“Elmlər doktoru və fəlsəfə doktoru kimi biabırçı adları yığışdırmaq lazımdır”

Hamlet İsaxanlı: “Elm haqqında” qanun da eynən təhsil haqqında qanun kimi bizə yeni heç nə vəd etmir”



"Xəzər” Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı  digər alimlərimizdən fərqli olaraq "Elm haqqında” qanun layihəsini heç də əhəmiyyətli sənəd kimi görmür: "Elm haqqında” qanunun qəbulundan heç bir gözləntilərim yoxdur. Əslində bu qanunu ciddi bir sənəd kimi görmürəm də. "Təhsil haqqında” qanunun qəbulu da bu düşüncəmdə haqlı olduğumu göstərir. Qəbul olunan qanun bu günü və ən yaxın gələcəyi nəzərdə tutmalı, həmin sahə ilə bağlı həyata keçiriləcək ciddi islahatların başlanğıcı olmalıdır.

Amma "Təhsil haqqında” qanun qəbulunda biz bunun şahidi olmadıq. "Təhsil haqqında” qanunla il yarım bundan əvvəl Azərbaycanda qəbul olunan "Təhsildə İnkişaf Strategiyası” adlı sənədlə yerlə göy arasında fərq var. Həmin Strategiya qeyri-adi dərəcədə əhəmiyyətli sənəddir. Oradakı qərarlar "Təhsil haqqında” qanunun xeyli maddələrinə də ziddir. Çünki təhsil qanunu mühafizəkarlığımızı, yəni təhsilimizdə olan mövcud məsələlərini özündə ehtiva edir. Təhsil strategiyası isə gələcəyə baxış konsepsiyasıdır. Bu günə qədər təhsil sistemimizdə olmayan məsələlər öz əksini tapıb. Mövcud problemlər göstərilib və onların aradan qaldırılması üçün də atılacaq 5 əsas istiqamət göstərilib. Qanun isə bizə yeni heç nə vermədi, əksinə, köhnələri daha da bərkitdi. "Elm haqqında” qanun da eynən "Təhsil haqqında” qanun kimi bizə yeni heç nə vəd etmir. Sözün açığı, Azərbaycanda elm sahəsi bərbad vəziyyətdədir. Təhsildən, iqtisadiyyatdan, siyasətdən, hətta kənd təsərrüfatından belə aşağı səviyyədədir. Bir sözlə, Azərbaycandakı geniş fəaliyyət sahələri içərisində ən acınacaqlı durum elm sahəsindədir. Məşhur jurnallarda çap olunan elmi məqalələrin sayına görə, Azərbaycan elmi Afrika ölkələrindən belə geri qalır. Fikir verin, mən Amerika və ya Avropanın hansısa bir ölkəsi ilə müqayisədə geri qaldığımızı yox, məhz Afrika və ərəb ölkələrindən geri qaldığımızı iddia edirəm. Bu müqayisənin özü belə Azərbaycan elminin hansı səviyyədə olduğunun təzahürüdür. Bu geriliyi aradan qaldırmaq üçün də qəbulu gözlənilən "Elm haqqında” qanun layihəsi bu sahədə həyata keçiriləcək çox ciddi islahatların başlanğıcı olmalı idi və bu qanunun qəbuluna qədər artıq bu istiqamətdə müəyyən addımlar atılmalı idi. Amma biz indiyə qədər bütün bunların şahidi olmadıq. Necə ki, bir müddət sovet dövründə elmlə məşğul olduq və sonradan xeyli geri düşdük. İndi də elmimiz həmin sistemlə idarə olunur. Bu isə o deməkdir ki, sovet dövründə belə bizi irəliyə aparmayan bir sistemdən 21-ci əsrdə effekt gözləməyə dəyməz”.

- Sizcə, qanun layihəsində gənc alimlərin stimullaşdırılması, onların statuslarının və maliyyə məsələlərinin həlli istiqamətində öz əksini tapan müddəalar effekt verəcəkmi?

- "Elmimiz qocalır, gəncləri elmə cəlb etmək üçün real addımlar atılmalıdır” kimi söyləntilər, sadəcə fikirlərdir. Ortada real addım yoxdur. Müzakirələr zamanı eşidirəm ki, riyaziyyat, fizika, kimya sahələri üzrə elm bizə lazım deyil, tətbiqlər lazımdır. Bu nə yanaşmadır? Bu cür gülünc təkliflərin səslənməsi elmimiz üçün bir ləkədir. Təbii ki, elmdə tətbiq mühümdür, amma fundament olmalıdır. Riyaziyyat elmi inkişaf etməsə, riyaziyyatın tətbiqindən danışmaq mümkündürmü? Hesab edirəm ki, qeyri-peşəkar, səthi fikirlər səsləndirməklə elmi daha da uçuruma yuvarlamaq olmaz. "Elm haqqında” qanun layihəsini tamamlamazdan əvvəl aidiyyəti komissiya bir-bir elm müəssisələrinə, universitetlərə baş çəkib, müzakirələr keçirməli, peşəkar elm adamlarının fikirlərini, təkliflərini öyrənməli idilər. Yazılı şəkildə təkliflərin professorlara göndərilməsinin nə əhəmiyyəti var? Layihəni dəyərləndirən alimlər belə öz təkliflərini yazmağı lazım bilmirlər. Çünki sonda heç bir işə yaramayacağına əmindirlər. Elmimiz qocalıb deyə həyəcan siqnalı çalırlar. Amma elmin inkişafı üçün zəruri olan addımları atmırlar. İndiki dərəcə sistemləri fonunda elmdə gəncləşmə siyasətini necə həyata keçirəcəklər, bilmirəm. Dünyanın heç bir ölkəsində bir alim iki dənə elmi dərəcə ilə təltif olunmur. Elmlər doktoru və fəlsəfə doktoru kimi biabırçı bir adları yığışdırmaq lazımdır. Azərbaycandan başqa heç bir ölkədə kimya üzrə fəlsəfə doktoru olmur. Bu artıq elmdə geriliyin birinci əlamətidir. Ola bilsin ki, bu qanunun qəbulu cəmiyyətdə cüzi bir dəyişikliklərlə nəticələnsin. Amma bu, inkişaf demək deyil. Azərbaycan elmi faktiki olaraq "ölü” vəziyyətdədir. Onu diriltmək üçün də kompleks addımlar həyata keçirilməlidir.

- Deməli, Azərbaycan elmindəki mövcud problemləri aradan qaldırmaq üçün alimlərin statusunu və maaşını artırmaq kifayət deyil?

- "Elm haqqında” qanun layihəsinin gətirdiyi əsas yeniliklərdən biri gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi ola bilər ki, bu da elmin gəncləşməsinə töhfə verməyəcək. Düzdür, bu qərarla elm arxasınca gələn gənclərin sayında bir az artım müşahidə oluna bilər. Amma onların da məqsədi sırf elmlə məşğul olmaq olmayacaq. Gənclər əsgərliyə getməmək üçün magistratura və doktorantura oxumağa üstünlük verəcəklər.

Şəymən Aşırlı