“Ermənistan adlı meydançada hesab 1:0 Qərbin xeyrinədir”
Ermənistan prezidenti Serj Sarkisyanın rəqibləri geri çəkilir. Deputat mandatından istefa verən müxalifət lideri Qaqik Sarukyan "Çiçəklənən Ermənistan” Partiyasının növbəti qurultayında sədrlikdən də istefa verəcəyini deyib. Ermənistanda böyüklüyünə görə ikinci siyasi güc sayılan bir partiyanın gözlənilmədən geri addım atması ölkə cəmiyyətində birmənalı qarşılanmayıb.
Məsələni şərh edən ekspertlərin fikrincə, ölkə müxalifətinə Sarkisyanı rahat buraxmaları üçün ciddi təzyiqlər edilib. Onların sözlərinə görə, indiki erməni hakimiyyətini himayə edən Rusiya Ermənistandakı daxili çaxnaşmaya əl qoyub. Ermənistan müxalifətinin dağıldığını deyən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu baş verənlərin həm gözlənilməz, həm də gözlənilən olduğunu bildirib: "Cəmi bir neçə həftə öncə Sarkisyana ultimatum verərək, onun hakimiyyətdən getməsini tələb edən, "soyqırımın” yüzilliyinə yeni prezident və yeni parlamentlə!” şüarı altında hücuma keçən müxalifətin qəflətən və belə sürətlə iflasa uğramasını hətta təsəvvür etmək belə çətin idi. Eyni zamanda gözlənilən idi, çünki bu müxalifətin arxasında Rusiya dayanırdı. Aydındır ki, Rusiya daha çox erməni müxalifətindən Serj Sarkisyana təzyiq vasitəsi kimi istifadə edirdi. Lakin bu da bəllidir ki, Rusiya siyasətində öz müttəfiqlərinə birdəfəlik istifadə prinsipi daim dominantlıq təşkil edib. Bunu biz də yaxşı bilirik, əyani misal üçün uzaq tarixə getməyə də ehtiyac yoxdur. Yekə-yekə adamların toplaşdığı "Milyarderlər İttifaqı” adlı qurumun necə ucuz satılmasını xatırlamaq kifayət edər”.
Politoloqun sözlərinə görə, birləşmiş erməni müxalifəti rus qardaşları tərəfindən "rasxoda” verildi. Bura isə həm "Dodi Qaqo” kimi tanınan Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan” Partiyası daxil idi, həm də Qaqonun pulunun sayəsində onlara birləşən Ter-Petrosyanın liderlik etdiyi "Erməni Ümummilli Hərəkatı”. Sonuncuların vəziyyəti daha ağrılıdır. Çünki "kabab iyinə” gəlirdilər, nəticədə isə dağlama məsələsi oldu. Rusiyanın bircə günün içində oyuncaq erməni müxalifətini xərcləməsindən aydın olan budur ki, ya Sarkisyanla bütün spektr üzrə anlaşma əldə olundu, ya da erməni müxalifəti artıq "əl altından” Qərbə satılıb. Birinci bir o qədər inandırıcı görünməsə də, ikinci heç də istisna olunmur. Çünki siyasətdən xəbərsiz olan Qaqonun son dövrlər rusiyapərəst mövqedən "balanslı” müstəviyə keçməsi müşahidə olunurdu. Daha doğrusu, onu bu yola partiyada son dövrlər nüfuzu durmadan artan keçmiş xarici işlər naziri, ABŞ vətəndaşı Vardan Oskanyan məharətlə sövq edirdi. Bu cür balanslı "yanaşmanın” sayəsində "Dodi Qaqo” hətta bəzi nüfuzlu Avropa təşkilatlarında da hörmət-izzətlə qarşılanıb”.
Ə.Oruclu Rusiyanın belə şeyləri bağışlamayacağını deyir: "Maraqlısı budur ki, Qaqo böyük siyasətdən getməsini bəyan edən kimi erməni parlamentinin 5 deputatı və öz missiyasını uğurla başa vurmuş keçmiş xarici işlər naziri Vardan Oskanyan da partiyadan istefa verdilər. Bununla da pərdələr endirildi. Kukla Teatrında 1-ci pərdə sona çatdı. 2-ci pərdənin isə daha maraqlı olacağını gözləmək olar. Çünki kimlərinsə aləti olmağa vərdiş eləmiş müxalifətin özünə yeni "ip tərpədən” tapacağı istisna deyil. Bu mənada professional kuklaya çevrilmiş erməni müxalifətinin ipinin sabah qərbin əlində ola biləcəyinə isə təəccüblənmək lazım deyil, çünki siyasətdə kuklalara ehtiyac daimidir, bəlkə də əbədidir. Hələlik isə Ermənistan adlı meydançada hesab 1:0 Qərbin xeyrinədir və rəqib komandaya özünün bircə oyunçusunu yerləşdirməklə, o, oyundan qalib çıxdı”.
İsmayıl