Aqşin Yenisey: “Bu gün Azərbaycanda yazıçı və müğənni olmaq istedadın deyil, istedadsızlığın göstəricisinə çevrilib”
Ədəbi mətbuat niyə axsayır?
Elnur Astanbəyli: “Ədəbi azadlığın olmadığı yerlərdə ədəbi orqanların da uğur qazanmasına ümid etməyə dəyməz”
Aqşin Yenisey: “Bu gün Azərbaycanda yazıçı və müğənni olmaq istedadın deyil, istedadsızlığın göstəricisinə çevrilib”
Aqşin Yenisey: “Bu gün Azərbaycanda yazıçı və müğənni olmaq istedadın deyil, istedadsızlığın göstəricisinə çevrilib”
Azərbaycan mətbuatının inkişafına dair atılan çoxsaylı addımlar ədəbi qəzet, jurnal və saytların da tərəqqisinə təkan verib. Məhz bu uğurlu tədbirlərin nəticəsidir ki, son illər ölkəmizdə ədəbi orqanların sayı çoxalmaqdadır və həmin sahədə kəmiyyət baxımından çox ciddi irəliləyişlər müşahidə olunur. Buna rəğmən sözügedən media quruluşlarında heç bir keyfiyyət dəyişikliyi nəzərə çarpmır.
Geniş oxucu auditoriyası yığa bilmir və oxucuları həddindən artıq azdır. Problemin kökü isə müxtəlif səbəblərlə izah olunur. Kimi bunu ölkəmizdə bədii əsərlərə və ya ədəbiyyata marağın azalması, kimi isə ədəbi mətbuatın reytinq, İP arxasınca qaçması, ciddi ədəbi məqalələrə deyil, şou xarakterli yazılara üstünlük verməsi, ədəbi proseslərə təsir göstərə bilməməsi və ictimaiyyətdə aparıcı rol oynamaması ilə əlaqələndirir. Bu baxımdan ədəbi mətbuatın hazırkı durumunu aydınlaşdırmaq məqsədilə Azərbaycanın çağdaş ədəbi mühitinin nümayəndələrinin münasibətini öyrəndik.
Tanınmış şair, publisist Elnur Astanbəyli "Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ədəbi orqanların vəziyyətini müsbət ştrixlərlə ifadə etmək çox çətindir. Hətta o qədər çətindir ki, etiraf etmək gərəkdir: "2000-ci illərin əvvəllərində müxtəlif qəzetlərdə var olan ədəbiyyat səhifələri ədəbi prosesə təsir etmək, onu canlandırmaq baxımından daha ciddi təsir gücünə malik idi, nəinki bu gün mövcud olan ədəbi qəzet, jurnal və saytlar... Ən ağrılısı odur ki, vaxtilə haqqında danışdığımız ədəbiyyat səhifələri çox ağır şərtlər altında hazırlanırdı, bura həm maddi məsələlər daxildir, həm də ədəbiyyata baxış daha mühafizəkar idi, fərqli ədəbi mülahizələr top-tüfənglə qarşılanırdı. İndi isə tutaq ki, ədəbiyyat saytları ciddi büdcəyə malikdirlər, ədəbiyyata fərqli baxışlar da artıq əvvəlki aqressiya, qıcıq, qəzəb doğurmur, əvəzində isə bu saytlar ədəbi prosesdə aparıcı rol oynaya bilmirlər. Ədəbi qəzet adına ortada ancaq Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Ədəbiyyat qəzeti” mövcuddur. Ədəbi jurnallar deyəndə "Azərbaycan” və "Ulduz”, Tərcümə Mərkəzinin "Xəzər”, bir də yazıçı dostumuz Azad Qaradərəlinin şəxsi imkanları hesabına minbir əziyyətlə başa gətirdiyi "Yazı” dərgisini göstərmək mümkündür. AYB-nin ədəbi orqanlarını hətta müzakirə etməyə dəyməz. Onların varlığı ilə yoxluğu arasında nəhəng bir bərabərlik işarəsi mövcuddur. Bilirsiniz ki, "Ədəbiyyat qəzeti”nin rəhbərliyi son yarım ildə iki dəfə dəyişdi, çox adam ümid edirdi ki, artıq bu qəzet ədəbi prosesdə müəyyən rol oynamağa başlayacaq. Amma mən həmişə baş redaktorların dəyişməsi ilə AYB-nin ədəbi
orqanlarında nəyinsə yaxşıya doğru dəyişəcəyi fikrinə qarşı olmuşam. Hesab etmişəm ki, bu, mənasız optimizmdir. Çünki bunun üçün yalnız baş redaktor deyil, birliyin təfəkkür, beyin və ədəbiyyata psevdo münasibəti dəyişməlidir. Ora azad ruh, azad düşüncə hakim olmalıdır. Bu da mümkünsüz göründüyü üçün birliyin ədəbi orqanlarından ümidi tamamilə kəsmək lazımdır”.
Şairin qənaətincə, "Xəzər” AYB-nin dərgiləri ilə müqayisədə çox oxunaqlıdır: "Bunu daha çox onun xarici ədəbiyyata köklənməsi ilə izah edərdim. Məhz tərcümə dərgisi olması "Xəzər”i "Ulduz”dan, "Azərbaycan”dan bir neçə addım ön plana çıxarır. Lakin Tərcümə Mərkəzinin "Aydın Yol” qəzeti haqqında eyni sözləri demək çətindir. Burada da psevdoluq göz deşir və heç bir dinamizm görmürəm”.
E.Astanbəyli diqqətə çatdırıb ki, ədəbiyyat saytları ilə bağlı tamamilə ümidsizdir: "Onlar kifayət qədər ciddi büdcələri ilə şou-biznes başlıqlarına bel bağlayırlar. Bircə o qalıb ki, istifadəçi toplamaq üçün hansısa şair-yazıçının çılpaq fotolarını dərc etsinlər. Şəxsən mən bu saytların hansı parlaq imza üzə çıxardıqlarını, təqdim etdiklərini bilmirəm. Onlar ədəbi prosesə yön verməkdə acizdirlər. Bunun da səbəbi həmin saytların ədəbi azadlıqdan məhrum olmasıdır. Bilirsiniz, azadlıq həyatın hər sahəsində olduğu kimi, ədəbiyyatda da mühüm, həlledici şərtlərdən biridir, ədəbi azadlığın olmadığı yerlərdə ədəbi orqanların da uğur qazanmasına ümid etməyə dəyməz. Necə ki, biz bunu adını sadaladığım və sadalamadığım ədəbiyyat qəzetlərinin, jurnallarının, saytlarının timsalında görürük. "Alatoran” dərgisini xatırlayın. Heç bir büdcəsi, maddi-texniki bazası olmayan bu jurnal ədəbi fırtına yaratmışdı. Niyə? Məhz sahib olduğu ədəbi azadlığa və yenilikçi ruhuna görə”.
Yazarın sözlərinə görə, ədəbi orqanların bir çatışmazlığı da onların konkret estetik istiqamətlərinin olmamasıdır: "Vaxtilə Avropada, elə Rusiyanın özündə ədəbi dərgilərin ətrafında hər hansı ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşar, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”yə çıxar, bununla da ədəbi prosesə rəng qatar, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açardı. Məsələn, 20-ci əsr ispan ədəbiyyatının inkişafını "Helios” və "Renacimento” ("Dirçəliş”) dərgiləri olmadan təsəvvür etmək çətindir, başda keçən yüzilin ən parlaq şairlərindən Xuan Ximenes olmaqla, bu dərgilər modernist istiqamətli şair və yazıçıların ocağı idi. İspan şeirində və nəsrində yeni bir mərhələnin başlamasına əvəzsiz xidmət göstərmişdilər. Yaxud 19-cu əsrin ortalarındakı "Əyalət almanaxı” dərgisini götürək. Tirajı öz dövrü üçün yetərincə yüksək olan - on minlərə çatan bu dərginin məqsədi XII-XIII yüzilliklərdə özünün çiçəklənmə mərhələsini yaşayan əyalət ədəbiyyatını dirçəltmək idi. Elə bu da onun ədəbi prosesə uzun müddət təsir etməsinə imkan vermişdi. Yaxud XIX əsrin ikinci yarısında Rusiya ədəbi-mədəni və ictimai fikrinin qəlbi "Vremya” jurnalında döyünürdü, - maraq üçün deyim ki, onun əsas əməkdaşı və redaktoru Fyodr Dostoyevski idi, - "Vremya” dərgisinin missiyası "mədəniyyəti xalqın mənşəyi ilə yaxınlaşdırmaq, rus mədəni təbəqəsinin xalq kütlələrinin gizli və hərəkətsiz qalmış qüvvələri ilə birləşdirilməsi” olaraq elan edilmişdi. Yəni tarixi təcrübəyə baxdıqda ədəbi orqanlar konkret dünyagörüşə, ədəbi, mədəni, ictimai, hətta siyasi istiqamətə kökləndikdə uğur qazanırlar. Azərbaycanda isə bu, tamamilə istisnadır. Yalnız "Alatoran”ın öz estetik yükü, missiyası vardı. İndikilər isə nə istədiklərini özləri də bilmirlər. Ədəbiyyatda hansı meyli, istiqaməti, ruhu müdafiə edir, yaymağa çalışır, hansı ədəbi dəyər daşıyıcısıdırlar, bəlli deyil. Bax, ona görə də bizdə 2000-ci illərin ədəbi polemikaları, dartışmaları da artıq yoxdur. Halbuki ədəbi prosesi canlı tutmaq, diri saxlamaq üçün bunlar çox vacibdir. Ən biabırçısı odur ki, bu ədəbi fikir, ədəbi estetika yarışı əvəzinə, məsələn, ədəbi saytlar arasında ürəkbulandıran
İP, reytinq yarışı gedir. Bir az əvvəl də dediyim kimi, bir çox hallarda onların ədəbiyyat, yoxsa şou-biznes saytı, play-boy mətbuatı olduğunu ayırd etmək mümkünsüzləşir”.
Ədəbi orqanlarda çalışanların peşəkar jurnalistlər, yoxsa ədəbiyyatçılar olmasına gəlincə, şair bunu əhəmiyyətli saymadığını söylədi: "Ən azı ona görə ki, iş elə gətirib ki, bizdə mətbuat şairlərin, yazıçıların əsas iş yeri, çörək mənbəyidir. Yəni mətbuat və ədəbiyyat iç-içədir. Bir-birlərinə yad deyillər, ona görə də dediyiniz məsələnin xüsusi önəmi qalmır. Digər tərəfdən, elə yuxarıda Dostoyevski, Xuan Ximenes nümunələrini xatırlatdım. Yaxud keçən əsrin əvvəllərində Fransa mədəniyyətinə damğasını vuran "Nuvel revyü fransez” dərgisi, sonralar Nobel ödülünə də layiq görülən Andre Jidin, XIX yüzildə Rusiyada elmi, ədəbi, ictimai-siyasi həyatı öz təsir dairəsinə almış "Sovremennik” Çernışevskinin əsəri idi. Bunları ona görə yada salıram ki, ədəbi orqanların məhz ədəbiyyatçıların bilavasitə iştirakı və idarəçiliyi ilə daha çox uğur qazanacağı fikrini əsaslandırım”.
Ədəbi mətbuatın hazırkı durumunun təəssüf doğurduğunu deyən digər görkəmli şair-publisist Aqşin Yenisey bildirdi ki, ədəbi mediamız da digər media növləri kimi populyarlıq xəstəliyinə tutulub: "İstedad yunan demokratiyasının kütlüyünə məğlub oldu. Bu gün ədəbi saytlar televiziyadakı çal-çağır qaraçılığını yamsılamaqla məşğuldur. Ədəbiyyatın cəmiyyətdə mədəni-tarixi missiyası qaraciyərin bədəndəki funksiyası ilə həmişə eyni olub. Qaraciyər qandakı zəhəri orqanizmdən təmizlədiyi kimi, ədəbiyyat da cəmiyyətdən mənəvi-əxlaqi çirkabı təmizləyib. Amma fakt budur ki, indiki halda Azərbaycanda insanların əxlaqını, mənəviyyatını, vicdanını məhz mədəni strukturlar, xüsusilə, ədəbiyyat və musiqi korlayır. Az-çox abırlı adamların bu gün evinə televiziyanı və ədəbiyyatı buraxmaması başadüşüləndir. İnsanlar nə üçün kiminsə beş-altı ay gündəmdə sallaşmaqdan ötrü ombasıaçıq şəklini, yaxud fahişəylə necə yatması haqqında çərənlədiyi romanını gerçəkləşdirdiyi və adını müasir estetika qoyduğu düşüklüyü qəbul etməlidir? Cəmiyyət ədəbiyyatdan, musiqidən qorunmaqla məşğuldur. Bu gün Azərbaycanda yazıçı və müğənni olmaq istedadın deyil, istedadsızlığın göstəricisinə çevrilib. Və bu eybəcər tablonun müəlliflərindən biri də ədəbi mediadır”.
"Ədəbi media quruluşlarını necə görmək istəyirsiniz” sualına gəlincə, ədib vurğulayıb ki, hazırda bizə yeni kimi sırınan dəyərlər köhnələrin restavrasiyasıdır: "Yeni dəyər yaratmaq üçün yeni təfəkkürə sahib olmaq lazımdır. Hardadır bizim cəmiyyətdə o yeni təfəkkürlü böyük şəxsiyyət? Yeniləşən, sadəcə, ölüb gedənlərin yerinə doğulanlardı. Yenilik zahiri əlamətlərdə baş verir, batin elə həmin ələngəlikdən ibarətdir. Ona görə də istər ədəbiyyatda, istər musiqidə, istər jurnalistikada peyda olan yenilərin fitri təşəbbüskarlığı cüzi məbləğin qarşısında horraya dönür. İstedadın zatı mənəvi müqavimətdir. Makedoniyalı İsgəndərin atası Filipin belə bir sözü var: "Qızılla yüklənmiş eşşəyin qarşısında bütün gözəl qadınlar acizdir”. Bax, bizim mədəni durumumuz həmin o qızılla yüklənmiş eşşəyin qarşısındakı qadının günündədir. Yəni indiki halda nəyinsə quruluşunu dəyişməklə, hansısa formanı tətbiq etməklə heç nəyə nail ola bilməyəcəyik. Təcrübə də bunu göstərir. Yeganə yol ayrı-ayrı istedadların fərdi şəkildə özünü qoruması ola bilər. İmtina etmək və axına qoşulmamaq”.
A.Yenisey onu da əlavə edib ki, bu gün sənət sahələri arasında maraqlı bir yerdəyişmə olub: "Daha çox QHT təşkilatlarındakı xüsusi təyinatlı pulun başına toplaşan jurnalistlərin yerini, çayxanaların daimi müştəriləri olan bekar yazıçı və şairlər, onların atıb getdikləri yaradıcı xarabalıqları isə həvəskar oxucular tutub. Biz oxucuların mediaya və ədəbiyyata, tamaşaçıların televiziyaya və musiqiyə gəldiyi bir dövrdə yaşayırıq. Əsl istedadlar isə itkin düşüb. Şəxsən mən artıq heç bir oxucu məktubuna cavab vermirəm. Çünki ikinci məktubda mənə şeir, hekayə, roman yazmağın sirlərini öyrətməyə başlayırlar. Üstəgəl, tez-tez nümunə olaraq öz yaradıcılığından sitatlar gətirirlər. Ona görə də biz kimlərinsə yerini yox, öz münasibətimizi dəyişməliyik. Ədəbiyyata müqəddəs vicdani, mənəvi dəyərlərin istehsalçısı kimi yox, çörək və digər ərzaq məhsullarının adi istehlakçısı kimi baxmalıyıq. Bu günün şairi yazmayanda daha çox şairə oxşayır”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb