Əflatun Amaşov “Şərq”ə təbrik yazdı

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri



Müstəqil Azərbaycan Respublikasında demokratik mətbuat ənənələrinin qurulması və möhkəmlənməsində, söz və ifadə azadlıqları prinsiplərinin cəmiyyətin başlıca atributuna çevrilməsində mühüm xidmətləri olan, fəaliyyəti indinin özündə də davamlı xarakter daşıyan bir neçə qəzet var. Onlardan biri də bu gün 18 yaşını qeyd edən "Şərq” qəzetidir.

"Şərq”in yarandığı dövr suverenliyimizin beşinci ilinə təsadüf edir. Bu, gənc dövlətin hazırda təsəvvürə gətirə bilmədiyimiz bir sıra çətinliklərlə üzləşdiyi, qeyri-müəyyənliklərin daha çox nəzərə çarpdığı, siyasi təbəddülatların səngimədiyi zaman kəsiyi idi. Belə bir şəraitdə senzuranın saxlanılması reallığını nəzərə alsaq, müstəqil media dəyərlərinin cəmiyyətə çatdırılaraq demokratik dövlət quruculuğu prosesinin vacib şərti kimi bəyan edilməsi sıradan məsələ sayıla bilməzdi. Hesab edirəm ki, "Şərq” qəzeti özünün dəst-xəttilə məhz bu amallar naminə meydanda olduğunu təsdiqlədi. Bu, son dərəcə vacib missiya idi.

Bəli, 18 il öncə "Şərq” müasir Azərbaycan mətbuatının müstəqillikdən sonrakı beş il müddətində yeni çalarlar əldə edən, plüralizmin gerçək mahiyyətini ortaya qoyan, ən əsası isə cəmiyyətin qərarlaşmasına can atdığı prinsiplərin fövqündə duran, həmin prinsiplərin zəruriliyini dolğun şəkildə vurğulayan nümunə kimi formalaşdı. Bu cəhət qəzetə tez bir zamanda geniş oxucu auditoriyası qazandırdı. Zaman keçdikcə "Şərq” müxtəlif vətəndaş qruplarının öz ideya və düşüncələrini bölüşəcək etibarlı tribunasına çevrildi. Onun səhifələrində ifadə olunan baxışlar gələcək inkişafa misilsiz töhfələr verdi.

Bu günün "Şərq”i zamanın sınağından çıxmış, ictimai fikrə təsir gücünə malik peşəkar media orqanıdır. Mövcud statusun qazanılmasında başda Akif Aşırlı olmaqla nəşrin ətrafında toplaşmış hər kəsin əməyi böyükdür. İstər hazırda qəzetdə çalışanlar, istərsə də vaxtilə nəşrin uğurları üçün çarpışanlar ötən müddəti müasir Azərbaycan tarixinin ayrılmaz parçasına çevirmiş qələm sahibləridirlər. Onların hər birinin 18 illik ömür yolunda müstəsna payı var.

Azərbaycan Mətbuat Şurası özünün təsisçilərindən və hazırda fəal üzvlərindən olan "Şərq”in ötən 18 ildə keçdiyi yolu yüksək qiymətləndirir. Qəzetin səmimi keyfiyyətləri, üşgüzarlığı və peşəkarlığı ilə seçilən yaradıcı kollektivinin daha böyük uğurlara imza atacağına inanır.

18 yaşınız mübarək, əziz "Şərq”çilər! Sizləri təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və xöşbəxtlik arzulayıram. Əminəm ki, bundan sonrakı fəaliyyətiniz də müstəqil Azərbaycan Respublikasını zirvələrə daşıyacaq yola işıq salacaq.