Bu nifrətin üzərinə növbəti dəfə hakimiyyəti inşa etmək mümkün deyil
Həbslərin artması, sui-qəsdlərin çoxalması ciddi təhlükələrdən xəbər verir”
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın müdaxilələrinə rəğmən, hakimiyyəti tam şəkildə ələ almağa, "Qarabağ klanı”nı mühüm postlardan, o cümlədən parlamentdən uzaqlaşdırmağa çalışır. Məhz elə bu məqsədlə də bir müddətdir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsində israrlı mövqe sərgiləyir. Heç şübhəsiz ki, Paşinyan nəyin bahasına olursa-olsun parlamentdə çoxluğa sahib olmağı və bununla da iqtidarını möhkəmləndirməyi planlaşdırır. Lakin Rusiyanın buna seyrci qalmayacağını nəzərə alsaq, o zaman dekabrda baş tutması planlaşdırılan seçkilərin olduqca gərgin ab-havada keçəcəyini qəti əminliklə demək mümkündür.
Əslində, elə indidən bunun əlamətləri özünü açıq şəkildə büruzə verməkdədir. Bəzi siyasi şərhçilərin qənaətincə, gizli fəaliyyətə keçən Qarabağ klanı Paşinyanı devirmək, yenidən hakimiyyəti ələ almaq üçün çevriliş planı hazırlaya bilər. Qarabağ klanını yenidən dirçəldən amil isə Paşinyanın reytinqinin aşağı düşməsi, xalqa verdiyi vədləri yerinə yetirə bilməməsidir. Rusiyalı ekspert və publisist Dmitri Verxoturov da Qarabağ klanının Ermənistanda yenidən hakimiyyətə gələ biləcəyini iddia edib. Onun sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: "Qarabağ klanı” hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”.
Qarabağ klanının yenidən hakimiyyətə qayıtması ehtimalını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Ermənistan cəmiyyəti Qarabağ klanından çox çəkib. Düşmən ölkə məhz həmin qüvvənin sayəsində Rusiyanın əyalətinə çevrilib:
"Köçəryan və Sərkisyan cütlüyü və onların rəhbərlik etdiyi siyasi komanda erməniləri aşağılayıblar. Ermənistanda inqilab ona görə mümkün oldu ki, artıq erməni əhalisi quyunun dibində idi, ondan o tərəfə yer qalmamışdı. Bu baxımdan Qərb dairələri üçün düşmən ölkədə inqilab hazırlamaq heç də çətin olmadı. Belə olan təqdirdə ciddi ictimai dəstəyi olmayan hər hansı bir siyasi şəbəkəni yenidən hakimiyyətə gətirmək olduqca mürəkkəb və perspektivsizdir. Hətta baş versə belə, ən azından başqa ad altında həyata keçirməlidirlər ki, məlum qüvvə bir müddət tab gətirə bilsin. Paşinyan erməni xalqına vədlər verib və bu vədlər kontekstində kresloya yiyələnib. Əlbəttə, indiki məqamda Ermənistanda iqtisadi islahatlardan söhbət belə gedə bilməz. Çünki Paşinyan hökumətinin maliyyə rezervi olduqca aşağıdır. Paşinyan Qərb ölkələrindən iqtisadi yardım ala bilmək üçün növbədənkənar parlament seçkisinin keçirilməsini istəyir. Baş nazir anlayır ki, parlamenti buraxmasa, növbədənkənar seçki mümkün olmayacaq. Yəni Paşinyanın başı üzərində "demokl qılıncı” var. Ancaq reallıq odur ki, bu gün Paşinyanın vəziyyəti nə qədər ağırdırsa, Qarabağ klanının durumu da o qədər mürəkkəbdir. Qarabağ klanının ictimai dəstəyi sıfırdır”.
Analitik bildirib ki, hakimiyyətə gəlmək təkcə xarici faktorlara əsaslanmır. Ciddi daxili amillər, sosial baza da mühüm rol oynayır:
"Erməni xalqı Qarabağ klanına pataloji nifrət bəsləyir. Bu nifrətin üzərinə növbəti dəfə hakimiyyəti inşa etmək mümkün deyil. Qarabağ klanının iki çıxış yolu var. Birinci yol zor tətbiq etməklə, siyasi qətllər törətməklə, Rusiyanın dəstəyi ilə hərbi çevriliş etməklə yenidən hakimiyyətə gəlməkdir. Bu da Ermənistanın gələcəyi üçün böyük bir təhlükə vəd edir. İkinci yol isə Paşinyanla siyasi alverə gedərək razılaşma əldə etməkdir. Son zamanlar Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası ilə Çarukyan və digər müxalif qurum rəhbərləri arasında məxfi görüşlər keçirilir. Düşünürəm ki, görüşlərdə ciddi bazarlıq predmeti var. Düşmən ölkədə qeyri-müəyyənlik hökm sürdüyü üçün aylar öncədən düzgün proqnoz vermək çətindir. Həbslərin artması, sui-qəsdlərin çoxalması ciddi təhlükələrdən xəbər verir”.
İsmayıl