Ərdoğanı sosial media qurtardı

Ələsgər Məmmədli: “Hazırda sosial media türk əsgərlərinin şallaqlanmasına dair paylaşımlar edir və bu məsələdə Ərdoğanın qabağına keçir”
Osman Gündüz: “Qiyamçılar internetin və sosial medianın gücünü nəzərə almayıblar”


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Türkiyədəki hərbi çevrilişə cəhdin önlənməsində sosial medianın və mətbuatın oynadığı roldan danışıb. O, "Şərq”ə söyləyib ki, sosial medianın bir platforma olduğunu qəbul etməyənlər həmişə problem yaşayır:

"Bir müddət öncə, Ərdoğan hökuməti sistemli şəkildə medianın məxsusi olaraq sosial medianın rolunun məhdudlaşdırılmasına yönəlik təşəbbüslər göstərdi. Tvitter və feysbuka çıxışı bağladı. Amma ortada bir reallıq var. Həqiqət odur ki, platformalar günahkar ola bilməz. İnsanlar, xüsusilə siyasətçilər yürütdükləri siyasətlərinə diqqət yetirməlidirlər. Yol verdikləri xətalarına baxmalıdırlar. Ona görə ki, sosial media bir aynadır. Aynada kim necədir, elə də görünür. Əməlləriniz, fəaliyyətiniz doğrudursa, ayna sizi doğru göstərəcək. Yox əgər xidmətinizdə əyriliyiniz varsa, aynada əyri görünəcəksiniz. Türkiyə hadisələrində sosial media platforma rolunu oynadı. Türkiyədə iki dəfə 1960 və 1980-ci illərdə hərbi qiyam yaşanıb. Həmin qiyamlarda xalq çevrilişi dəstəkləyirdi. Amma bu dəfə xalq çevrilişi dəstəkləmədi. Bu işdə sosial medianın rolu çox oldu”.

Ekspertin qənaətincə, hazırda sosial media türk əsgərlərinin şallaqlanmasına dair paylaşımlar edir və bu məsələdə Ərdoğanın qabağına keçir: "Ərdoğan səhv etdiyi zaman sosial media onun önünü kəsir. İki gün öncə Ərdoğanın qarşısındakılar yanlışa yol verdiyi üçün sosial media Prezidentin xeyrinə işlədi. Ona görə də düşünürəm ki, sosial medianın azadlığını məhdulaşdırmaq "ego”dan və yanlış idarəetmədən irəli gəlir. Bir daha təkrar edirəm, sosial media bir aynadır. Sən doğru ol, doğru göstərsin. Əyrisənsə, səni elə əyri göstərəcək”.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də düşünür ki, Türkiyədə çevriliş etmək istəyənlər bir çox nüansları, xüsusilə də xırda bir detalı da unudublarmış: "Qiyamçılar internetin və sosial medianın gücünü nəzərə almayıblar. Efirdə - TV-də qiyamçılar xalqdan dəstək istəyirdi, Ərdoğan isə skaypla döşəyirdi. Feysbuk, tvitter də xalqın səfərbər olmasına hədsiz köməklik göstərirdi. Fikrimcə, Ərdoğanın skaypdakı çağırışı, sosial mediadakı proseslər xalqın toparlanmasına, beynəlxalq ictimai dəstəyin əldə olunmasına, bütövlükdə qanuni hökumətin mövqeyinin güclənməsinə ciddi təsir etdi. Əvvəllər, Türkiyədə sosial mediaya bir sıra qadağalar qoyulduğundan bəzi sosial media qurumlarının (YouTube, Google, Facebook və s.) rəhbərlərinin Türkiyə hökuməti ilə problemləri vardı. Çevrilişin yatırılmasına müasir texnologiyalar, sosial media şəxsən Ərdoğana, türk hökumətinə müəyyən dərəcədə kömək göstərdi. Ümid etmək olar ki, bundan sonra hökumət sosial medianın inkişafına daha ciddi dəstək verəcək”.

Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov da bildirib ki, Türkiyədə hərbi çevrilişə cəhd medianın sayəsində baş tutmadı: "Azərbaycan mətbuatı da daima Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayıb. Türkiyədə hərbi çevrilişə cəhd zamanı Azərbaycan hakimiyyəti, Azərbaycan xalqı Türkiyə dövlətini, demokratiyanı dəstəkləyib”.

Ayyət Əhməd