“Elm haqqında” qanunda problemlərin çoxu həllini tapıb”

Fazil Mustafa: “İcrasında hansısa qanun pozuntularına yol verilməzsə, kifayət qədər effektiv bir sənəd olacaq”



Milli Məclis nəhayət ki, "Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Uzun sürən müzakirələrdən sonra qanun layihəsi konseptual olaraq birinci oxunuşdan keçib. Digər həmkarları kimi "Elm haqqında” qanun layihəsinin yaxın gələcəkdə qəbul olunacağına ümid edən millət vəkili Fazil Mustafa da qanun layihəsinin müzakirəyə çıxarılmasını yüksək qiymətləndirib:

- "Elm haqqında” qanun layihəsinə elm sahəsində mövcud olan problemlərin həll olunması, çatışmazlıqların aradan qaldırılması istiqamətində xeyli əziyyət çəkilib. Bu əziyyətləri yüksək dəyərləndirir, qanun layihəsinin qəbulunu isə müsbət qəbul edirəm. Qanun layihəsi qəbul olunduqdan sonra qarşıya qoyduğu məsələlərin həllinə nə dərəcədə nail olacağı isə hələlik sual altındadır. "Təhsil haqqında” qanun və digər qanunların icra mexanizmində müəyyən problem olduğunu gördük. "Elm haqqında” qanunun maddi əsaslarının nə dərəcədə möhkəm olacağını, icra mexanizminin özünü necə doğruldacağını indidən demək çox tezdir.

- Elm sahəsində mövcud olan problemlər "Elm haqqında” qanun layihəsində tam əksini tapıb, yoxsa çatışmazlıqlar var?

- Qanun layihəsi ilə tanışam. Hesab edirəm ki, elm sahəsində mövcud olan və həll edilməsi zəruri olan problemlərin əksəriyyəti "Elm haqqında” qanun layihəsində öz əksini tapıb. Çox cilalanmış qanundur. İcrasında hansısa qanun pozuntularına yol verilməzsə, kifayət qədər effektiv bir sənəd olacaq. Amma nədənsə, hələ ki, qanunun icra mexanizmini geniş səviyyədə təsəvvür edə bilmirəm.

- Gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsinə ehtiyac varmı?

- Əlbəttə, bu məsələ uzun müddətdir cəmiyyəti narahat edən bir problemdir. Odur ki, elmi sahədə fəaliyyətini davam etdirmək arzusunda olan gənclərə magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi insanların marağına uyğun olduğu üçün bu müddəaya normal yanaşılmalı və təqdir olunmalıdır.

- Layihədə mübahisə doğuran məsələlərdən biri "alim” anlayışı ilə bağlıdır. Məlumunuzdur ki, Azərbaycanda yalnız elmi adları olan şəxslər alim hesab olunur. Amma bəzi həmkarlarınız hesab edir ki, elmlə məşğul olan, kifayət qədər ciddi əsərləri olan, amma nə fəlsəfə, nə də elmlər
doktorluğunu müdafiə edən adamların alim sayılmaması doğru deyil. Ona görə də "alim” anlayışının "elmi işçi” ilə əvəzlənməsi daha məqsədəuyğundur. Siz necə düşünürsünüz?

- Hesab edirəm ki, elm sahəsində fəaliyyət göstərən insanların elmi dərəcələrə uyğun olaraq alim adlandırılması daha münasibdir. Əks təqdirdə, hərə özünə görə bir alim olardı. Əgər elmi adlarla bağlı standartlar nəzərə alınmasa, bu istiqamətdə kifayət qədər problemlər yaşana bilər. Odur ki, "Elm haqqında” qanunun müddəalarında "alim” terminin işlədilməsində mübahisə doğuracaq bir şey görmürəm.

- Yeri gəlmişkən, elmi adların özü də cəmiyyətdə kifayət qədər müzakirələrə səbəb olub. Elmlər doktoru və fəlsəfə doktoru dərəcələrinin dünya təcrübəsinə uyğun gəlib-gəlməməsi ilə bağlı fikirlər haçalanır. Alimlər arasında bu adların yığışdırılmasını təklif edənlər var. Bəs siz?

- Mən də düşünürəm ki, hər sahə üzrə elmi adlar ayrıca müəyyənləşdirilməlidir. Yəni, fəlsəfə üzrə elmlər doktoru dərəcəsini hər sahə üzrə müdafiə edən alim vermək doğru deyil. Amma "Elm haqqında” qanunda bu standartlar qəbul olunubsa, elmi adların necə verilməsi bir şey ifadə etmir. Əsas odur ki, Milli Məclisdə müzakirə edilən və 1-ci oxunuşdan keçən "Elm haqqında” qanun layihəsi yaxın zamanda qəbul edilsin və müvafiq olaraq elm sahəsindəki problemlər aradan qaldırılsın.

Şəymən