Ehsan qadağası baş tutmadı

İnsanların yanlış adətləri göstərdi ki, bu prosesdə mafiya qalib gəldi




Hökumətin ehsan "qadağası” müəyyən nəticələr versə də, hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açıb. Bəzi yerlərdə sakinlər yas mərasiminə yazdırdıqları pulun dəyişilməz qalmasına etiraz edir. Bildirirlər ki, ehsana dair müəyyənləşən standartların tətbiqi zamanı pulyazılma məsələsi də nəzərə alınmalı və buna da əncam çəkilməli idi.

Qeyd edirlər ki, standartlar tətbiq olunmazdan öncə, hüzr yerlərinə kişilər 5, qadınlar isə 3 manat pul yazdırıblar. Hazırda isə həmin məbləğ verilən ehsanla müqayisədə üstünlük təşkil edir. İddia edirlər ki, ət xörəkləri verilmədiyi halda, bir stəkan çaya və 1 bir xurmaya görə 5 manat pul yazdırmaq gülünc doğurur. Bunu insanların cibinə girmək kimi dəyərləndirirlər. Demək olar ki, sözügedən məsələ bəzi yerlərdə əhalinin ən aktual müzakirə mövzusuna çevrilib.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında iddiaların haqsız olduğunu bildirib. Onun sözlərinə görə, hüzrdə insanlar bir-birinə dəstək verməlidir: "Pulsalma könüllü bir şeydir. İstəyən yazdırsın, istəməyən də yazdırmasın. Hər şeyi dövlət müəyyənləşdirməli deyil ki? Bunu dövlətin üzərinə qoymaq tamamilə yanlışdır. Mədəniyyət məsələsidir. Kömək məqsədilə pul yazdırmaq istəyənlər, yazdıra bilərlər. İstəməyənləri məcbur edən yoxdur”.

Deputatın qənaətincə, sözügedən məsələni insanların özləri bir araya gəlib aradan qaldırmalıdırlar: "Dəbdəbəli ehsan süfrələrinin yığışdırılmasını ölkə əhalisinin əhəmiyyətli hissəsi qəbul etmədi. Çünki Azərbaycan insanı özünün yanlış adətini yaşatmaqda maraqlıdır. Bu da onu göstərdi ki, bu prosesdə mafiya qalib gəldi. Çünki mafiya ona çalışırdı ki, yas yerlərində bolçeşidli ehsan süfrələri qurulsun. İnsanların dərisini soysunlar. Yəni öz yanlış adətimizə davam edəcəyik. Baxın, Səudiyyə Ərəbistanında Kral dəfn olundu. Onun başdaşına və ya ehsanına vəsait ayrılmasının şahidi olmadıq. Lakin bizdə vəziyyət dəhşətdi. Bütün qəbiristanlıqlar muzeyə dönüb. Bu səbəbdən hesab edirəm ki, məlum işi dövlətin üzərinə buraxmaq yanlışdır. Dövlət lazım olanı etdi. İnsanlar da şöhrətpərəst olduqlarına görə əməl etmədilər”.

İlahiyyatçı Hacı Atif İsmayılov bildirdi ki, pul yazdırma insanın maddi durumundan asılıdır: "Belə bir adət var ki, kimsə başqasının hüzründə və ya toyunda iştirak edib, 5 manat yazdırıbsa, o da onun toyunda və yasında iştirak edib 5 manatını qaytarır. Bu formalaşmanın özü də doğru deyil. Toylardan fərqli olaraq hüzr yerlərində hər bir şey ehsan məqsədilə verilir. 1 manat və 3 manat məsələsinin gündəmə gəlməsi şəriət baxımından günahdır. Pul yemək müqabilində deyil, kömək, yardım məqsədilə salınmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, hazırda yas mərasimlərini alqı-satqı bazarına döndəriblər: "Cəmiyyətin cahilliyi və savadsızlığıdır. Daha yaxşı olar ki, bu məsələni ağsaqqallar və ruhanilər yoluna qoysunlar. İnsanlara aşılanmalıdır ki, o iki manatı yardım məqsədilə etmək lazımdır. Mərhumun ailəsinə dəstək naminə edirlər. Bunun yeməyə heç bir aidiyyəti yoxdur”.

Ayyət Əhməd