Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib. O, çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb. Qardaş ölkə lideri bəyan edib ki, BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma halını alıb:
"Dünya "5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.
Türkiyə prezidenti dediklərinə zülmə məruz qalan Fələstini daima müdafiə edəcəklərini əlavə edib: "Fələstinlilərə tətbiq olunan zülmə səs çıxarmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır.
Bütün dünya üz çevirsə də, məzlum fələstinlilərin yanında olmağa, ilk qibləmiz Qüdsün tarixi və hüquqi statusuna sahib çıxmağa davam edəcəyik”.
Türkiyə liderinin iradını şərh edən analtik Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında R.T. Ərdoğanın məlum çıxışının yerində və doğru olduğunu vurğulayıb.Onun sözlərinə görə, BMT-in fəaliyyəti heç də mükəmməl deyil:
"Dünyada baş verən proseslər, xüsusən də Şərq ölkələrində yaşanan olaylar xoşagəlməzdir. İraq və Suriyanın ABŞ tərəfindən işğalı, Fələstin məsələsi və digər bunu kimi hadisələr onu göstərir ki, BMT ABŞ-ın əlində oyuncağa çevrilib. Özünün cəza aparatından istifadə edən Vaşinqton çox vaxt BMT-in Təhlükəsizlik Şurasının qərarlarına əməl etmir. Bunun dəfələlərlə şahidi olmuşuq.
Bundan başqa BMT-in Azərbaycan haqqında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar dörd qətnaməsi var. Həmin qətnamələrdə işğalçı Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında qeyd-şətsiz çıxması və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilir. Lakin verilən qərara hələ də əməl olunmur. Türkiyə prezidentinin fikirləri çox doğrudur.
Hazırda çağdaş dünyada ikinci belə bir beynəlxalq qurum olmadığı üçün BMT-in bu cür fəaliyyətinə məhkumuq. Faktiki olaraq hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir.
BMT-də Rusiya və ABŞ-ın maraqlarını əks etdirən addımlar atır və olan hadisələrə, ədalətsizliklərə göz yumur. Bu kimi məqamlara görə, BMT-ə ehtiyac qalmır. Hazırda ikinci belə bir qurumun yaradılması da mümkün deyil. Nə Rusiyanın, nə Çinin, nə də ki, ABŞ-ın çətiri altına daxil olmaq mümkün deyil. Mövcud reallıq bundan ibarətdir”.
Kənan Eynuroğlu