Ekspert deputatın təklifini dəstəklədi

Sürücülərin siqaret çəkməyi də telefonla danışmaq qədər diqqət yayındıran bir məsələdir
Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib. Onun sözlərinə görə, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər.
Deputat bildirib ki, sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır.
Sükan arxasında olarkən telefonla danışmaq da sürücülərin diqqətini yayındıran məqamlardan biridir. Buna görə sürücülərə müvafiq cərimələr tətbiq edilir, həmçinin müəyyən nəzarət mexanizmi də var. Siqaretin qadağası isə hələ ki, avtobus sürücüləri üçün nəzərdə tutulub. İctimai nəqliyyatlarda yerləşdirilən kameralar vasitəsilə avtobus sürücülərinə nəzarət etmək mümkündür. Amma şəxsi avtomobili olan sürücülər üçün bu nəzarətin necə və kimlər tərəfindən olacağı sual altındadır.
Deputatın təklifini müsbət qiymətləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə bildirib ki, əksər yol qəzaları diqqətsizlik nəticəsində baş verir. Diqqətsizliyə səbəb olan məqamlardan biri də sükan arxasında olarkən siqaretdən istifadə edilməsidir: 
"Sürücülərin diqqətsizliyinə səbəb olan müxtəlif amillər var. Bəzən telefonla danışanda, nömrələri yığanda və ya telefondakı məlumatları dinləyəndə müəyyən əsəbi, stresli məqamlar, diqqətin yayınması kimi hallar baş verir. Məlumdur ki, sürücülərin nəqliyyat vasitəsini idarə edərkən telefonlardan istifadə etmələri qadağan olundu və bunun üçün nəzarət də var.
Əvvəllər isə siqareti kibritlə yandırırdılar, bəzi vaxt kibrit yerə düşürdü, əyilib o kibriti götürəndə qəza baş verirdi. Ona görə də siqaret çəkən zaman insanların fikri yayınır, hərəkətləri nisbətən çətinləşir. Düşünürəm ki, deputatın təklifi olduqca müsbət qarşılanmalıdır. Çünki sürücülərin siqaret çəkməyi də telefonla danışmaq qədər diqqət yayındıran bir məsələdir”.
Ekspert bildirib ki, sükan arxasında siqaret çəkilməsinə qadağalar qoyulsa belə, bu prosesə nəzarət etmək həddindən artıq çətin olacaq: 
"Bəzən peşəkar sürücülər müəyyən qadağalar olduğu üçün siqaret çəkmirlər. Çünki hazırda ictimai nəqliyyatlarda sürücülərə kameralarla nəzarət edilir. Şəxsi maşını olan sürücülər isə siqaret çəkirlər və belə sürücülərə nəzarət etmək çox çətindir. Gərək sürücülər özlərində yol hərəkəti mədəniyyətini formalaşdırsınlar və onların peşəkarlığı elə səviyyədə olsun ki, qaydalara əməl etsinlər”.
İctimai yerlərdə siqaretdən istifadənin yanlış hal olduğunu xatırladan ekspert nəqliyyat vasitəsini idarə edərkən siqaretdən istifadənin ikiqat təhlükəli olduğunu vurğulayıb: 
"Sürücü siqareti əlində tutarkən tüstünü müəyyən istiqamətlərə buraxanda bəzi vərdişlər əmələ gəlir. Yaranan vərdişlər isə diqqətin zəifləməsinə səbəb olur. Ona görə də yol-nəqliyyat hadisələrinin baş verməsi və diqqətin yayınmasına səbəb kimi siqaretdən istifadə qeyd edilməlidir. Həmçinin müvafiq maarifləndirmə işləri aparılmalı, sürücülərə sükan arxasında siqaret çəkməyin qadağan edildiyi bildirilməlidir. Hələlik bu qadağanın cəriməsi və sürücülərə nəzarətin hansı formada olacağı bilinmir. Yol qəzalarının baş verməsində birbaşa və ya dolayısı səbəblər var. Dolayı səbəblərin əksəriyyəti isə sürücülərin diqqətinin yayınmasından ibarətdir”.
Ekspertin sözlərindən belə qənaətə gəlmək olar ki, sürücülərin sükan arxasında siqaretdən istifadəsi yol qəzaları üçün əsaslı səbəb olmasa da, ən adi diqqət zəifliyi belə ciddi qəzalara səbəb ola bilər. Ona görə də sürücülər idarəetmə zamanı maksimum dərəcədə diqqətli olmalı, yalnız özlərinin deyil, digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyində məsuliyyət daşıdıqlarını dərk etməlidirlər.
Yeganə Bayramova