Elnarənin ölümünün baiskarı məhkəməyə məcburi gətiriləcək

“Bir onu bilirəm ki, Fərəculla İdrisov bütün istintaqlardan yaxa qurtarmağı bacarır”



Fevralın 17-də Nəsimi Rayon Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı növbəti proses keçirilib. Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov mətbuata açıqlamasında bildirib ki, məhkəmə Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən Fərəculla İdrisovu məcburi şəkildə üzləşməyə gətirəcək.

Prosesin mart ayının 3-nə təxirə salındığını vurğulayan S.Vəkilovun sözlərinə görə, ötən məhkəmə iclasında təqsirləndirilən Fərəculla İdrisovun dindirilməsi zamanı açıqlamaları proses iştirakçılarının hamısının diqqətini cəlb edib. O, ifadəsi zamanı özünü təkzib edən, bir-birini tutmayan şahid ifadələri verib.

Məhkəmə iştirakçıları və hakim o qərara gəlib ki, Fərəculla İdrisovun ittiham aktında verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr eyniyyət təşkil etmədiyi üçün zərərçəkən Anar Niftəliyev Fərəculla İdrisovla məhkəmədə üzləşsinlər.

Məhkəmə prosesinin gedişi ilə bağlı "Şərq”ə danışan E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev açıqlamasında bildirib ki, məhkəmə zamanı bu cür ziddiyyətli ifadələr, bir-birini təkzibetmələr çox olub. Həmkarımızın sözlərinə görə, İdrisov məsuliyyətdən yayınmaq üçün bütün vasitələrdən istifadə edir: "Bilirsiz ki, Fərəculla İdrisov bu əməliyyatın təhlükəsiz keçəcəyinə məni əmin edən şəxsdir. O adam mənim etibarımdan sui-istifadə edərək, yüksək səviyyəli klinika danışdığını və əməliyyat üçün klinikaya 1000 manat pul köçürülməsinin vacibliyini bildirmişdi. Ancaq sonradan məlum oldu ki, bu klinika heç də yüksək səviyyəli deyil, üstəlik, belə əməliyyatlar üçün ona Səhiyyə Nazirliyindən lisenziya verilməyib, həmçinin klinikaya cəmi 100 manat pul köçürülüb. Bu faktı klinikanın baş həkimi Abbas Bağırov açıqlayandan sonra mən ona qarşı dələduzluq maddəsi ilə cinayət işinin açılması üçün müraciət etdim. Bakı Şəhər Prokurorluğunda istintaqdan onun işi ayrıldı və dələduzluğa cəhd maddəsi ilə işin araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərildi. Təəssüf ki, Nəsimi polisi bütün tərəflərin izahatını almadan, tez-tələsik işi xətm etdi. Biz həmin xətmdən Nəsimi Prokurorluğuna şikayət vermişik”.

Həmkarımızın sözlərinə görə, hazırda məhkəmədə bircə dəfə iştirak edən F.İdrisov istintaqla uyuşmayan və ordakı sözləri ilə üst-üstə düşməyən ifadə verdiyi üçün Nəsimi Rayon Məhkəməsində anestezioloq Firuz İbrahimovun cinayət işi ilə bağlı aparılan prosesdə hakim onun Anar Niftəliyevin iştirakı ilə dindirilməsini təmin edib: "Lakin F.İdrisov məhkəməyə gəlmədi. Ümumiyyətlə, bu adam məhkəməyə qarşı dəfələrlə hörmətsizlik edib, məhkəmə çağırışlarına "gəlmirəm, siz kimsiniz ki, məni çağırırsınız” və s. kimi sözlər deyib. Bu danışıqlardan biri məhkəmə başlamazdan öncə hakim köməkçisinin ona telefon açması zamanı hamının iştirakı ilə baş verdi.

Ona görə də onun məhkəməyə məcburi gəlişi barədə hakim bizim vəsatətimizi təmin edib. Nə nəticə hasil olacaq? Doğrusu, indidən deyə bilmərəm. Bir onu bilirəm ki, tamahına görə bu ölümün baiskarı olan F.İdrisov bütün istintaqlardan yaxa qurtarmağı bacarır, hətta mənim aldığım məlumata görə, o, "pulumu verib, işi bağlayıram, ancaq bu pulların hesabını ondan - yəni məndən - çıxacam” deyə təhdidlər də göndərir. Təəssüf ki, qanunvericilikdəki boşluqdan F.İdrisov və onu bu cinayətdən qurtarmağa meyilli olanlar məharətlə istifadə edirlər. Mən isə sona qədər gedəcəm. Azərbaycanın qanunları onun cəzalanmasına imkan verməsə, onda Allah özü onu cəzalandıracaq - buna şübhəm yoxdur.

Təhdidlərlə bağlı məhkəməyə müraciətə gəldikdə isə A.Niftəliyev təhdid məsələsini ona ötən gün - məhkəmədə, vəkillərinin çatdırdığını deyib: "Onu mütləq növbəti məhkəmədə hakimin nəzərinə çatdıracağam. İnsan nə qədər həyasız olmalıdır ki, mənəvi əzab çəkmək əvəzinə, belə simasızcasına hərəkətlər etsin. O, bu qədər simasızdır. Bu, həm də mənim günahımdır - 10 il adamı tanımamışam və dostluq etmişəm”.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.

Şəymən