Adil Qeybulla: “14 yaşa çatmamış yeniyetmələrə dərman satışının qadağasını düzgün hesab etmirəm”
Əsas reseptdir, bu resept əsasında dərman preparatı verilməlidir
Ölkəmizdə 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışı qadağan edilir. Bu, parlamentin iclasında "Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna yeni - 13.3-1 bəndi əlavə edilir. Bəndə əsasən 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağandır.
Millət vəkili Elmira Axundova isə yeni dəyişikliyə etiraz edib: "Başa düşürəm, elə dərman vasitələri var ki, onu reseptsiz olaraq heç kimə, eləcə də 14 yaşa çatmamış yeniyetmələrə satmaq təhlükəlidir. Lakin bütün dərman vasitələrinin 14 yaşa çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsi, məncə, düzgün deyil. Elə ailələr var ki, natamam və çox kiçikdirlər. Məsələn, ana oğlu və ya qızı ilə tək yaşayır. Bu zaman ana və ya ata hansısa xəstəliyə tutularsa, onun dərman almaq üçün göndərəcəyi başqa şəxs olmayacaq. Nəzərə almaq lazımdır ki, dərmanın operativ şəkildə alınmasından xəstənin həyatı asılıdır. Ona görə də təklif edərdim ki, dərman vasitələrini resept və ya reseptdə adı qeyd olunan şəxsin şəxsiyyət vəsiqəsini təqdim edən yeniyetmələrə həmin dərmanların satışına icazə verilsin”.
Qanuna əlavə olunan yeni bəndlə bağlı fikirlərini "Şərq”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla isə düşünür ki, həkim resepti olduqdan sonra dərman preparatını 14 yaşlı yeniyetmə də ala bilər, 70 yaşlı adam da. Bunun heç bir fərqi yoxdur. Professorun sözlərinə görə, yeniyetmənin hansısa dərmanı evdə tapıb istifadə etməsi də mümkündür:
"Ona görə də, 14 yaşa çatmamış yeniyetmələrə dərman satışının qadağasını düzgün hesab etmirəm. Çünki təcrübə göstərir ki, bu cür qərarlar məsələnin həllinə xidmət etmir. Əslində dərman vasitələri həkim resepti olmadan aptek şəbəkəsinə buraxılmamalıdır. Təəssüflər olsun ki, bizdə istənilən dərmanı girib aptekdən almaq mümkündür.
Psixotrop dərmanlar xüsusi resept əsasında satılır. Yəni, bir müəssisənin və ya həkimin möhürü olan resept əsasında satılır və qeydiyyata alınır. Ona görə də 14 yaşlı uşağın resepti ala bilməməsi, hesab edirəm ki, məsələnin həllinə xidmət etmir. Məsələn, Almaniya, İngiltərə və s. ölkələrdə yalnız aptekdən kənarda, yəni marketlərdə parasetamol və qeyri-steroid analgetiklər - ağrıkəsicilər satılır. Qalan dərmanların hər biri yalnız apteklərdə satılır və xüsusi reseptlə buraxılır.
Mən İngiltərədə bir neçə dərman almaq istədim, amma bu, heç cür mümkün olmadı. Dedilər ki, dərmanı almaq üçün Britaniya resepti olmalıdır. Qayda-qanun budur. Bizdə isə kimsə xəstəyə deyir ki, "gedin bir antibiotik alın vurdurun və ya filan mazı sürtdük, xəstəlik keçdi getdi, siz də gedin ondan alın”. Bütün bu hallar yolverilməzdir. Dərman vasitələri resept əsasında buraxılır və lazımlı adama gedir. Bəli, elə ailələr ola bilər ki, ana övladı ilə tək yaşasın və uşağını dərman almağa göndərsin. Amma əsas reseptdir, bu resept əsasında dərman preparatı verilməlidir.
Düşünürəm ki, dərmanlar və əczaçılıq haqqında qanun layihəsi mükəmməl olmalıdır. Bu mükəmməllik dərmanların istehsalından tutmuş, satışını və digər nüansları əks etdirməlidir”.
Yeganə Bayramova