraqlı olması nəticə etibarilə medianı bu istiqamətə sövq edib. Qənaətimcə, reklam verənlərin özləri maraqlı olmalıdırlar. Azərbaycan burjuaziyası milli burjuaziya anlayışına gəlməlidir. Başa düşməlidirlər ki, eyni zamanda milli mətbuatın inkişafında da öz töhfələrini verməlidirlər. Onların fəaliyyəti həm də bu ölkənin ədəbiyyatı, vətəndaşı və vətəndaşının şəxsiyyət kimi formalaşmasına xidmət göstərməlidir. Biznes adamları da daha diqqətli olmalıdırlar. Milli layihələri reallaşdırmaq üçün mətbuata dayaq olmaq lazımdır”.
(Davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb