Elçin Hüseynova CAVAB: "Əxlaq işlədiyin sahə ilə ölçülmür"

Elə xanım sənətçilər var ki, həm gözəl ana, həm də mükəmməl həyat yoldaşı ola bilirlər






"Bu, səhnədə olan xanımları alçaltmaqdı. Ayıbdı. İstəməzdim ki, xanım sənətçilər barədə bu qədər yanlış bir fikir yaradılsın”

Sənət aləmində olmaq, səhnədə duruş gətirmək çətindi deyirlər. Hələ qadınların səhnədə olması daha məsuliyyətli, daha ağırdı. Təbii ki, söhbət Azərbaycan səhnəsində olan xanım sənətçilərdən gedir. Nəzərə alsaq ki, bizdə səhnədə olan xanımlara qarşı münasibət birmənalı deyil, onda bəzi suallar yaranır. Sənətçi xanımla ailə qurmağa ailədə niyə razı olmurlar?

Əslində xanım sənətçilərlə ailə qurmamaq üçün hərənin bir bəhanəsi, ya da həqiqəti var. Doğrudanmı xanım sənətçi ilə ailə qurmaq düzgün deyil, ya da xanım sənətçi ilə ailə qurmaq ailəyə, nəslə, kökə utanc gətirə bilər?

Bu məsələ zaman-zaman mətbuatın gündəminə gəlir. Elə bu günlərdə müğənni Elçin Hüseynovun xanım sənətçilərlə bağlı açıqlaması da kifayət qədər müzakirələrə və qalmaqallara əsas yarada bilər.
Elçin Hüseynov xanım sənətçi ilə ailə qurmağın ailələrinə yaraşmayan hal olduğunu bildirib. Müğənni açıqlamasında belə bir fikir bildirib: "Oğlanlarım gələcəkdə müğənni qızla ailə qura bilməz. Müğənni xanım ailəmizə gəlin gələ bilməz. Bu hal ailəmizə, nəslimizə uyğun bir addım deyil. Şübhəsiz ki, razı olmaram ailə üzvlərimizdən kimsə müğənni xanımla ailə qursun. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə müğənni qızla ailə qurmaq olmaz. Biz 8 övlad valideynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur. O rəhbərin düzgün məsləhətli yolu olmasa olmaz. Qardaşım, bacım övladlarına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil.


E.Hüseynov bildirib ki, övladlarının gələcəkdə musiqi sahəsində olmasını istəməz: "Dörd övladım var: 2 qız, 2 oğlan. İndi qəti deyə bilmərəm ki, gələcəkdə oğlanlarımdan hansısa musiqi sahəsində olmasın. Bu, Allahın qismətidir. Amma çalışacam ki, bu sahədə olmasınlar. Bu sahə hörmətli sahədir, mən nə etmişəmsə, müğənniliyim sayəsində etmişəm. Amma çox çətin sənətdir. Valideyn istəməz ki, övladı çətinlik görsün. Rəhmətlik atam da istəməzdi ki, övladları çətinlik görsün”.

Elçin Hüseynovun bu qalmaqallı açıqlamasına xanım sənətçilərin də cavabı oldu.

Əməkdar artist Nüşabə Ələsgərlinin cavabı maraqlı oldu: "Bilirsiz, çox həssas bir məsələ barədə danışırıq. Mən də sənətçiyəm. Səhnədəyəm, övlad sahibiyəm, anayam. Elçinin bu fikirlərini hardasa qəbul edə bilirəm. Bu məsələyə fərqli tərəflərdən yanaşmaq olar. Təbii ki, Elçin subyektiv fikir bildirib. Qadın deyəndə nə düşünmək lazımdı? Ailənin xanımı, ana olmaq. Qadın evində uşaqlarının qayğısını çəkər, yoldaşının qulluğunda durar, bişirər, düşürər. Axşam ailəsi ilə süfrə başında olar. Yəni adətən bizdə qadınlar ailədə yükü daha çox üzərlərinə götürürlər. Amma biz xanım sənətçilərin işi adətən axşam saatlarında başlayır. Toylara, məclislərə axşamlar gedirik, qastrol səfərləri, çəkilişlər ola bilir. Hər bir kişi bunu qəbul etmir. 

Bizdə kişilər istəyirlər ki, axşam düşəndə xanımları evdə olsunlar. Bu baxımdan Elçinin dediklərinə hardasa haqq vermək olar. Amma bunun əxlaqla əlaqəsi yoxdu. Sənət aləmində olan xanım sənətçilərin normal ailələri olanlar yetərincədir. Bunun əxlaqa nə aidiyyəti? Hər sahənin öz çətinliyi var. Sadəcə biz üzdə olan insanlarıq, ictimaiyyət arasında çox oluruq, bizimlə təmasda olan insanlar çox olur, pərəstişkarlarımız var. Təbii ki, bu sahədə olan xanımı qısqanmaq üçün səbəb çox ola bilir. Bu baxımdan xanım sənətçi ilə ailə qurmaq ikiqat çətindi. Amma bu o demək deyil ki, xanım sənətçi ilə ailə qurmaq olmaz. Buna görə kimsə utanmalıdır. Hər bir insan, hər bir qadın ilk əvvəl özünə hörməti varsa, düzgün həyat tərzi yaşamağa üstünlük verir. Ona görə də Elçinin xanım sənətçilər barədə dediklərini subyektiv fikir olaraq qəbul etmək istəyirəm”.

Müğənni Rahidə Baxışova isə Elçinin bu fikrinə sərt cavab verdi: 

"Elçin sənət dostumuzdu. Mən bilmirəm bu fikri bildirərkən nəyi nəzərdə tutub, amma "müğənni qadınla ailə qurmaq bizim ailəyə, nəslə yaraşmaz” ifadəsi yanlış fikirdi. Bu nə deməkdir? Xanım sənətçi ilə ailə qurmaq niyə ailəyə utanc verən hal kimi qəbul olunmalıdır ki? Xanım sənətçilər var ki, ailələrində gözəl anadırlar, mükəmməl həyat yoldaşı ola bilirlər. Təbii ki, hər sahənin çətin, özünəməxsus tərəfləri var. Bəli, xanım sənətçinin səhnədə olması çətindi. Hər mənada çətindi. Amma mənə elə gəlir ki, bu fikir qəbulolunmazdı.

 Əxlaq işlədiyin sahə ilə ölçülmür. Hansı sahədə çalışırsan, çalış, insan olaraq özünə hörmət etməyi bacarırsansa, sənin əxlaqın haqqında kimsə artıq söz deyə bilməz. Nə vaxtdan insanlıq, əxlaq, tərbiyə işlədiyin sahə ilə bağlı olub? Məgər həkimlər, müəllimələr, ya da başqa sahədə olan xanımlar arasında səhv yol seçənlər olmur? Məgər əxlaq səhnədə itə bilir? Bu nə qədər dar düşüncəli bir fikirdi. Sən hansı sahədə olursan ol, əxlaqın varsa, onu kimsə ləkələyə bilməz. Mən sənətdə olarkən mənimlə ailə qurdular. İndi mən sənətdə olan qadınamsa, mənimlə ailə qurmaq utanc verməli idi? Bu, səhnədə olan xanımları alçaltmaqdı. Ayıbdı. İstəməzdim ki, xanım sənətçilər barədə bu qədər yanlış bir fikir yaradılsın. Elçin xanım sənətçilər arasında normal ailəsi olan xanımları tanımır ki? 

Mən bu fikri özümə də götürmürəm. Çünki hər zaman addımımı ölçüb-biçən insan olmuşam. Amma belə sərt, bir az da düşünmədən deyilən fikir xanım sənətçiləri təhqir etmək deməkdi. Nəyə lazımdı? Ailə qurarkən hər kəs insanlığa önəm verir. Sevərkən o insanın hansı sahədə çalışması vacib deyil. Vacib olan onun insan olaraq kimliyidir. Bəli, qurunun oduna yaş da yanır bəlkə. Sənət aləmində elə xanım sənətçilər var ki, adımızı ləkələyir. Bununla razılaşa bilərəm. Amma hamını eyni qəlibdə görmək, hamıya eyni rakursdan baxmaq düzgün deyil. Əxlaq insanın mənəviyyatı ilə bağlı bir məqamdı. Səhnə heç kimin mənəviyyatına mənfi, ya da müsbət mənada təsir edə bilməz. Sən ya mənəvi, əxlaqi dəyərlərə önəm verən qadınsan, insansan, ya da bunlardan uzaq olan biri ola bilərsən. Səhnəyə gələndə heç kimin əxlaqını əlindən almırlar, nə də heç kim səhnəyə çıxanda mənəviyyatını itirmir”.

Elçin Hüseynovun bu açıqlaması hələ deyəsən çox müzakirə olunacaq. Müğənniyə haqq qazandıranlar da tapılacaq, onu qınayanlar da olacaq. Necə deyərlər, hələ bu xəmir çox su aparacaq.

Sənətdə olanlar, əxlaqınızdan muğayat olun ki, səhnəyə çıxanda barənizdə yanlış fikir formalaşmasın. Çünki kənardakılar deyil, elə həmkar dostlarınız, bir gün səhnədə olduğunuz üçün sizi ailəsindən, süfrəsindən, doğmalarından uzaq tutmağa çalışacaq. Sanki siz bu cəmiyyətin bir dəhşətli "virus”u olaraq sənətdəki dostlarınızın da yaxınlarına "yoluxa” bilərsiz.

Tahirə Məmmədqızı