"Eybəcər tikililərlə bağlı nəsə etmək artıq mümkün deyil. Bu qədər binanı nə edəcəklər, sökəcəklər?! Bu, mümkün olan iş deyil. Hansısa binanın, qanunsuz tikilinin arxasında dayanan məmurlar da var"
Eldar Əzizov başladı, amma çox gecdir
Yaşayış binalarının önü, arxası, sağı-solu kafe-restoranlarla doludur
"Eybəcər tikililərlə bağlı nəsə etmək artıq mümkün deyil. Bu qədər binanı nə edəcəklər, sökəcəklər?! Bu, mümkün olan iş deyil. Hansısa binanın, qanunsuz tikilinin arxasında dayanan məmurlar da var"
"Eybəcər tikililərlə bağlı nəsə etmək artıq mümkün deyil. Bu qədər binanı nə edəcəklər, sökəcəklər?! Bu, mümkün olan iş deyil. Hansısa binanın, qanunsuz tikilinin arxasında dayanan məmurlar da var"
Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfini zəbt etməsi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı.
Məlumatlarda qeyd edilirdi ki, restoran yolun hər iki tərəfinə masalar yerləşdirərək ərazini, tamamilə, zəbt ediblər.
Şikayətçilər bildirirdilər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet"dən alıblar" şəklində cavab verib.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov məsələyə dərhal reaksiya verib. İcra başçısı sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə özü şəxsən gedib, özbaşınalığın şahidi olub və sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib.
Bu barədə məlumatı BŞİH-nin rəsmisi İsrafil Kərimov təsdiq edib.
Qeyd edək ki, oxşar mənzərəyə şəhərin bir çox hissəsində rast gəlmək mümkündü. Metronun «Elmlər Akademiyası» stansiyasından Bakı Dövlət Universiteti istiqamətində küçənin sağ tərəfi mağazalar, satış nöqtələri, kafe-restoranlarla doludur. Çoxu da səkinin piyadalar üçün nəzərdə tutulan hissəsinə oturacaqlar yerləşdirib, zəbt ediblər. BDU-nun tam qarışsında fəaliyyət göstərən «dönərxana» da onsuz da ensiz olan səkini oturacaqlarla zəbt edib. Bunlara da əncam çəkilməlidir.
Bu cür naqisliklər bir deyil, iki deyil. Şəhər başdan-ayağa «bozbaş» - dönər iyi verir.
Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən il keiçrilmiş iclaslarından birində toxunulan çoxsaylı məsələlərdən biri də tikinti sektoru ilə bağlı idi. Cənab Prezidentin inşaat sektorundan danışarkən «narahatlıq doğuran sahələrdən biri» ifadəsini işlətməsi, əlbəttə ki, təsadüfi ola bilməzdi. Ölkə başçısı narahatlığın nədən ibarət olduğunu çox gözəl izah etmişdi. Bildirmişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır».
Şəhərdəki qanunsuz tikililər və səkilərin zəbt olunması ilə bağlı fikrini «Şərq»ə bildirən ekspert İlqar Hüseynli qeyd etdi ki, bu məsələlər mütləq həllini tapmalıdır:
- Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovdan kök salmış bəzi problemlərin həlli gözlənilir. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi boyunca vaxtilə necə gəldi, harada gəldi binalar tikilib. Adını çəkdiyimiz küçə boyunca bütün beşmərtəbəli binaların önü, arxası, sağı-solu – dörd bir yanı əlavə tikililərlə doludur. Bu binalara nə gün işığı düşür, nə hava axını daxil ola bilir. Binaların kəsişməsində, eləcə də binaların qarşısında, məhz səkinin zəbt olunması hesabına marketlər, kafelər, hansısa iaşə obyektləri tikilib və fəaliyyət göstərir. Harda bir boşluq – hava axını üçün kiçik bir imkan vardısa, orada bir tikili «ucalır». Müasir hündürmərtəbəli binaları beşmərtəbələrin tam qarşısında ucaldırlar. Arxadakı binalara nə işıq düşür, nə hava daxil olur. Bakının mərkəzi hissəsində məhz yeni tikililər sayəsində hərəkət etmək qeyri-mümkün hala gəlib. Tarixi tikililər bu hündürmərtəbəli binaların fonunda görünməz olub. Ölkə başçısı da bunları görür və narahatlığını bildirir. Həm də qanunu pozanların ciddi cəzalandırılacağını vurğulayır. Bundan sonra necə olacaq? Yenə də icra hakimiyyətləri ilə bələdiyyələr günahı biri-birinin üzərinəmi atacaq?
Məsələ burasındadır ki, Bakının Baş Planı ilə uzun illər müzakirələr aparıldı, amma o Plan hələ də ictimaiyyətə açıqlanmayıb. İctimaiyyət bilmir ki, Bakının Baş Planında nə var. Bizi gələcəkdə nələr gözləyir. Baxın. Bakı bəlkə də dünyada amfitear quruluşuna malik yeganə şəhərlərdəndir. Bakıya Xəzər dənizindən həm gilavar, həm də xəzri küləklərinin əsdiyi nəzərə alınaraq şəhər amfiteatr formasında tikilib. Çünki yalnız bu quruluşla şəhərə hava axınının sərbəst daxil olmasını və şəhərin bütün istiqamətlərində, bütün məhəllələrində havanın sərbəst paylaşmasını təmin etmək olardı.
Ancaq son illərdə paytaxt sakinləri hava çatışmazlığından daim şikayətçidir. Yayda isə daha da dəhşətli vəziyyət yaranır. Şəhər sanki «od tutub yanır».
Çünki şəhərdə hava axını yoxdu. Havanın qarşısı hündürmərtəbəli, biri-birinin önündə tikilmiş binalarla kəsilib. Bakıda sovet vaxtından əvvəl də, sovet dönəmində də şəhərin amfiteatr quruluşu dəyişdirilmədi. Binalar, evlər üzü yuxarı - kiçikdən böyüyə qaydası ilə tikildi. Birmərtəbəli evin qarşısında deyil, arxasında ikimərtəbəli tikildi, beləcə, yuxarıya doğru mərtəbələrin sayı artdı. Daha indiki kimi, evlər, binaların başı üzərində ucaldılan hündürmərtəbəli binaların kölgəsində qalmadılar. Biz Bakını xilas etmək üçün artıq kifayət qədər gecikmişik. Dəniz sahilində hündürmərtəbəli binaların tikilməsi doğru deyildi, kökündən yanlış idi.
Amma tikildi. Əsas günahkar da Bakı şəhər İcra Hakimiyyəti idi. Şəhərdəki bütün tikililər də vaxtilə BŞİH-nin sərəncamı, icazəsi ilə tikilib. Şəhərdə aparılan tikintilər Baş Plana uyğun olsaydı, bu gün biz belə acınacaqlı vəziyyətlə qarşılaşmazdıq. Şəhərdə bir metr də boş ərazi qoymadılar. Hamısını sahibkarlara satdılar, onlar da nə istədilər tikdilər.
Səkilər marketlər, kafe-restoranlar tərəfindən zəbt edildi, insanların rahat hərəkəti üçün heç bir imkan qalmadı. Şəhərdə hətta səki ilə hərəkət etmək də təhlükəlidir. Çünki istənilən vaxt avtomobil insanı əzə bilər. Şəhər infrastrukturunun necə bərbad hala düşdüyünü görmək üçün küçəyə çıxıb qısaca gəzinti aparmaq yetərlidir. Təsəvvür etmək belə çətindir ki, səki ilə hərəkət edirsən və birdən qarşına kafe, restoran, yaxud market çıxır və sən mütləq yolun hərəkət hissəsinə keçməyə məcbur qalırsan.
İ.Hüseynli artıq tikilmiş hazır binalarla bağlı nəsə bir iş görməyin mümkün olmadığını dedi:
- Qanunsuz, eybəcər tikililərlə bağlı nəsə etmək artıq mümkün deyil. Bu qədər binanı nə edəcəklər, sökəcəklər?! Bu, mümkün olan iş deyil. Hansısa binanın, qanunsuz tikilinin arxasında dayanan məmurlar da var. Açıq deyirəm ki, burada Mənzil Tikinti Kooperativləri, yerli icra hakimiyyətləri və bəzi məmurlar arasındakı sövdələşmələr də əsas rol oynayır.
Bir misal da çəkim. Hazırda «Qanlı göl»ün qurudulması və ərazidə yaşayış binalarının tikintisi layihəsi icra olunur. Bu layihə ekoloji cəhətdən düzgün deyil. Daha sonra, «Xruşşovka»ların söküləcəyi və müasir binalar tikiləcəyi bildirilir. Heç olmasa, bu layihəni doğru-düzgün və Bakının relyefinə uyğun icra etsinlər. Bu cür pilot layihələrin icrasına nəzarət güclənməlidir. Bakının inkişafında çox səhvlərə yol verilib. «Sahil» metrostansiyasının üzərində nəhəng ağırlıqlı yaşayış binası tikilib. «Azadlıq» metrostansiyasının üzərində də görün, nə boyda tikili var. Kim təminat verir ki, sabah o stansiyalar ağırlıq altında çökməyəcək?! Bakı həm də seysmik zonada yerləşir. Bakı üçün ən əlverişli layihə İstanbul evləri idi. Təəssüf ki, bu layihədə yalnız bir-iki ərazidə binalar tikildi.
ABŞ-ın paytaxtı Vaşinqtonda Konqres binasından hündür binanın tikilməsinə icazə verilmir. Bununla ABŞ hökuməti dövlət atributuna və Amerika xalqına hörmətini izhar edir. Bizsə Bakının bütün tarixi və memarlıq incisi binalarını kölgədə qoymuşuq.
Məlahət Rzayeva