“Elçilikdə də, toy günü də atamın yoxluğu məni sızıldatdı”

Tural Adıgözəlov: “Heç bir övladının toyunu görmək ona qismət olmadı. Bu, bizim üçün də ağır idi”“Ayaqqabıya, geyimə pul xərcləməkdən zövq alırdı. Hətta atam rəhmətə gedəndən sonra bir mağazanın böyüyü gətirib bizə pul verdi ki, atanız beh qoymuşdu kostyum üçün”
Bu dəfə onun ömür yolunu bir də vərəqləyib, xatirələri ilə mərhum sənətkar, sox sevilən aktyor Telman Adıgözəlovu xatırlamaq istədik. İstədik ölümündən sonra onun ailəsi ilə söhbət edək.
Telman Adıgözəlovu bir də xatırlamaq, barəsində bəlkə bilmədiklərimizi öyrənmək üçün mərhum sənətkarın oğlu Tural Adıgözəlovla görüşdük.
Çay süfrəsi ətrafında biz suallarımızı ünvanladıq, Tural da bəzən qəhərlənərək, bəzən mənalı ifadələrlə atası barədə danışmağa başladı.
Biz ondan doymadıq...
- Atanızı necə xatırlayırsız?
- Çox sakit, ailəcanlı bir insan idi. Atamdı deyə demirəm. Çox gözəl ürəyi vardı.
- Yəni tələbkar valideyn deyildi?
- Valideyn kimi təbii ki, tələbkar idi, öz məsləhətlərini verərdi. Amma heç vaxt deməzdi ki, bu mütləq belə olmalıdı. Seçimi bizim ixtiyarımıza verərdi. Bacım da, mən də hər zaman ondan ancaq məsləhət eşitmişik. "Ancaq mən deyən olmalıdı” sözü bizim evdə səslənməyib. Ailəsinə çox diqqət yetirərdi. Nə qədər qədər işi çox olsa da, o, diqqətini bizdən əsirgəməyib.
- Sənət dostlarından evinizə gələn olurdu? Ya qapalı ailə olmusuz?
- Çox get-gəlli evimiz olmayıb. Bir Ramiz Novruzovla çox yaxın dost olublar. Ailələr biri-birinin evinə gedib gəlib. Atamın ən yaxın sənət dostu Ramiz əmi olub
- Bu gün də onların ailəsi ilə münaibət var?
- Təbii. Bu gün də onların ailəsi ilə münasibətimiz, get-gəlimiz var. Yenə ailəvi yaxınıq.
- Sənət aləmində dostluq varmı? Siz də sənət aləmində böyüyən uşaq olmusuz?
- Belə çox olmur yəqin. Biz ancaq Ramiz əmini ailənin dostu bilmişik. Düzdü, Hacı İsmayılovla da dost olub. Amma ailələr arasında dostluq Ramiz əmi ilə olub.
- Telman müəllim sevilən bir aktyor idi. Evdə qısqanclıq üstündə ananızla söz-söhbətləri düşürdümü?
- Düzünü deyim, biz şahidi olmamışıq. Çünki atam ailə quranda artıq tanınmış bir aktyor idi. Anam da bilib ki, sənət adamı ilə ailə qurur. Anam qəbul edib ki, bu ailə illərlə bir yerdə ola bilib. Anam ona çox inanırdı. Həm də ailədə hər zaman onların biri-birinə hörmətini görmüşük. Atam həqiqətən mülayim insan idi. Heç kimin qəlbini sındırmazdı. Anamı da sevib ki, bu ailə qurulub. Atam gec ailə qurub. 30 yaşında ailə qurub. Anam onu tanıyanda atamın tanınmış olduğunu bilirmiş. Qəbul etmişdi ki, o, sənət adamıdı. Bir yerdə oturub verilişlərə, tamaşalara baxardılar. Anam onu qısqanmırdı. Bilirdi ki, bu onun işidi. Atam kənarda qısqanclıq üçün yəqin ona heç bir zəmin yaratmamışdı.
- Telman müəllim mənim yaddaşımda təmkinli insan kimi qalıb. Evdə də o qədər təmkinli idi?
- Çox təmkinli idi. Mənim yadıma gəlmir ki, o nə vaxtsa mənə əl qaldırsın. Ya əsəbiləşib nəsə desin. Düzdü, nəsə xoşuna gəlmirdisə, başa salırdı. Amma heç vaxt ağır söz deməzdi. Məni heç vaxt döyməyib. Sərt təpkisi olmurdu.
- Nəyi sevmirdi Telman müəllim?
- Yalanı, riyakarlığı sevmirdi. İnsanlarda səmimiyyətə önəm verirdi.
- İşdə olan söz-söhbətlər nə qədər evinizə gəlib çatırdı?
- Heç vaxt işində olan problemi evə gətirməzdi. İşi evə gətirmirdi. Hətta yorğun da gələndə, bunu hiss etdirmək istəmirdi. Qapını açanda hiss edirdin ki, çox yorğundu. Amma bizi görən kimi gülümsəyərdi ki, o yorğunluğu, ya əsəbi hiss olunmasın. İşdə nə problemləri olurdusa, bizim evdə bu müzakirə olunmayıb heç vaxt. Bunu bizə yansıtmırdı.
- Hiss edirdiz ki, işdə çətinliyi var? Teatrda ona paxıllıq edən yəqin olub? Kiminlə münasibəti soyuq idi?
- Hərdən hiss edirdik ki, işdə çətinliyi var. Amma o, büruzə vermirdi. Heç vaxt evdə bu barədə söhbət olmayıb ki, kim mənim paxıllığımı çəkir. Ya kiminləsə sözümüz tutmadı. O baxımdan çox qapalı insan olub atam.
- Kim onu sevmirdi teatrda? Bunu hiss etməmişdiz heç vaxt?
- İnanın, bunu bilmirik. Çünki heç kimlə pis olmayıb. Mən onunla bəzən çəkiliş meydançalarına, teatra getmişəm. Məşqlər zamanı onun yanında olmuşam. Teatrın bufetində otururduq. Mən bunu hiss etməmişəm, görməmişəm ki, kiminləsə soyuq olsun, salamlaşmasın. Bəlkə də olub. Mən bilmirdim. Dram Teatrına da onun yanında gedərdim. Bilən gəlib görüşürdü ki, Telmanın oğludu. Amma inciklik olubsa da, biz bilməmişik.
- Bu gün Telman Adıgözəlovun oğlu ilə maraqlanan, sizin ailənizə baş çəkən var aktyorlardan?
- Ramiz əmidi. Hacı İsmayılovdu. Soruşurlar. Mənim də, bacımın da xeyir işində, toyumuzda iştirak ediblər. Atam dünyasını dəyişsə də, onlar bizi o baxımdan unutmayıblar. Elə müğənnilərdən də gələnlər oldu. Baxmayaraq ki, Afaq Bəşirqızı başqa teatrda çalışır, amma toyumuzda gəlib iştirak ediblər. Bizi tək qoymayıblar.
- Tərəf-müqabili olublar da?
- Bəli. Yəni o münasibət var yenə.
- Hansı müğənnilər toyunuzda oldular?
- Çoxları iştirak edib. İndi birini deyib, birinin adını unudaram, düz alınmaz. Sağ olsunlar gələnlər.
- Telman müəllim toylarda tamadalıq da edirdi də?
- Bəli. Çox müğənnilərlə də münasibəti yaxşı idi.
- Nə əcəb atanızın yolunu davam etmədiniz?
- Baxmayaraq ki, uşaqlıqda onunla teatra, çəkilişlərə də getmişəm, maraqlı idi, amma heç vaxt bu sahəyə marağım olmayıb. Heç vaxt arzulamamışam ki, sənət aləmində olum. Bu sahədən uzaq olmuşam. Bacım da mənim kimi.
- Bacınız hansı sahədədi?
- Bacım həkimdi. O da heç vaxt sənət aləmində olmaq fikrində olmayıb. Tamaşalara bacımı da aparıb, amma onun da səhnəyə marağı olmayıb.
- Telman müəllimin son mənzilə yola salındığı gün pərəstişkarları da narazılıq etdilər. O, son mənzilə adına layiq şəkildə yola salınmadı sanki? Tanınmış aktyor idi, fəxri ada layiq görülən bir aktyor ilə son vida görüşü olmadı, onu teatrın səhnəsindən götürmədilər. Bu sizin ürəyinizdə bir inciklik saxlamadı?
- Elədi əslində. Düzdü, Dram Teatrı o vaxt təmirdə idi. Amma başqa teatrdan götürülə bilərdi. Bizə təklif edən olmadı. Düzdü, nazirlikdən də gələn oldu, teatrın direktoru da iştirak etdi dəfndə. Amma onun son mənzilə teatrdan yola salınması bizə təklif olunmadı. Sözün düzü, mən o vaxt çox cavan idim. Əsgərlikdən bir neçə ay idi ki, gəlmişdim. O qədər fərqinə varmadım. Onda 23 yaşım var idi. Ağlıma belə gəlmədi. Sonradan mənə başa saldılar ki, bəs tanınmış insanlarla vida mərasimi keçirilir. Teatrdan götürülməli idi. Bunu o vaxt dərk etmirdim. Sonradan başa düşdüm, gec idi. Yenə deyirəm, axı bizə təklif edən də olmadı. Mən atamı itirmişdim. Bu mənim üçün ağır bir itki idi. O barədə düşünə bilməzdim. Artıq sonradan başa saldılar. Axı onun pərəstişkarları var idi ki, bəlkə evin yolunu bilmirilər, ya çəkinirilər. Amma teatrda olsaydı, onunla vidalaşa bilərdilər. Nə bilim. Mən uşaq idim ona. Sonradan başa düşəndə təbii ki, təsir etdi. Axı atam bu sənətdə sözünü deyən bir insan olub. Mənə elə gəlir haqqı vardı ki, onu məhz teatr səhnəsindən son mənzilə yola salsınlar.
- Son günlərini necə xatırlayırsan?
- Bilirsiz, gözlənilməz oldu. Axı o, aylarla yataqda yatmamışdı. Birdən oldu. Mən 6 ay idi əsgərlikdən gəlmişdim. Düzdü, əsgərlikdə olanda bir az narahat olmuşdu. Həkimlər ona səhv diaqnoz qoymuşdular. Deyiblər ki, belində duzlaşma gedir. Ürəyinə görə müalicə almamışdı. Müalicə də səhv olmuşdu. O bir dəfə infarkt olub, bilməyib. Bu dəfə artıq onu üstələdi.
- Son sözü nə idi?
- Ən pisi o oldu ki, son sözünü deyə bilmədi. Yəni işdən gəldi, adi gün kimi. Elə pis oldu. Yəqin bizim toyumuzu görmək istərdi. Bunu hər ata arzulayar məncə. Heç bir övladının toyunu görmək ona qismət olmadı. Bu, bizim üçün də ağır idi.
(Davamı sabahki sayımızda)
Tahirə Məmmədqızı