Əhalinin nəzərinə: “Qida Təhlükəsizliyi Agentliyi belə xəbər verirsə, deməli..."






"Əhali qida təhlükəsizliyi ilə bağlı diqqətli olmalıdır”

Bu sözləri "Sherg.az”a Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Rusiyadan ölkəmizə keçə biləcək yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlığından danışarkən ekspert İsa Əliyev söyləyib.

Onun qənaətincə, bu cür vəziyyətlərdə ehtiyatlı davranmaq lazımdır:

"Qida Təhlükəsizliyi Agenti (QTA) belə bir xəbər verirsə, deməli, məsələ ilə bağlı müəyyən araşdırmalar aparılıb. Əks halda QTA-nın araşdırma və ya analiz olmadan belə bir məlumat açıqlaması doğru deyil. Bundan əlavə qonşu dövlətdə belə bir təhlükənin olması arzuolunmazdır. Gömrük Komitəsi qonşu dövlətlərdən Azərbaycana belə bir məhsulların idxalına birmənalı şəkildə qadağa qoymalıdır. Mümkün qədər özümüzü qorumalıyıq. Qurban bayramı ərəfəsində Türkiyədən gətirilən heyvanlar arasında xəstəlik vardı. Ümumiyyətlə, ölkəyə daxil olan idxal məhsullarını Gömrük Komitəsi tibbi ekpertizadan keçirməlidir və bundan sonra icazə verməlidir. Digər hallarda isə bu cür məhsullar ölkəyə gətirilə bilməz”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi (QTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

Kənan Eynuroğlu