“Dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmaq tələb olunur ki, hər iki valyuta həcmi arasında balans yaransın”
Ekspertlər razılaşır, dirçəlirik
Ölkə iqtisadiyyatında ötənilki geriləmələr arxada qalıb
“Dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmaq tələb olunur ki, hər iki valyuta həcmi arasında balans yaransın”
“Dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmaq tələb olunur ki, hər iki valyuta həcmi arasında balans yaransın”
BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.
Komissiyanın hesabatında BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2 faiz, 2018-ci ildə isə 1,2 faiz artacağını güman edir.
Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq. Proqnozlara əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər: "Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir”.
BMT-nin İqtisadi-sosial komissiyasının Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını dəyərləndirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Şərq”ə açıqlamasında, doğrudan da, Azərbaycan iqtisadiyyatının son iki illə müqayisədə bir xeyli dirçəldiyini deyib:
"2016-cı ilin birinci rübünün müvafiq göstəriciləri ilə müqayisədə cari ilin birinci rübündə iqtisadiyyatda pozitiv meyillər qeydə alınıb. Bu çox yaxşı haldır və o deməkdir ki, ölkə iqtisadiyyatı tədricən ötən ildəki geriləmələri arxada qoymağa başlayıb. Neftin qiymətlərinin də müəyyən bir həddə qədər qalxaraq sabitləşməsi bu tendensiyanın uğurla davam edə biləcəyinə bir əsas yaradır. Belə ki, keçən ilin ilk üç ayı ərzində neftin dünya bazarlarında orta qiyməti 35 dollar olmuşdusa, cari ilin birinci rübü ərzində bu rəqəm təqribən 55 dollar, yəni ötən ilin müvafiq dövründəkindən 20 dollar artıq olmuşdu. Bu gün ölkədə real sektorun hərtərəfli inkişafını hədəfləyən islahatlar paketinin yüksək səviyyədə reallaşdırılması prossesi gedir. Bu əsas verir deyək ki, yaxın gələcəkdə biz iqtisadiyyatda məğbul sayıla biləcək artım templərinə nail ola biləcəyik. BMT-nin İqtisadi-sosial komissiyasının ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırması da məhz ölkədə aparılan əsaslı iqtisadi islahatların əsasında mümkün olub. Bunun belə olacağını tək BMT-nin İqtisadi-sosial komissiyası deyil, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu maliyyə institutları da təsdiq edirlər”.
İqtisadçı-ekspert Pərviz Heydərov isə deyib ki, BMT-nin İqtisadi-sosial komissiyası tərəfindən ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında vəziyyətə dair verdiyi proqnozda da qeyd edilir ki, artımın bərpa olması, o cümlədən inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyi gözləntisi məhz neftin dünya bazarlarında qiymətlərinin sabitləşməsiylə əlaqədar baş verəcək.
Yeri gəlmişkən, cari ildən kövrək də olsa, ölkə iqtisadiyyatında sabitləşmə meyilləri özü də, məhz neftin qiymətinin ucuzlaşması prosesinin keçən ilin sonundan etibarən, dayanması ilə əlaqədar baş verib. Hansı ki, bu tendensiya davam etməkdədir.
Komissiya ekspertlərinin mövcud fiskal gərginliyin makroiqtisadi göstəricilərdə dayanıqlıq əldə olunması işinə mane olması proqnozlarına gəlincə isə ekspert deyib ki, burada söhbət, sərt pul-kredit siyasətinin yürüdülməsi, dövriyyədə nağd pul kütləsinin həcminin məhdudlaşdırılması, kreditləşmənin olmaması, manatın dəyərinin möhkəm saxlanması və sair kimi amillərdən gedir. Onun sözlərinə görə, bütün bunlarla qeyri-neft sektorunun istənilən tempdə genişlənməsinə nail olmaq əsla, mümkün deyil: "Əlbəttə, bu, çox düzgün olaraq qeyd edilib. Çünki neftin qiymətinə söykənən iqtisadi artım dayanıqlı ola bilməz. Ölkəyə neftdən kənar mənbələrdən də valyuta gəlməlidir. Bəli, neftin qiyməti bu gün 50 dollardan yuxarıdır, amma sabah onun yenidən ucuzlaşmağa başlamayacağına dair heç bir zəmanət yoxdur. Azərbaycan iqtisadiyyatı ən sürətli yüksəlişə neftin məhz 100 dollar ətrafında olması vəziyyətinə uyğunlaşıb. Neft isə bir daha bu qiymətə olan deyil. 50-60 dollar civarında isə istənilən səviyyədə iqtisadi artım barədə danışmaq absurddur”.
Dayanıqlı iqtisadi artım üçün qeyri-neft sektorunun inkişaf etməsini zəruri hesab edən P.Heydərov deyib ki, bunun həllində yeganə çıxış yolu isə bank sektorunu normal, heç olmasa, ortabab işlək vəziyyətə gətirməkdən ibarətdir:
"Bizdə isə bank sektoru təəssüf ki, hələ də "süni nəfəslik” altındadır. Belə ki, banklar əvvəla kredit verə bilmirlər, ikincisi də ki, ölkədə normal kredit tələbi də mövcud deyil: kimə ucuz manat vəsaiti təklif edilərsə, dərhal alıb, fürsət düşən kimi dollara dəyişməyə cəhd göstərəcək. Ümumiyyətlə, şərhlərimdə də qeyd etmişəm ki, neftin dünya bazar qiymətlərinin məhz 2014-cü ilin yayından etibarən ucuzlaşmağa başlanması ilə əlaqədar, ölkəyə valyuta axını azalmağa doğru istiqamət götürdü və bu tendensiya nəticəsində valyuta mədaxili 3-4 dəfəyədək daraldı. Bu gün də ölkəyə dollar axını əvvəlki həcmdə deyil və bundan sonra da bilavasitə neftlə bağlı, həmin səviyyədə olmayacaq”.
İqtisadçının sözlərinə görə, çıxış yolu olaraq dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmaq tələb olunur ki, hər iki valyuta həcmi arasında balans yaransın. Bunun üçün isə Mərkəzi Bank (AMB) bir neçə yoldan və vasitədən istifadə edir:
"Birincisi, valyuta mübadiləsi üzrə keçirilən məlum hərraclarda intervensiya yolu ilə iştirak edərək xarici valyuta satıb, izafi manat kütləsini götürməkdən ibarət idi. İkincisi, uçot dərəcəsini yüksəltməklə mərkəzi kredit vəsaitlərinin qiymətini artırmaq idi. Üçüncüsü isə, depozit hərracları keçirmək vasitəsilə banklardan manat vəsaitini cəlb etmək. İqtisadiyyatın nağd pul kütləsi ilə qidalanmasının bu cür çərçivəyə alınması və sıxışdırılması isə artıma və inkişafa ziyandır. Hesab edirəm, iqtisadiyyatda sabitlik yarandıqca, möhkəmləndikcə, sözügedən vəziyyət tədricən aradan qaldırılmalıdır. Və bu, özünü ilkin olaraq AMB-nin uçot dərəcəsinin 15 faizdən tədricən aşağı salınması ilə göstərməlidir”.
Şəymən